Türkiyənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır

 

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən mayın 23-də keçirilməsi nəzərdə tutulan qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində beynəlxalq hüquq normalarına məhəl qoyulmadan və dünya ictimaiyyətinin qərarları və ümidlərinin əksinə olaraq mayın 23-də qondarma "parlament seçkiləri" keçiriləcəyi məlum olmuşdur. Dağlıq Qarabağda hüquqazidd olan mövcud vəziyyəti təkbaşına leqallaşdırma səylərinin bir parçası kimi görünən bu üzdəniraq "seçkilər", eyni zamanda beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin və ATƏT-in prinsiplərinin açıq-aşkar pozulması deməkdir.

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında bir əngəl olaraq bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlığa şərait yaradacaq atmosferin formalaşmasına mane olur.

Bu problemin sülh yolu ilə nizama salınması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensiv şəkildə davam etdiyi bir mərhələdə işğal altında olan Dağlıq Qarabağ bölgəsində "parlament seçkiləri"nin təşkil olunması danışıqlar prosesinə mənfi təsir edəcəkdir.

Bütün bunlar nəzərə alınmaqla, Türkiyə Azərbaycanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə yeni bir təcavüz mənasına gələn separatçı rejimin bu hüquqazidd addımını qətiyyətlə pisləyir və bildirir ki, qanunsuz saydığı "parlament seçkiləri"nin beynəlxalq hüququn norma və prinsipləri baxımından hər hansı bir qüvvəsi olmayacaq nəticələrini da tanımayacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 21 may.- S.  1.