Azərbaycan-İordaniya əlaqələri hər iki ölkəyə fayda verir

 

Müstəqil Azərbaycanın xarici siyasətdə atdığı bütün addımlar xalqımızın maraqları və dövlətimizin mənafeləri baxımından böyük əhəmiyyət kəsb edir. Bu uğurlu siyasətin tərkib hissəsi kimi müxtəlif xarici dövlətlərlə dostluq və qardaşlıq əlaqələrinin yaradılmasına, inkişaf etdirilməsinə xüsusi önəm verilir. Bunu Azərbaycanla İordaniya Krallığı arasındakı mehriban dostluq və qardaşlıq əlaqələri də təsdiq edir. Əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-İordaniya əməkdaşlığı və dostluğu ötən illər ərzində daha da genişlənmiş və möhkəmlənmişdir.

1993-cü il fevralın 13-də Azərbaycan Respublikası hökuməti ilə İordaniya Krallığı hökuməti arasında imzalanmış texniki, iqtisadi və mədəni əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu, 2006-cı ilin avqustunda Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı hökumətləri arasında ikitərəfli əməkdaşlığa dair zirvə sazişi, noyabrında isə iqtisadi və texniki əməkdaşlıq, eləcə də ticarət üzrə saziş imzalanmışdır.

2007-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərindən sonra İordaniya Krallığı ilə ölkəmiz arasında qarşılıqlı əlaqələr bütün sahələrdə, xüsusilə də iqtisadi və ticarət sahələrində daha da genişlənmişdir. Hər iki ölkənin maraqları naminə əməkdaşlıq və iqtisadi münasibətlər daha da gücləndirilmişdir. Həmin ili Azərbaycan Respublikasının hökuməti, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, habelə digər nazirlik, komitə və şirkətlər ilə İordaniyanın müvafiq qurumları arasında iş birliyinə və əməkdaşlığa dair 22-dən çox saziş, müqavilə və protokol imzalanmışdır. Azərbaycanla İordaniya arasında sıx əlaqələrin qurulması qarşılıqlı maraqları əks etdirmiş, imzalanmış sazişlər, layihələr faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaratmışdır.

Bu baxımdan bir neçə gün əvvəl - mayın 15-də İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycan-İordaniya əlaqələrinin inkişafından çox məmnun olduğunu bildirərək demişdir: "Bu əlaqələr ölkələrimiz arasında əsl qardaşlıq əlaqələridir. Əminəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin gələcək inkişafında xüsusi rol oynayacaqdır. Biz ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk".

İordaniya Kralı II Abdullah əvvəlki səfərlərində olduğu kimi, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, regionda təhlükəsizliyi təmin edəcək hər bir addımı, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü, illərlə davam edən bu münaqişənin sülh yolu ilə həlli istiqamətində məqbul hesab edilən təşəbbüsləri dəstəklədiyini bildirmişdir.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və birmənalı mövqeyinə görə İordaniya Kralına minnətdarlıq edərək bildirib ki, beynəlxalq təşkilatlar torpaqlarımızın azad edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl olunmur. İslam Konfransı Təşkilatı qətnamələr qəbul edib. ATƏT və Avropa Şurasının qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Dövlət başçısı daha sonra Azərbaycanın İordaniyaya beynəlxalq təşkilatlarda daim dəstək verdiyini vurğulayıb və bunun davam edəcəyinə əmin olduğunu bildirib.

II Abdullah nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrinin müəyyən ediləcəyini, son bir neçə ildə bir sıra perspektivli imkanların araşdırıldığını, ikitərəfli münasibətlərin gələcəyinin çox ümidverici olduğunu xüsusi qeyd edib. II Abdullah səfər çərçivəsində keçirdiyi digər görüşlərdə də Bakıda aparılan danışıqlardan məmnun qaldığını bildirib. İordaniya Kralı ölkəmizdə səfərdə olarkən Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda da olub, nazirliyin müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə tamaşa edib. Zavodun sex və sahələrində istehsal prosesi, döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş müxtəlif növ zirehli texnikanın istifadə prinsipləri ilə tanışlıq da Kral II Abdullahda böyük maraq doğurub.

Xarici İşlər Nazirliyində "Azərbaycan və İordaniya hökuməti arasında beynəlxalq əməkdaşlıq haqqında memorandum", "Azərbaycanın Gənclər və İdman Nazirliyi və İordaniya Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında saziş" və digər müqavilələr də imzalanmışdır. Beləcə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-İordaniya dostluq və qardaşlıq əlaqələri getdikcə möhkəmlənir, hər iki ölkəyə daha böyük fayda gətirir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.- 22 may.- S.  3.