İslam Konfransı Təşkilatına üzv
dövlətlər Ermənistanın
Azərbaycana qarşı
təcavüzünü pisləyir
və dünya ictimaiyyətini bu məsələyə diqqət
yetirməyə çağırır
Mayın 20-də İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və xarici işlər nazirləri Tacikistanın paytaxtında keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının yekunlarına dair Düşənbə Bəyannaməsini qəbul etmişlər.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Bəyannamədə islam dünyasının digər məsələləri ilə yanaşı, İKT-yə üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməsi, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasına çağırış əksini tapmışdır.
Bundan əlavə, sessiya çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində islamın mədəni və müqəddəs abidə və tikililərin dağıdılması və təhqir edilməsi" və "Azərbaycan Respublikasına iqtisadi yardım" qətnamələri qəbul olunmuşdur.
Qətnamələr Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Azərbaycan torpaqlarında islamın tarixinə aid abidələrin dağıdılmasını pisləyir, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövlətinə iqtisadi və texniki yardım edilməsini nəzərdə tutur və dünya ictimaiyyətini bu məsələlərə diqqət yetirməyə çağırır.
AzərTAc
Azərbaycan.- 2010.- 22 may.- S.
2.