BETİM-ə üzv dövlətlərin
Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci
iclasının yekun protokolu imzalanmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda birgə keçirdikləri beynəlxalq konfransın iştirakçıları mayın 21-də Milli Məclisdə olmuşlar.
Konfrans iştirakçıları Milli Məclisin iclas zalı, parlamentin yeni binası ilə tanış olmuşlar. Qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, Bakıda beynəlxalq konfransla yanaşı, BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası da keçirilmişdir. İclasda təşkilata üzv dövlətlər arasında elm, təhsil, texnoloji innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Milli Məclisdə keçirilən bu toplantıda həmin iclasın yekun protokolu imzalanacaqdır.
Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bu cür tədbirlərin əhəmiyyətindən danışmış, Azərbaycanın hərtərəfli inkişafı barədə məlumat vermişdir. O, Azərbaycan hökumətinin elmin, təhsilin inkişafına xüsusi önəm verdiyini vurğulamış, konfransın nəticələrinin üzv dövlətlər arasında əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu bildirmişdir.
BETİM-in direktoru Viktor Kodola konfransın və iclasın yüksək səviyyədə təşkilinə, nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanın təşkilat daxilindəki rolunu xüsusi qeyd etmişdir.
Sonra BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclasının yekun protokolu imzalanmışdır.
Protokolu Səlahiyyətli Nümayəndələr və onları əvəz edən şəxslər imzalamışlar.
İclasın qərarına əsasən Səlahiyyətli Nümayəndələrin 62-ci iclası gələn ilin mayında Budapeştdə keçiriləcəkdir.
Səlahiyyətli Nümayəndələr Komitəsinə sədrlik isə Azərbaycandan Macarıstana keçmişdir.
Azərbaycan.- 2010.- 22
may.- S. 2.