Moskvada Cənubi Qafqaz ölkələrinin
sosial-iqtisadi inkişafına
həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir
Moskvada, "Prezident otel"də "Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransı MDU-nun tarix fakültəsi, "Vestnik Kavkaza" informasiya-analitik agentliyi, Rusiya Dövlət Humanitar Universiteti (RDHU), "Alternativa" aktual araşdırmalar mərkəzi (Qazaxıstan) və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi təşkil etmişdir.
RDHU-nun rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar tədbiri açaraq bu cür görüşlərin əhəmiyyətini, Rusiya, Azərbaycan və digər postsovet ölkələrinin tədqiqat mərkəzləri və politoloji dairələri arasında birbaşa və səmərəli əlaqələrin vacibliyini vurğulamışdır. O, Cənubi Qafqazın inkişaf perspektivlərinə həsr edilmiş konfransı region xalqları arasında dostluğa daha bir töhfə kimi qiymətləndirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik çıxışında Rusiya ilə Azərbaycan arasında müasir dövrdə qarşılıqlı münasibətlərin, dövlət başçılarının qarşılıqlı siyasi anlaşmasının və onların şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bu münasibətlərin strateji xarakterli olduğunu və bütün sahələrdə inkişaf etdiyini bildirmişdir.
P.Bülbüloğlu Dağlıq Qarabağ probleminə də toxunaraq qeyd etmişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qalır - Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarıdır, lakin onun səbrinin həddi vardır. O demişdir: "Bizim cəmiyyət bu məsələnin həll olunmasını tələb edir. Cənubi Qafqazın ən güclü ölkəsinin öz torpaqlarının işğal edilməsi ilə sadəcə barışa biləcəyini düşünmək sadəlövhlük olardı. Buna görə də Azərbaycan xalqının və rəhbərliyinin səbrini müsbət qiymətləndirmək lazımdır. Bu gün regionun digər ölkələri ilə müqayisədə qat-qat artıq imkanlara malik olduğumuza baxmayaraq, biz yenə də təmas nöqtələri tapmağa çalışırıq, Madrid prinsiplərini qəbul edirik, qarşı tərəf isə buna cavab verməmişdir". Səfir bir faktı da müsbət qiymətləndirmişdir ki, son vaxtlar rusiyalı ekspertlər tərəflərin hər birinin mövqeyini başa düşməyə çalışaraq bu məsələyə daha obyektiv yanaşmağa başlamışlar.
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək demişdir ki, bu konfrans və gündəlikdə nəzərdən keçirilən məsələlər çox aktualdır. Problemləri müzakirə etmək üçün Azərbaycan, Rusiya və Qazaxıstan politoloqlarının bir yerə toplaşması son dərəcə vacibdir. O xüsusi qeyd etmişdir ki, Azərbaycan həmişə dialoqa hazırdır və bunun üçün mümkün olan hər şeyi edir, bu istiqamətdə müəyyən addımlar atılır. E.Aslanov demişdir: "Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Azərbaycana, Ermənistana və Dağlıq Qarabağa səfərlər etmiş, hər iki ölkənin prezidentləri tərəfindən qəbul edilmişlər. Bu gün Azərbaycanda erməni dilində yayım aparan televiziya və informasiya agentliyi fəaliyyət göstərir. Bu, açıq söhbət etmək, Azərbaycanın mövqeyini, onun həmhüdud şəhərlərində mövcud reallıqları Ermənistan cəmiyyətinə, Dağlıq Qarabağ ərazisində yaşayan və de-yure Azərbaycan vətəndaşları olan şəxslərin nəzərinə çatdırmaq üçün bir imkandır. Buna görə də biz Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafından danışanda Azərbaycanın bu gün Dağlıq Qarabağ üçün, eyni zamanda qonşu ölkələr üçün də təkcə iqtisadi rentabellik deyil, həm də siyasi baxımdan sabit layihələr təklif etməsini, regionda yaşayanların hamısına Azərbaycanın bu regionla həmhüdud şəhərlərində yaşayanlar kimi yaşaması imkanı təklif etməsini nəzərdə tuturuq". O, xüsusi vurğulamışdır ki, əgər bölgədə sülh və sabitlik bərqərar olsa, bütün regionda tammiqyaslı və qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənəcəkdir. Elnur Aslanov demişdir: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir neçə gün bundan əvvəl İstanbulda qlobal regional siyasət məsələlərinə həsr edilmiş konfransdakı çıxışında demişdir ki, əgər 10 il bundan əvvəl Türkiyədə onun əsas opponentlərinin kim olduğunu soruşsaydılar, o cavab verərdi ki, bunlar Rusiya, Suriya və Yunanıstandır. Bu gün isə həmin ölkələrin hər biri ilə viza rejimi ləğv edilmişdir, səmərəli və yüksək dərəcədə rentabelli qarşılıqlı iqtisadi münasibətlər tənzimlənir. Yaxın gələcəkdə Cənubi Qafqazda da hadisələrin oxşar inkişafını gözləyirik. Biz ümid edirik ki, sülh və sabitlik Cənubi Qafqazda cərəyan edən hadisələrin, bu gün burada təmsil olunmuş ölkələrin və xalqların əsas əlamətlərinə çevriləcəkdir. Tərəflərdən birini digərinə verə biləcəyi iqtisadi preferensiyaları nəzərə alsaq, konfransın təşkilatçılarının sosial-iqtisadi inkişaf haqqında qaldırdıqları mövzu olduqca aktualdır. Maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının inkişafı və yüksəlişi sülh və həmrəylik şəraitində yaşamaq üçün sanballı amildir. Bu, təkcə siyasi baxımdan deyil, iqtisadi cəhətdən də rentabellidir".
"Vestnik Kavkaza" informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov "Lokal münaqişələrin tənzimlənməsi şəraitində Cənubi Qafqaz regionunun sosial-iqtisadi inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, münaqişələrin mövcud olması regionda inteqrasiya prosesləri və bölgə iqtisadiyyatının inkişafı yolunda əsas maneədir. Onun sözlərinə görə, indi regionda mövcud olan və regional layihələrə, nəqliyyat kommunikasiyalarına, informasiya texnologiyalarına, rabitə, maliyyə sistemləri, kapitalın hərəkəti və başqa məsələlərə aidiyyəti olan bütün risklər, eyni zamanda, imkan pəncərələridir.
Azərbaycanlı müstəqil politoloq Rasim Musabəyov bütövlükdə regionun inkişafı üçün münaqişələrin tənzimlənməsinin vacibliyindən danışmışdır. Politoloq demişdir ki, indi Azərbaycanın əhalisi və onun iqtisadi imkanları bütün regionun potensialının üçdəiki hissəsini təşkil edir. Onun fikrincə, münaqişələr regionun inkişafına, oraya sərmayə qoyulmasına mane olur və hərbi ehtiyaclar üçün daha çox xərc çəkməyə məcbur edir, münaqişələrin tənzimlənməsi isə bir sıra qarşılıqlı faydalı layihələrin geniş vüsət almasına və iqtisadi tərəqqiyə gətirib çıxarardı.
"Alternativa" Aktual Araşdırmalar Mərkəzinin direktoru A.Çebotaryov "Xəzər regionunun sabit inkişafı Cənubi Qafqaz ölkələri üçün davamlı inkişaf amili kimi" mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfransın işində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Milli Məclisin deputatı Asim Mollazadə, rusiyalı və qazaxıstanlı tanınmış politoloqlar, habelə ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 21 may.- S.
4.