Qazaxıstan enerji sahəsində Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlıdır

 

Qazaxıstan Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlıdır.

Bunu ölkəmizdə səfərdə olan Qazaxıstanın Mangistau əyalətinin qubernatoru Krımbek Kuşırbayev mayın 20-də Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə həmsədri, sənaye və energetika naziri Natiq Əliyev ilə görüşündə bildirmişdir.

Qonaq sahilyanı ərazilərin istismarında, bu ərazilərdə infrastrukturun yaradılmasında, müxtəlif neft-qaz layihələrinin həyata keçirilməsində Azərbaycanın zəngin təcrübəsindən yararlanmaq niyyətində olduqlarını söyləmişdir. Gələcəkdə Qazaxıstan enerji resurslarını Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxarmaqda maraqlıdır.

Ölkəsi ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq çərçivəsində qurulduğunu deyən K.Kuşırbayev ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın olduğunu söyləmişdir. Ümumiyyətlə, ölkələrimiz arasında əlaqələrin potensialı ikitərəfli ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir və biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik.

Sənaye və energetika naziri Natiq Əliyev qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında neft-qaz, maşınqayırma, kənd təsərrüfatı və digər sahələrdə sıx əməkdaşlığın qurulduğunu xatırlatmışdır. Bu əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır. Son illər dünyanı bürümüş iqtisadi böhran şəraitində də Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarət əlaqələri durmadan inkişaf etmişdir.

N.Əliyev Qazaxıstanın enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycanın hər cür kömək göstərməyə hazırlığını diqqətə çatdırmışdır. Avqustun sonları - sentyabrın əvvəllərində Aktauda azərbaycanlı sahibkarların iştirakı ilə keçirilməsi nəzərdə tutulan biznes forumun ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcəyinə əminlik ifadə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 may.- S.  4.