Avropa Parlamentinin qəbul etdiyi yeni qətnamədə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olunur

 

Mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 2009/2216 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir.

Qətnamənin "Dağlıq Qarabağ münaqişəsi" bölməsində qeyd olunmuşdur ki, Avropa Parlamenti Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması istiqamətində Moskva Bəyannaməsinin ruhuna uyğun olaraq 2009-cu ildə keçirdikləri 6 görüşdə apardıqları danışıqları dəstəkləyir və tərəfləri problemin sülh yolu ilə aradan qaldırılması istiqamətində qarşıdakı danışıqlar prosesini daha da intensivləşdirməyə, konstruktiv mövqe nümayiş etdirməyə, mövcud status-kvonu aradan qaldırmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırır.

Avropa Parlamentinin bu qətnaməsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin, Madrid sənədinin əsas prinsiplərinin və 2009-cu il iyulun 10-da "Böyük səkkizliyin" İtaliyanın Laquila şəhərində keçirilmiş sammiti çərçivəsində Minsk qrupu həmsədrlərinin bəyanatlarının dəstəkləndiyi bildirilmişdir. Avropa Parlamenti beynəlxalq ictimaiyyəti sülh sazişinə mane olan məsələlərin həllinə kömək göstərməyə çağırmışdır.

Qətnamədə Dağlıq Qarabağ müharibəsi zamanı doğma yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün pozulmuş insan haqlarından ciddi narahat olduğunu bəyan edən Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etmiş və məcburi köçkünlərin doğma evlərinə qayıtması prosesi zamanı və keçid mərhələsində əhalinin təhlükəsizliyini BMT Nizamnaməsi əsasında təmin etmək üçün həmin ərazilərdə beynəlxalq qüvvələrin yerləşdirilməsinin vacibliyini vurğulamış, siyasi hakimiyyətləri və icmaların rəhbərlərini məcburi köçkünlərin geri dönməsinə hazırlıq işləri çərçivəsində etnik münasibətlərin normallaşması üçün səyləri artırmağa çağırmışdır.

Qətnamədə Ermənistandan silahlı qüvvələrini işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal çıxarması tələb edilmiş, münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanmış və Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilənədək ona müvəqqəti status verilməsi qeyd olunmuşdur. Bildirilmişdir ki, bu, bölgənin azərbaycanlı və erməni əhalisinin dinc yanaşı yaşamasına və əməkdaşlığına töhfə verəcəkdir.

Həmçinin qətnamənin "Demokratikləşmə, insan hüquqları və qanunun aliliyi sahəsində tərəqqi" bölməsində də Azərbaycanın siyasi plüralizm, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində səyləri qeyd edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin 171 məhkuma şamil edilmiş 2009-cu il 25 dekabr və 2010-cu il 17 mart tarixli əfv sərəncamları yüksək qiymətləndirilmişdir.

Qətnamənin "İqtisadi məsələlər və sosial inkişaf" bölməsində həll edilməmiş münaqişələrin regionun inkişafına mane olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi siyasi sabitlik və iqtisadi uğurlar xarici investorların ölkəyə sərmayə qoymasını şərtləndirən əsas amillər olmuşdur. Azərbaycanda özəl sektorun inkişafına göstərilən diqqət qətnamədə yüksək dəyərləndirilmişdir. Avropa Parlamenti hətta qlobal böhran şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirmiş, Ermənistan və Gürcüstanın isə ciddi itkilərə məruz qaldığını qeyd etmişdir.

Sənəddə qeyd edilir: "Cənubi Qafqaz strateji və geosiyasi baxımdan Avropa üçün olduqca önəmli regiondur. Xəzər regionunu və Mərkəzi Asiyanı Avropaya birləşdirən enerji, nəqliyyat və kommunikasiya dəhlizləri həyati əhəmiyyət daşıyır. Avropa Parlamenti Azərbaycanın və Gürcüstanın enerji təchizatının və nəqlinin şaxələndirilməsində fəal rolunu alqışlayır".

Qətnamədə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, Azərbaycanın enerji resursları Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirakı sənəddə xüsusi vurğulanmışdır.

Qətnamədə Azərbaycan ilə Rusiya arasında, xüsusilə enerji sahəsində tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilmiş, ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, alternativ enerji resurslarının inkişafı məsələsinin hökumətin prioritetləri sırasında olması alqışlanmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin rolu xüsusi qeyd olunmuşdur.

Qətnamənin sonunda Cənubi Qafqazın əhəmiyyətini nəzərə alaraq, Avropa İttifaqına region ölkələri ilə əlaqələri daha da genişləndirmək və buradakı münaqişələrin həllində daha yaxından iştirak etmək tövsiyə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 may.- S.  2.