BMT Təhlükəsizlik
Şurasının Dağlıq
Qarabağ münaqişəsinə
dair qətnamələri
müharibə nəticəsində
qaçqın düşmüş
şəxslərin birmənalı
şəkildə öz
doğma yerlərinə
qayıtmasını tələb
edir
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 20-də nazir E.Məmmədyarov ölkəmizdə səfərdə olan BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ilə görüşmüşdür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti haqqında qonağa məlumat verən nazir E.Məmmədyarov Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyünü vurğulamış, bu insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə danışmışdır.
E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının və etnik təmizlənməyə məruz qalmış insanların öz doğma torpaqlarına geri qayıtmasının zəruriliyini vurğulamış, nizamlanma prosesinin cari vəziyyəti barədə V.Kalinə məlumat vermişdir.
V.Kalin BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin birmənalı şəkildə müharibə nəticəsində qaçqın düşmüş şəxslərin öz doğma yerlərinə qayıtmasını tələb etdiyini, bu xüsusda həmin qətnamələrin yerinə yetirilməsinin zəruriliyini bildirmiş və problemin həll olunması üçün aparılan danışıqların mühüm əhəmiyyət daşıdığını demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 21 may.- S.
4.