İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır

 

Mayın 20-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İKT XİNŞ) 37-ci sessiyasının yekun iclasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) fəaliyyəti haqqında qətnamə qəbul edilmişdir. Qətnamədə xüsusi bəndlə İKT üzv dövlətləri, həmçinin İKT-yə bağlı beynəlxalq institutlar "Xocalıya ədalət" kampaniyasının fəaliyyətində aktiv iştiraka və faciənin həm beynəlxalq, həm də milli səviyyədə insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına çağırılmışdır.

Bu haqda Düşənbədə İKT XİNŞ sessiyasına qatılan forumun nümayəndə heyətinin rəhbəri, İKGF baş katibi Elşad İskəndərov bildirmişdir. Sənəddə Forumun fəaliyyətinə və xüsusilə İSESKO ilə birgə aparılan "İKT ölkələrində XX əsrdə törədilmiş humanitar faciələr" proqramının həyata keçirilməsinə yüksək qiymət verilmişdir. Qətnamə, həmçinin üzv dövlətləri İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin düzgün və obyektiv məlumatlandırılması məqsədini daşıyan "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasına dəstək verməyə çağırır.

E.İskəndərov sənədi şərh edərkən bildirmişdir ki, bu, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan İKT-yə üzv 57 dövlətin xarici siyasət idarələri rəhbərlərinin hadisənin miqyasının təyin edilməsi baxımından insanlığa qarşı törədilmiş cinayət ifadəsini istifadə edərək, Xocalı faciəsinin xarakteri haqqında birmənalı olaraq mövqe bildirdikləri ilk qətnamədir. Qeyd olunan ifadə həm siyasi, həm də beynəlxalq-hüquqi tərkibə malikdir, beynəlxalq humanitar hüququn bir çox ciddi pozuntularını, o cümlədən genosid cinayətini əhatə edir.

İKGF-nin baş katibi qeyd etmişdir ki, sənədin konsensusla qəbul edilməsi, həmçinin buna qədər üzv ölkələrin XİN ekspertləri tərəfindən təsdiq edilməsi İKT-nin Xocalı faciəsinin həqiqi xarakteri haqqında əminliyinin güclənməsinin göstəricisidir. Bu sənəd Xocalı faciəsinə cari ilin yanvar ayında İKT Parlamentlər İttifaqı (İKT Pİ) tərəfindən verilən qiyməti təkrarlayır və ümumilikdə Xocalıdakı qətliamın İKT-yə üzv dövlətlərin parlamentləri tərəfindən insanlığa qarşı törədilmiş cinayət kimi tanınması, eləcə də tanınma haqda məsələnin beynəlxalq səviyyəyə qaldırılması üçün ciddi siyasi-hüquqi zəmin hazırlayır. 57 üzv dövlətin belə mövqeyinin formalaşmasında Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası böyük rol oynamışdır. Qətnamədə kampaniyanın fəaliyyətinə yüksək qiymət verilmiş və üzv dövlətlər onun həyata keçirilməsində aktiv iştirak etməyə çağırılmışdır.

Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasına 2009-cu ildə beynəlxalq səviyyədə start verilmişdir. Hazırda kampaniyanın fəaliyyəti 35-dən artıq İKT və həmçinin Avropa və Latın Amerikası ölkələrini əhatə edir.

 

 

Azərbaycan.- 2010.- 21 may.- S.  4.