Azərbaycan iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevrilir

 

Cari ilin ilk dörd ayının yekunları ölkə iqtisadiyyatında yenə də dinamik inkişafın olduğunu göstərir

 

İqtisadi sferada nümayiş etdirdiyi inkişaf tempinə görə son 6 ildə dünya miqyasında lider dövlət statusunu uğurla daşıyan Azərbaycan sözügedən sahədə əldə etdiyi nailiyyətlərin miqyasını daha da genişləndirməkdədir. Bunu şərtləndirən əsas amil isə iqtisadi inkişafa xidmət edən siyasətin düzgün müəyyən olunaraq uğurla həyata keçirilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi, məcmu istehsalın həcmini çoxaldacaq yeni sahələrin, iş yerlərinin yaradılması, qlobal maliyyə böhranının təsirlərinin vaxtında minimal həddə endirilməsi və bu qəbildən olan digər məsələlərdir. Eləcə də Azərbaycanın iqtisadi tərəfdaşı olan bir çox dövlətlərin qlobal böhranın fəsadlarını tədricən geridə qoyması nəticəsində xarici ticarət dövriyyəsinin artan xətt üzrə inkişaf etməsi ölkəmizə əlavə imkanlar qazandırmaqdadır.

 

Bütün bunlar cari il ərzində Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin yenə mühüm nailiyyətlərlə müşayiət olunacağını, ölkəmizin bu sahədə nümayiş etdirdiyi dinamikanın əvvəlki kimi yüksək rəqəmlərlə ifadə ediləcəyini deməyə əsas verir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "2010-cu il ölkə iqtisadiyyatı üçün uğurla başlamışdır. Mən ümid edirəm ki, biz bu uğurlu inkişaf dinamikasını ilin sonuna qədər saxlayacağıq. Bunu etmək üçün bütün imkanlar vardır. Sadəcə, elə etməliyik ki, nəzərdə tutulmuş bütün layihələr vaxtında və keyfiyyətlə icra edilsin. Əminəm ki, 2010-cu ilin yekunları da Azərbaycanın imkanlarını daha da genişləndirəcəkdir. Elə etməliyik ki, makroiqtisadi sabitlik qorunub saxlanılsın".

Azərbaycanın cari ilin keçən dövrü ərzində makroiqtisadi sabitliyi qorumasını və bu sahədə yenə də dinamik inkişaf tempi nümayiş etdirməsini isə ötən dörd ayın yekunları da əyani şəkildə sübuta yetirir. Belə ki, 2010-cu ilin ilk dörd ayında ölkənin iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin inkişafını, eyni zamanda sosial məsələlərin uğurla həll edildiyini göstərir.

Təbii olaraq bu da ondan xəbər verir ki, iqtisadi sferada Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edəcək, ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşları ilə aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcmi daha da artacaq ki, bu da qazanılan uğurların miqyasının əhəmiyyətli dərəcədə genişlənməsi deməkdir. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə yenə dünyada liderlər cərgəsində yer alacağını deməyə əsas verir, eləcə də iqtisadi potensialdan tam səmərəli şəkildə istifadə olunduğunu göstərir.

Cari ilin ilk dörd ayı üçün əsas makroiqtisadi göstəricilərin təhlili isə ötən ilin analoji dövrü ilə müqayisədə ölkəmizdə tərəqqi tempinin uğurlu nəticələrindən xəbər verir. Məsələn, aparılan hesablamalar göstərir ki, bu ilin ilk dörd ayında ümumi daxili məhsul istehsalının həcmi 13 milyard manat təşkil edib. Bu isə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi daxili məhsulun 68,1 faizi məhsul istehsalı, 25,5 faizi xidmət sahələrində yaradılıb, 6,4 faizi isə məhsula və idxala xalis vergilər təşkil edib. Məhsul istehsalı sahələrində əlavə dəyərin həcmi 4,7 faiz, xidmət sahələrində isə 5,4 faiz artıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı neft sektorunda 4,9 faiz, qeyri neft-qaz sektorunda isə 5 faiz artıb. Qeyd edilən fakt Azərbaycanda qeyri neft-qaz sektorunun daha sürətli inkişaf yoluna qədəm qoyduğunu, eləcə də iqtisadiyyatın diversifikasiyası siyasətinin uğurla həyata keçirildiyini, bu sahədə mühüm nəticələr əldə olunduğunu göstərir. Aparılan araşdırmalardan o da aydın olur ki, orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 3,8 faiz artaraq 1460 manata, yaxud da 1817,5 ABŞ dollarına çatıb.

Bütün bunlar əhalinin maddi gəlirlərinin səviyyəsinin də yüksək olmasına səbəb olub. Belə ki, hesabat dövrü ərzində əhalinin adambaşına gəlirləri 7,4 faiz artaraq 823,1 manata çatıb. Hesablamalar göstərir ki, ilin ilk 4 ayında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 4,8 faiz artaraq 309,8 manat təşkil edib. Sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əməkhaqqı daha yüksək olub. Sosial müavinətlər sferasında artımın qeydə alınması əhalinin maddi gəlirlərinin yüksəlməsinə xidmət edən mühüm faktorlardan sayıla bilər. Təhlillər göstərir ki, cari ilin aprel ayının 1-ni olan vəziyyətə görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 101,02 manat olub və orta aylıq əməkhaqqının 33 faizini təşkil edib. Onu da bildirək ki, 2010-cu ilin birinci rübündə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 411 milyon manat yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,4 milyon manat və ya 2,6 faiz çoxdur. Vəsaitin 400,4 milyon manatını əhaliyə ödənilən pensiya, 10,6 milyon manatını isə müavinət xərcləri təşkil edib. Əhalinin gəlirlərinin artması fonunda isə ölkəmizdə ötən ay ərzində inflyasiya göstəriciləri çox aşağı olub, bəzi məhsullar üzrə isə hətta deflyasiya qeydə alınıb. Belə ki, aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalıb. Ərzaq məhsullarının qiymətləri isə hiss olunmayacaq dərəcədə, cəmi 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə 0,3 faiz ucuzlaşıb, xidmət tarifləri isə, demək olar ki, mart ayının səviyyəsində qalıb.

Maddi gəlirlərin çoxalması fonunda diqqəti cəlb edən mühüm faktorlardan biri də əhalinin banklardakı əmanətlərinin miqdarı ilə bağlıdır. Hesablamalara görə, əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 35 faiz artaraq aprel ayının 1-nə 2,4 milyard manata çatıb. Əhalinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən digər iqtisadi subyektlərin fəallığının yüksək dərəcədə olmasını göstərən daha bir mühüm faktor isə verilən kreditlərin miqdarında əhəmiyyətli dərəcədə artım olmasıdır. Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 36,4 faiz çox və ya 8,5 milyard manat məbləğində kredit ayırıb. Verilmiş kreditlərin 73 faizi isə uzunmüddətli xarakter daşıyıb. İqtisadi fəallıqla bağlı daha bir mühüm faktor cari ildə açılan yeni iş yerləridir. Bu ilin ilk rübü ərzində Azərbaycanda 17 017 yeni, o cümlədən 12 578 daimi iş yerləri açılıb. 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin aprelin 1-i vəziyyətinə qədər olan dövr ərzində açılan iş yerlərinin sayı 90 mindən artıqdır ki, onların da əksəriyyəti daimi iş yerləridir.

Sevindirici haldır ki, yeni iş yerlərinin təxminən 75 faizi regionlarda, o cümlədən Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Abşeron, Naxçıvan, Dağlıq Şirvan və digər iqtisadi rayonlarda açılıb. Burada daha bir önəmli məqam odur ki, yeni açılmış iş yerlərinin təxminən 93 faizi özəl sektorun payına düşüb, əksəriyyəti qeyri-neft sektorunu əhatə edib. Bu, həm ölkəmizdə özəl sektorun, xüsusən də sahibkarlığın sürətli inkişafından, həm də iqtisadiyyatda qeyri-neft sektorunun xüsusi çəkisinin artmasından xəbər verir.

Azərbaycan iqtisadiyyatında öz yeri və əhəmiyyətinə görə seçilən sənaye sahəsində də ötən 4 ayda mühüm nailiyyətlər və artım müşahidə olunub. Burada təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 9,6 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Onu da xüsusi qeyd etmək lazım gəlir ki, sənayenin neft sektorunda məhsul istehsalı 5 faiz, qeyri-neft sektorunda isə 9,9 faiz artıb. Sənaye məhsulunun istehsalında əsas paya malik mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 5,1, emal bölməsində 9,9 faiz artım təşkil edib. Sonuncu bölməyə daxil olanlardan qida məhsulları istehsalı 0,3 faiz, geyim istehsalı 6,5 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması 4,5 faiz, neft məhsulları istehsalı 15 faiz, kimya sənayesi məhsulları istehsalı 3,8 dəfə, rezin və plastmas məmulatları istehsalı 23 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 40,1 faiz, hazır metal məmulatları istehsalı 5,4 faiz, elektrik avadanlıqları istehsalı 9,9 faiz, maşın və avadanlıqlar istehsalı 98 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,2 dəfə artıb. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulları istehsalında artım qeydə alınıb.

Sənaye ilə yanaşı, kənd təsərrüfatı sahəsində də ilin ilk dörd ayı ərzində mühüm nailiyyətlər əldə olunub. Bu ilin may ayının 1-nə kimi 232,2 min hektar sahədə yazlıq bitkilər, dənli və dənli paxlalı bitkilər, qarğıdalı, kartof, tərəvəz, pambıq çiyidi, bostan bitkiləri, şəkər çuğunduru, dən üçün günəbaxan və tütün əkilib. Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən süd, yumurta istehsalı da xeyli artıb. Kənd əməkçilərinin səyi nəticəsində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 11,2 faiz, heyvandarlıq məhsulları istehsalı 1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1,4 faiz çoxalıb.

Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən bu ilin yanvar-aprel ayları ərzində əsas kapitala 2,3 milyard manat, yaxud 2009-cu ilin müvafiq dövründə olduğundan 5,5 faiz çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 1,2 milyard manatı və ya 50,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 1,8 milyard manatı və ya 77,1 faizini daxili investisiyalar təşkil edib. Bu zaman xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi 37,9 faiz artıb. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 4,7 faiz artaraq 1,6 milyard manat təşkil edib.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Belə ki, cari ilin ilk dörd ayı ərzində ümumi sahəsi 413,4 min kvadratmetr yaşayış evləri, 50 çarpayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulator-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalga Plaza" İş Mərkəzi, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" Piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq Mərkəzi, avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda konserv zavodu, Reqional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-Diaqnostika Mərkəzi, şahmat məktəbi, Göytəpə su anbarı, Şərab zavodu, Salyanda Soyuducu anbar kompleksi, Göyçay və Ağdaşda Olimpiya İdman kompleksləri və digər obyektlər istifadəyə verilib.

Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 59,3 milyon ton yük və 426,9 milyon nəfər sərnişin daşınıb. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 2,4 və 3,3 faiz artım deməkdir. Rabitə müəssisələri isə əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 335,4 milyon manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 24,9 faiz çox rabitə xidməti göstərib. Bununla yanaşı, ilin əvvəlindən ölkəmizdə pərakəndə əmtəə dövriyyəsi 8,2 faiz, pullu xidmətlərin həcmi isə 10,5 faiz artıb.

Cari ilin ötən dövrü xarici ticarət dövriyyəsi baxımından da Azərbaycan üçün uğurlu hesab oluna bilər. Belə ki, 2010-cu ilin birinci rübündə xarici ölkələrlə 5 milyard 667,7 milyon ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılıb. Bu məbləğin 85,9 faizi uzaq xarici dövlətlərin, qalanı isə MDB üzvü olan ölkələrin payına düşüb. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 48,8 faiz, o cümlədən uzaq xarici ölkələrlə 47 faiz, MDB üzvü dövlətləri ilə isə 61 faiz artıb. İxracın idxalı üstələməsi nəticəsində 3 milyard 350,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Beləliklə, statistik rəqəmlər də bu ilin ilk dörd ayının Azərbaycanın iqtisadi inkişafı baxımından uğurlu olduğunu və qarşıdakı dövr ərzində bu sahədə tərəqqi tempinin qorunub saxlanacağını deməyə əsas verir. Bütün bunlar Azərbaycanın iqtisadi sahədə daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərməklə yanaşı, onun beynəlxalq miqyasda mövqelərini də durmadan gücləndirir.

 

 

Azərbaycan.- 2010.- 22 may.- S.  1.