Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının bəyanatı
Azərbaycan Respublikasının erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də qondarma "parlament seckiləri" keçirilməsi nəzərdə tutulub. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu "seçkilər" Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.
Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarını inkar edərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə "seçkilər" təşkil edir.
Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda keçirdiyi bu cür qondarma "seckiləri" tanımır.
Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.
Biz
inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi
beynəlxalq hüquq normaları əsasında ədalətli
həllini tapacaq, azərbaycanlı əhali öz doğma
torpaqlarına qayıdacaq və bölgənin iki icması
arasında dinc yaşayış təmin olunacaqdır.
Azərbaycan.- 2010.- 23 may.- S.
1.