Bakıda BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası başa çatmışdır

 

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Beynəlxalq Elmi Texniki İntormasiya Mərkəzinin (BETİM) üzvü olan dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası keçirilmişdir.

İclasda BETİM-in üzvü olan 22 dövlətin müvafiq sturukturlarının təmsilçilərindən əlavə, mayın 20-də Bakıda keçirilmiş "Elmi texnoloji innovasiyalar: milli təcrübə beynəlxalq əməkdaşlıq" mövzusunda konfransın nümayəndələri iştirak etmişlər.

BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclasına AMEA-nın prezidenti, akademik Mahmud Kərimov sədrlik etmişdir.

İclasın əvvəlində BETİM-in direktoru Viktor Kodolanın hesabatı dinlənilmişdir. Hesabatda BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 2009-cu ildə Çexiyanın paytaxtı Praqada keçirilmiş 60-cı iclasından ötən müddətdə görülmüş işlər ətraflı təhlil olunmuşdur.

BETİM direktorunun hesabatı, həmçinin informasiya texnologiyaları, innovasiya sistemləri, milli elmi-texniki informasiya sistemlərinin inkişafı sahələrində prioritetlər üzrə informasiyalar da daxil olmaqla geniş müzakirələr aparılmışdır.

Müzakirələr başa çatdıqdan sonra BETİM-in 2009-cu ildə maliyyə-iqtisadi fəaliyyətinin nəticələri təhlil olunmuş, qurumun 2011-ci il üçün büdcəsi təsdiq edilmiş, cari il üçün planına münasibət bildirilmişdir. Tədbir iştirakçıları, həmçinin BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 62-ci iclasının 2011-ci ilin mayında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi barədə qərar qəbul etmiş, növbəti iclasın gündəliyində duran ilkin məsələləri müəyyənləşdirmişlər.

Günün ikinci yarısında iclas öz işini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində davam etdirmişdir. Burada tərəflər BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclasının protokolunu imzalamışlar.

Sonra BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclasının təntənəli bağlanış mərasimi olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 may.- S.  3.