Rusiyanın Rostov şəhərində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümü ilə əlaqədar beynəlxalq forum və
elmi konfrans keçirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar mayın 21-də Rusiyanın Rostov şəhərində beynəlxalq forum və elmi-nəzəri konfrans işə başlamışdır.
Konfrans iştirakçıları əvvəlcə Rostov Dövlət Dəmir Yolları Universitetinin böyük foyesində ulu öndər Heydər Əliyevin Rusiyadakı fəaliyyətinin müxtəlif dövrlərini və istiqamətlərini, Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən fotosərgilərlə tanış olmuş, ulu öndərin həyatından və Azərbaycandan bəhs edən filmlərə baxmışlar. Sonra konfrans işini Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini və sahələrini əks etdirən bölmə iclaslarında davam etdirmişdir. İclaslarda Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycanda və keçmiş SSRİ-də yüksək vəzifələrdə çalışarkən gördüyü işlərə dair məruzələr dinlənilmişdir.
Fasilədən sonra nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətinin qatıldığı konfransın geniş iclası keçirilmişdir.
İclasda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında müzakirələrdə rusiyalı və azərbaycanlı mütəxəssislər, o cümlədən Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov çıxış etmiş, Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini söyləmişlər.
Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziya Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevə həsr olunmuş belə bir tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.
Konfransda Rusiya Dəmir Yolları İdarəsinin sədri Vladimir Yakuninin təbriki səsləndirilmiş, Rostov Dövlət Dəmir Yolları Universitetinin rektoru, akademik Vladimir Kolesnikov Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. Akademik ulu öndərin lider və dövlət xadimi kimi fəaliyyətini çox yüksək qiymətləndirmişdir.
Konfransın sonunda Azərbaycan və Rusiya prezidentlərinə müraciət və qətnamə qəbul olunmuşdur.
Mayın 22-də forum və konfrans iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin ayrı-ayrı dövrlərdə Rostova səfərləri çərçivəsində olduğu yerlərə - mədəniyyət, elm və təhsil obyektlərinə, istehsalat müəssisələrinə baş çəkəcək, Böyük Vətən müharibəsində azərbaycanlılardan ibarət Taqanroq diviziyasının əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər.
Bununla da ulu
öndər Heydər Əliyevin xatirəsinə həsr
olunmuş beynəlxalq forum və konfrans işini başa
çatdıracaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 22 may.- S.
2.