Azərbaycan Dövlət Aqrar
Universitetinin 80 illiyi təntənə ilə qeyd edilmişdir
Ölkəmizdə kənd təsərrüfatı kadrları hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin 80 yaşı tamam olmuşdur.
Yubiley tədbirlərində iştirak etmək üçün Gəncəyə gələn respublikamızın tanınmış alimləri, ali təhsil müəssisələrinin rektorları, eləcə də 14 xarici ölkədən 34 nümayəndə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra qonaqlar universitetdə tədrisin vəziyyəti ilə yaxından tanış olmaq üçün bu yaxınlarda əsaslı təmir edilərək yenidən qurulmuş baytarlıq təbabəti və əczaçılıq fakültəsinin yerləşdiyi binaya gəlmişlər. Buradakı müasir avadanlıq, xüsusilə heyvanların cərrahiyyə otağı ilə auditoriya arasında canlı əlaqə yaradılması üçün quraşdırılmış kameralar, anatomiya və radiobiologiya laboratoriyaları, Şəmkir rayonunun "Süleyman" fermer təsərrüfatının tədris-təcrübə və tədqiqat laboratoriyası qonaqlarda xoş təəssürat oyatmışdır.
Universitetlə tanışlıqdan sonra ali təhsil ocağının akt zalında təntənəli yubiley tədbiri keçirilmişdir. Mərasimi universitetin rektoru professor Mirdamət Sadıqov açaraq qonaqları salamlamış, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dövlət təhsil siyasətinin uğurlarından danışmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin tarixini və bu gününü əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov yubiley tədbirində çıxış edərək ölkəmizdə həyata keçirilən aqrar islahatlarda universitet alimlərinin yaxından iştirakını yüksək dəyərləndirmiş və qazanılan uğurlarda onların da rolu olduğunu diqqətə çatdırmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin yubiley şənliklərində iştirak etmək üçün gəlmiş bütün qonaqlara gəncəlilər adından səmimi minnətdarlığını bildirmiş və dünya aqrar elminə əvəzsiz töhfələr vermiş Azərbaycan Dövlət Aqrar Universitetinin qazandığı nailiyyətlərdən danışmışdır.
Kənd təsərrüfatı naziri İsmət Abasov respublikamızda kənd təsərrüfatı kadrları yetişdirən yeganə ali təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş universitet əməkdaşlarına "Şöhrət" ordenini, Prezidentin fərdi təqaüdünü, "Tərəqqi" medallarını, "Əməkdar kənd təsərrüfatı işçisi" və "Əməkdar müəllim" fəxri adlarının vəsiqələrini təqdim etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Aqrar siyasət, Elm və təhsil komitələrinin sədrləri Eldar İbrahimov və Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, təhsil nazirinin müavini İradə Hüseynova, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Aqrar Universitetinin rektoru Viktor Yefimov, Azərbaycan Dövlət Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova, Gəncə Dövlət Universitetinin rektoru professor Elman Məmmədov və başqaları universitetin kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş və bundan sonrakı fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilmişdir.
Yubiley tədbirinin
iştirakçıları universitetdə
yaradılmış elektron kitabxananın və yenicə təmirdən
çıxmış "Xalq Cümhuriyyəti" muzeyinin
açılışında iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 23 may.- S.
4.