Azərbaycanın müdafiə qüdrəti daha da artır

 

Ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullara beynəlxalq miqyasda böyük maraq göstərilir

 

Dinamik inkişaf tempinə görə dünya dövlətləri arasında liderlər cərgəsində yer alan Azərbaycan ordu quruculuğu, Silahlı Qüvvələrinin maddi-texniki təminatında da mühüm nailiyyətlərə nail olub. Bu gün Silahlı Qüvvələrimizin döyüş hazırlığı kifayət qədər yüksək olmaqla yanaşı, onların zəruri hərbi texniki vasitələrlə təchizatı da daim yaxşılaşır. Odur ki, Azərbaycan Cənubi Qafqazda deyil, eyni zamanda daha geniş coğrafi məkanda ən güclü Silahlı Qüvvələrdən birinə malik dövlət kimi xarakterizə olunur.

Silahlı Qüvvələrdə aparılan quruculuq işləri, xüsusən də onun texniki təchizatı sahəsində görülən məqsədyönlü tədbirlər sayəsində tələb olunan bir çox döyüş sursatı, avadanlıq növləri və digər lazımi vasitələr yerli istehsal hesabına ödənməkdədir. Qarşıdakı dövr ərzində isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da çoxalacağı gözlənir. Bu da Silahlı Qüvvələrimizin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə xüsusi diqqət yetirməsi ölkənin müharibə şəraitində olması və lazım gələcəyi təqdirdə, işğal altında olan ərazilərin güc yolu ilə azad etmək istəyindən irəli gəlir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz".

Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsulların yüksək keyfiyyətli olmasını əyani təsdiq edən əsas faktorlardan biri beynəlxalq miqyasda həmin məmulatlara göstərilən böyük maraqdır. İndi dünyanın bir çox dövlətləri ölkəmizin müdafiə sənayesinin istehsal etdiyi məhsullara böyük maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini istəyirlər.

Azərbaycanın hərbi-sənaye məhsullarına marağın böyük olması hələ ötən il Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) də özünü aydın göstərdi. Xatırladaq ki, həmin sərgidə Azərbaycanda istehsal edilmiş 27 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Avropa ölkələri arasında beynəlxalq əhəmiyyətə malik olan 10 ən iri sərgidən biri sayılan İDEF-in 2009-cu il nümayişində müxtəlif ölkələrdən 460-dan çox şirkət iştirak edib. Azərbaycanın nümayiş etdirdiyi məmulatlardan "İstiqlal" tipli iri kalibrli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və "Alov" zavodunda istehsal olunmuş optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurub. Həmin sərgidə "Şimşək" tipli avtomat tüfəng, Türkiyənin TİSAŞ şirkətinin Azərbaycanın "Telemexanika" zavodu ilə birgə istehsal etdiyi tapançalar, patron lentləri də mütəxəssislərin diqqətini cəlb edib. Onu da bildirək ki, həmin sərgi müstəqil Azərbaycan Respublikasının müdafiə sənayesi sahəsində təmsil olunduğu ilk beynəlxalq sərgi idi.

İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan "SOFEX-2010" beynəlxalq sərgisində də ölkəmiz müdafiə təyinatlı məmulatlar nümayiş etdirib və nəticələr kifayət qədər yüksək olub. Başqa sözlə, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullara beynəlxalq miqyasda maraq daha da artıb. Məlumat üçün bildirək ki, "SOFEX-2010" beynəlxalq sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 350-dən çox qabaqcıl şirkət iştirak edib. Azərbaycan 55 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. Sərgilənən məmulatlar arasında atıcı silahlar, raket-artilleriya qurğuları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları var idi. 2009-cu ildə Türkiyədə olduğu kimi, bu sərgidə də İST-14,5 "İstiqlal" tipli snayper tüfəngi və müxtəlif növ döyüş sursatları xarici ölkə nümayəndələrində xüsusi marağa səbəb olub. Məlumat üçün bildirək ki, "İstiqlal" yarımavtomatik snayper tüfəngidir. Bu silah snayper tüfənglərinin əksəriyyətindən bu özəlliyi ilə fərqlənir. Darağı 5 patron tutur və patronlar lülə qutusuna avtomatik şəkildə ötürülür. Onun dəqiqliyi də sınaqdan çıxarılıb və 2200 metr məsafədə hədəfi məhv etməyə qadirdir. Hazırda "İstiqlal" qeyd olunan məsafədə hədəfi məhv etmə qabiliyyəti olan yeganə snayper silahıdır.

Sərgi zamanı sərgiyə ev sahibliyi edən İordaniyanın və sərgidə iştirak edən Türkiyənin, eləcə də digər dövlətlərin şirkətləri arasında birgə əməkdaşlığa dair bir neçə müqavilələr və niyyət protokolları da imzalanıb. Məsələn, ABŞ şirkətlərindən biri ilə imzalanan niyyət protokoluna əsasən, sözügedən şirkət Azərbaycana 82 millimetrlik çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 millimetrlik çaplı patron, 82 millimetrlik çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı sifariş verib.

Daha bir Amerika şirkəti isə 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm çaplı patron və lüləaltı qumbaraatanlar üçün VOG-25 döyüş sursatı almaqdan ötrü Azərbaycanla niyyət protokolu imzalayıb. Sərgi zamanı yenə də Amerikaya məxsus şirkətlərdən biri 5 il ərzində Azərbaycandan 60 milyon ədəd 9x19 mm çaplı patron almaq istədiyini açıqlayıb. Xatırladaq ki, ölkəmizdə NATO standartlarına uyğun patronlar istehsal olunur və bu mənada ABŞ şirkətlərinin Azərbaycandan patron almaq istəyi təbiidir. Digər tərəfdən məhz Amerika şirkətlərinin Azərbaycandan hərbi sursat alması ölkəmizdə bu sahədə yüksək keyfiyyətli məhsulların istehsal edildiyinin bariz göstəricisi sayıla bilər.

İordaniya və Küveytin ölkəmizin "Peyk" zavodunda istehsal olunan "Çoxsaylı çap lövhələrinin" alınması ilə baglı danışıqlar apardığı da bildirilir. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi ilə İordaniyanın Kral II Abdullahın Layihə Bürosuna (KADDB) daxil olan "NP Aerospace Jordan" şirkəti arasında birgə istehsalın qurulmasına dair iki müqavilə imzalanıb. İmzalanmış birinci müqaviləyə əsasən İordaniya şirkəti ilə birlikdə Bakıda zirehli mühafizə gödəkcələri istehsal olunacaq. İkinci müqavilə isə dəbilqələrin istehsalı ilə bağlıdır. Ölkəmizdə rəsmi səfərdə olarkən İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavoduna baş çəkib. Kral nazirliyin müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə baxıb. Qonağa burada məlumat verilib ki, Azərbaycanda dünyada bənzəri olmayan snayper tüfəngi istehsal edilir. Həmçinin ali qonağın iştirakı ilə müdafiə təyinatlı məhsulların bir qisminə - iriçaplı snayper tüfənglərinə, "Zəfər" və "Zəfər K" adlı tapançalara, ikili təyinatlı minaatanlara, müxtəlif növ zirehli texnikaya baxış keçirilib. Kral zavodun sex və sahələrində istehsal prosesi, döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş müxtəlif növ zirehli texnikanın iş prinsipləri ilə də tanış olub.

Əmman şəhərində təşkil olunan sərgidə Malaziyanın iki şirkəti də Azərbaycandan NATO standartlarına uygun 9 millimetrlik tapanca güllələrinin alınması barədə niyyət protokolu imzalayıb. Slovakiya şirkətləri isə Azərbaycandan 82 millimetrlik minaatanlarla yanaşı, 60, 82 və 120 millimetrlik minaatanların döyuş komplektlərini, Livanın 2 şirkəti 5 milyon patron almaq niyyətində olduqlarını açıqlayıblar.

Diqqət cəlb edən daha bir fakt isə odur ki, Azərbaycan tərəfi Türkiyənin Makina və Kimya Sənayesi (MKE) şirkəti ilə birlikdə 10 min ədəd RPQ-7V qumbaraatanı, 120 mm-lik minaatanlar üçün 10 min ədəd döyüş sursatı, 7,62x39 mm çaplı patronlar üçün 40 milyon ədəd kapsul və bu patronlar üçün 400 tona yaxın içlik sifarişi qəbul edib.

Yeri gəlmişkən, Azərbaycan MKE şirkəti ilə birlikdə atıcı silahların istehsalı layihələrini həyata keçirməyi planlaşdırır. Bununla bağlı yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ekspert qrupu Türkiyənin MKE-nin müəssisələrində olacaq. Bu çərçivədə üç atıcı silahın istehsalı üzrə danışıqlar aparılacaq. Bundan başqa, Azərbaycanda 12,7 mm çaplı atıcı silahların istehsalını həyata keçirən müştərək müəssisənin yaradılması da gözlənir.

Ümumiyyətlə, Azərbaycan hazırda dünyanın bir çox ölkələri, onların qabaqcıl şirkətləri ilə birlikdə ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə danışıqlar aparır və artıq xeyli məsələdə razılıq əldə edilib. Məsələn, ölkədə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşma var və artıq Azərbaycanda belə maşınlar istehsal olunur. "Morador" və "Matador" adlanan bu zirehli maşınların göstəriciləri çox yüksəkdir. "Matador" maşınları texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfər tutumu olan "Matador"un yük götürmə qabiliyyəti 4500 kiloqramdır.

Bunlardan əlavə, ölkəmizin Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər sahələr üzrə dünyanın 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digərləri daxildir.

Ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernizasiya edilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm işlər görülür. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Digər tərəfdən Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən bu gün tanklar, helikopterlər, təyyarələr üçün ehtiyat hissələri istehsal edilir. Hətta təyyarə və helikopterlər üçün istehsal edilən hissələr Rusiyanın müəyyən şirkətlərinə də satılır. Sənaye kompleksinin istehsal həcminin artımına gəldikdə bu il 2009-cu illə müqayisədə istehsal 2,7 dəfə çox olacaq.

Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin istifadəyə verilməsi də planlaşdırılır. Bu da Silahlı Qüvvələrin maddi-texniki imkanlarının daha da genişlənməsi deməkdir. Daha bir mühüm sənəd ondan ibarətdir ki, ölkəmizdə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən müəssisələr Müdafiə Nazirliyi və digər hərbi qurumları istənilən sayda döyüş sursatı və silahla təmin etmək imkanına malikdir. Deyilənlər bir daha Azərbaycanın hərbi-sənaye kompleksi sahəsində həyata keçirilən tədbirlərin artıq bəhrə verdiyini və ölkəmizin müdafiə qabiliyyətinin daha da yüksəldiyini göstərir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 22 may.- S.  3.