Bakıda dünyanın tanınmış alimləri elmi və texnoloji innovasiyalar sahəsində milli təcrübə və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər

 

Mayın 20-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) və AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransın işində yerli və xarici nazirliklərin, təşkilatların təmsilçiləri, elmi innovasiya sahəsi ilə məşğul olan alimlər, dövlət qulluqçuları, ekspertlər, iş adamları və digər nümayəndələr iştirak etmişlər.

Beynəlxalq tədbirin keçirildiyi AMEA Rəyasət Heyətinin binasının foyesində açılmış "İnnovasiya texnologiyaları" sərgisində yerli və xarici dövlətlərin ən son texnologiyaları, nəşrləri, stendləri təqdim edilmişdir. Sərgidə konfransın materialları, BETİM-in "İnnovasiya və informasiya" jurnalının xüsusi nömrəsi, "Azərbaycan innovasiya texnologiyaları kataloqu", müxtəlif təşkilatlar üzrə informasiya bukletləri və s. nümayiş etdirilmişdir.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı giriş sözü ilə açaraq belə bir mötəbər tədbirin Bakıda keçirilməsini müasir Azərbaycan elminin uğuru kimi qiymətləndirmişdir. Ölkəmizlə BETİM-in əməkdaşlığı məsələsinə toxunan AMEA prezidenti bildirmişdir ki, Azərbaycan Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin üzv dövlətlərinin Səlahiyyətli Nümayəndələr Komitəsinin 2008-ci ilin mayında İsgəndəriyyə şəhərində keçirilmiş 59-cu iclasında bu quruma üzv seçilmişdir. Cəmi bir il sonra isə Praqada BETİM-in üzv dövlətlərinin Səlahiyyətli Nümayəndələr Komitəsinin 60-cı iclasında qurumun 61-ci iclasının Bakıda keçirilməsi və sədrliyin Azərbaycanın bu mərkəzdəki səlahiyyətli nümayəndələrinə həvalə edilməsi barədə qərar qəbul olunmuşdur.

Konfransda Cənubi Afrika Respublikasından başlamış Vyetnama, Kubadan tutmuş Misirədək, habelə Avropa və MDB ölkələri alimlərinin təmsil olunduqlarını söyləyən M.Kərimov tədbirin mayın 21-də BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası və beynəlxalq elektron nəşriyyatların nümayəndələrinin "Dünya elektron informasiya resurslarından istifadənin təmin edilməsi" mövzusunda seminarı ilə davam etdiriləcəyini bildirmişdir. Vurğulamışdır ki, ümumilikdə konfransda dünyanın müxtəlif ölkələrindən olan 150 müəllifin 75 məruzəsi ətrafında müzakirələr aparılacaqdır.

BETİM-in direktoru Viktor Kodola tədbirin yüksək səviyyədə təşkili və dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislərin Qafqazın mirvarisi hesab olunan Bakıda əsl Şərq qonaqpərvərliyi ilə qarşılanmasına görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmiş, konfransın işini uğurla yekunlaşdıracağına əminliyini ifadə etmişdir.

Qonaq demişdir ki, BETİM özündə 22 ölkəni birləşdirən dövlətlərarası təşkilatdır və bu ölkələr arasında Azərbaycanın adı birinci yerdə dayanır. Biz konfransın vaxtını və yerini müəyyənləşdirməmişdən əvvəl onu yeni bir regionda keçirmək niyyətində idik. Budur, biz artıq 10 il bundan əvvəl Tbilisidə keçirdiyimiz tədbirdən sonra bu gün Bakıya toplaşmaqla niyyətimizə çatdığımızı deyə bilərik.

BETİM-in direktoru V.Kodola bütövlükdə 170-ə yaxın nümayəndənin, o cümlədən 30-dək ölkədən 56 nəfər tanınmış alim və mütəxəssisin qatıldığı bu mötəbər elmi məclisin işinə uğurlar arzulamışdır.

Sonra mövzu ətrafında müzakirələr başlanmışdır. Azərbaycan, Belarus, Monqolustan, Rusiya, Qazaxıstan, Polşa, Cənubi Afrika Respublikası, Çexiya, Moldova, Macarıstan, Ukrayna, İtaliya, Slovakiya, Özbəkistan və digər ölkələrin alimləri innovasiyaların informasiya təminatının metodologiya və praktikası sahəsində təcrübə mübadiləsi, elektron informasiya resurslarının inkişafı, innovasiya infrastrukturunun yaradılması və inkişafı, elm və innovasiya texnologiyalarının inkişafında beynəlxalq inteqrasiya potensialının və qloballaşmanın rolu, milli innovasiya sisteminin konsepsiyasının yaradılması və s. mövzularda məruzələrlə çıxış etmiş, müzakirələr aparmışlar.

 

 

Azərbaycan.- 2010.- 21 may.- S.  6.