V.Kalin: "Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı məsuliyyətini aydın dərk edir"

 

BMT rəsmisi bunu Nazirlər Kabinetində görüşdə demişdir

 

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ilə görüşmüşdür.

Baş nazirin müavini Valter Kalinin ölkəmizə 2007-ci ildəki səfərini, səfərin yekunlarına dair BMT-nin İnsan Hüquqları Şurasına hesabat təqdim etdiyini xatırlatmışdır. Qeyd etmişdir ki, həmin hesabatda problemlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər obyektiv qiymətləndirilmişdi. Eyni zamanda, sənəddə doqquz tövsiyə var idi. Bunlar BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası, münaqişə həll olunana qədər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, regionlarda onlar üçün salınan qəsəbələrin cəbhə xəttinə yaxın olmaması, yeni qəsəbələrdə kənd təsərrüfatı istiqamətli fəaliyyətin mümkünlüyü, təhsil və səhiyyə məsələləri, paytaxtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların təmir olunması, bu kateqoriyadan olanların ölkə daxilində miqrasiyasının beynəlxalq normalara uyğunlaşdırılması, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı idi.

Əli Həsənov məlumat vermişdir ki, hələ V.Kalin ölkəmizdə olan vaxt "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı" icra edilirdi, o cümlədən qəsəbələr salınırdı. İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə demişdi: "Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir". Dövlət başçısı vədini bir il qabaq yerinə yetirdi: 2007-ci il sentyabın 27-də sonuncu çadır düşərgəsi ləğv edildi.

Ə.Həsənov 2001-2009-cu illərdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işləri sadalamışdır. Xatırlatmışdır ki, Azərbaycan Prezidenti 2009-cu ilin sentyabrında "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", 2010-cu ilin fevralında "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamlar imzalamışdır.

Baş nazirin müavini daha sonra demişdir ki, məcburi köçkünlərin ölkə daxilində miqrasiyasına məhdudiyyət qoyulmur. Bununla bərabər, Azərbaycan hökuməti onların sıx məskunlaşmasının tərəfdarıdır, çünki bu, geriyə qayıdış prosesini asanlaşdıracaqdır. Salınmış qəsəbələrlə cəbhə xətti arasında digər yaşayış məntəqələri vardır. Məcburi köçkünlərin kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaları üçün şərait yaradılmışdır, onların təhsili və sağlamlığının mühafizəsi diqqət mərkəzindədir, Bakı şəhərində məskunlaşdıqları yataqxanalar təmir olunur. Azərbaycan hökuməti həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin özləri üçün bir nömrəli hesab etdikləri qaçqın-köçkün probleminin həllinə vəsait əsirgəmir. Azərbaycan rəhbərliyi əsas problemə həssas münasibət göstərir.

İndiyədək qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, o cümlədən 64 qəsəbənin salınmasına 2,9 milyard ABŞ dolları xərclənmişdir. Bunun 2,1 milyardı Azərbaycan hökumətinin payına düşür. Beynəlxalq humanitar təşkilatların fəaliyyəti üçün ölkəmizdə çox əlverişli şərait yaradılmışdır. Ümumiyyətlə, ilk tövsiyədən başqa, digərlərinin hamısına dönmədən əməl olunur. Adıçəkilən qətnamələrin kağız üzərində qalmasının səbəbi isə Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması, beynəlxalq ictimaiyyətin rəyinə saymazyana münasibətidir.

Baş nazirin müavini "Böyük qayıdış" proqramı, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin əlaqələndirilməsi sahəsində Azərbaycanın təcrübəsi barədə də ətraflı məlumat vermişdir.

Valter Kalin yenidən ölkəmizdə olmasından məmnunluğunu ifadə etmiş, Azərbaycan hökumətinin məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü böyük işləri yüksək qiymətləndirmişdir. O vurğulamışdır ki, Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı məsuliyyətini aydın dərk edir.

V.Kalin müvafiq qanunvericilik sahəsində görülmüş işləri bəyəndiyini, hökumətin beynəlxalq qurumlarla səmərəli əlaqələndirmə işinin, ümumiyyətlə, qaçqın-köçkün problemi ilə bağlı beynəlxalq əməkdaşlığın təşkilindən razılığını bildirmişdir.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Arun Sala Nqarm iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 may.- S.  3.