Azərbaycan-İordaniya münasibətləri qarşılıqlı inam və etimada söykənir

 

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı tərəfdaşdır. Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev son yeddi ildə ölkəmizin dünya miqyasında mövqelərinin daha da möhkəmləndirilməsi və nüfuzlu dövlətlərlə milli maraqlarımıza uyğun əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Azərbaycanla əməkdaşlıq əlaqələrini ildən-ilə genişləndirən ölkələrdən biri də İordaniyadır.

 

Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılmışdır. 2006-cı ilin 28 mart tarixində Azərbaycanın İordaniya Krallığında, 2007-ci ilin 5 mayında isə adıçəkilən ölkənin Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır. Ötən müddət ərzində bu ölkələrin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verməklə əməkdaşlığın yeni mərhələyə qalxmasına imkan yaratmışdır.

Azərbaycan-İordaniya münasibətləri inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı maraq kəsb edən məqamlarla səciyyələndirilir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan İordaniya Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir. Daim artmaqda olan terror, separatizm və ekstremizmin yalnız suveren dövlətlərin təhlükəsizliyinə deyil, eyni zamanda bütün dünyada sülh və sabitliyə ciddi təhlükə törətməsi, beynəlxalq nizamın bərqərar olunmasında BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsi prinsipini rəhbər tutması ilə bağlı Azərbaycan və İordaniyanın eyni mövqedən çıxış etməsi bu sahədə əməkdaşlığın genişləndirilməsini şərtləndirir.

Azərbaycan və İordaniya siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə xarici işlər nazirlikləri arasında dövri məsləhətləşmələr keçirilir. Ölkələrimiz arasında əsas ikitərəfli müqavilə 2006-cı ilin 22-23 avqust tarixlərində İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi"dir. Ümumiyyətlə, səfər zamanı iqtisadi, siyasi, habelə ticarət əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan bir sıra ikitərəfli sazişlərin imzalanması münasibətlərin gələcək prioritetlərinin müəyyənləşməsi baxımından olduqca vacib əhəmiyyət kəsb etmişdir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanan ticarət və iqtisadi sahələrə dair mühüm sazişlər əməkdaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Bu sırada "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimiyyə Krallığı Hökuməti arsında ticarət Sazişi", "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i misal göstərmək olar.

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 29-30 iyul tarixlərində İordaniyaya rəsmi səfəri zamanı müxtəlif sahələri əhatə edən 15 ikitərəfli sənədin imzalanması bir daha təsdiq etdi ki, mövcud siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi hər iki dövlətin strateji maraq dairəsindədir. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir.

Dövlət və hökumət başçılarının sonrakı dövr ərzində qarşılıqlı səfərlərinin intensiv xarakter daşıması ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş və bu səfərlərin də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirmişlər. İkitərəfli münasibətlərin inkişafına xidmət edən "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Azərbaycan Respublikası və İordaniya Haşimiyyə Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" perspektiv əməkdaşlıq baxımından mühüm əhəmiyyətli sənədlər oldu.

Azərbaycan-İordaniya arasında ötən müddətdə yüksək səviyyədə keçirilən biznes forumlar iqtisadi sahədə münasibətləri genişləndirmək istiqamətində mühüm addım olmuşdur. Forumun təşkilində əsas məqsəd iqtisadi əməkdaşlığa mane olan problemləri aradan qaldırmaq, habelə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün bir sıra zəruri işləri müəyyənləşdirmək olmuşdur. Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında dinamik inkişaf edən iqtisadi əlaqələri daha da genişləndirmək üçün ciddi potensial mövcuddur.

İordaniya Kralı II Abdullahın bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Dövlət başçılarının görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatla çıxş etmişlər.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir: "Biz ikitərəfli münasibətlərə aid bir çox məsələləri əhatə etdik. Əlaqələrimiz çox yaxşıdır. Artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri vardır. Siyasi dialoqumuz çox fəal və dinamikdir. Biz mütəmadi olaraq görüşürük və dövlət liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizi daha da gücləndirir. Ümidvaram ki, biz gələn illər ərzində iqtisadi əməkdaşlığa daha çox diqqət yetirəcəyik. Çünki biz daha çox işlər görməliyik. İşgüzar dairələrimizin nümayəndələri arasında artıq ilkin təmaslar vardır. Lakin hesab edirəm ki, potensialımızdan daha geniş şəkildə istifadə etməliyik. Biz bu səfər çərçivəsində iqtisadi əməkdaşlığımızın praktiki aspektlərini, müxtəlif investisiya layihələrini müzakirə etdik və onları yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik.

Ölkələrimiz arasında möhkəm mədəni əlaqələr vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görülən işlər üzərində düşünməliyik".

Tam qətiyyətlə söyləmək olar ki, Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlər son illər yüksələn xətt üzrə inkişaf etmişdir. İordaniya Kralı II Abdullah da ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə inkişaf etdiyini qeyd etmişdir: "Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan münasibətlər hökumətlərimiz və xalqlarımız arasında olan əlaqələrdə də öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik".

2010-cu ildə Azərbaycan ilə İordaniya arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 38,5 faiz artmışdır. İki ölkə arasında son dörd ildə 30-dan artıq sazişin imzalanması dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlığın mövcud olduğunu sübuta yetirir. Ötən bu müddət ərzində Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn ilə 4 dəfə görüşmüş, Bakıda və Əmmanda ölkələrimizin iş adamlarının iştirakı ilə 3 dəfə biznes-forum keçirilmişdir. Cari il mayın 12-də Azərbaycan ilə İordaniya arasında hərbi əməkdaşlığa dair daha bir sənəd imzalanmışdır.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynamışdır. Təqdirəlayiqdir ki, iki ölkə arasında son illər mədəni, humanitar, turizm, elm və təhsil sahələrində də əlaqələr uğurla inkişaf edir. Əldə olunan nəticələr deməyə əsas verir ki, xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına xidmət edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 23 may.- S.  1.