Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik B.Patonun müsbət qiymətləndirdiyi "Neft sənayesində nanotexnologiya" layihəsi Azərbaycan Respublikasinin Dövlət mükafatına təqdim olunmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 8 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi" təsdiq edilmişdir.

Akademik A.Mirzəcanzadə, akademik A.Məhərrəmov, R.Abdullayev, akademik X.Yusifzadə, professorlar E.Şahbazov, R.Qurbanov, S.Əhmədov, M.Ramazanov, Ş.Şəfiyev və E.Kazımovun müəllifliyi ilə "Neft sənayesində nanotexnologiya" layihəsi Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən elm sahəsi üzrə Dövlət mükafatına təqdim olunmuşdur.

Akademik, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki, Beynəlxalq Elmlər Assosiasiyasının prezidenti, xarici ölkələrin 20 akademiyasının üzvü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Boris Paton "Neft sənayesində nanotexnologiya" layihəsi ilə bağlı rəy vermişdir.

Rəydə bildirilir: "Azərbaycan dünya bazarına xam neft ixrac edən ən iri təchizatçılardan biridir. Neft sənayesi ölkə iqtisadiyyatının yüksəlişində başlıca yer tutur. Aydındır ki, neftin çıxarılmasının elmi əsaslarının inkişafı və hasilatın mütərəqqi iqtisadi sənaye üsullarının yaradılması mühüm dövlət əhəmiyyətinə malikdir.

Müəlliflər kollektivinin "Neft sənayesində nanotexnologiya" elmi işi olduqca aktual və vaxtında görülmüş işdir. Müəlliflər tərəfindən ilk dəfə olaraq neft sənayesində xüsusi hazırlanmış nanoməhluldan istifadə edilmişdir. Həmin məhlulun tərkibində plazmokimyəvi üsulla əldə edilmiş alüminium hissəciklərdən istifadə olunmuşdur. Müəyyən edilmişdir ki, quyulara vurulan bu tərkibli nanoməhlul neft laylarına daxil olur, karbon qazı əmələ gətirir və nəticədə həmin sahədə təzyiq yüksəlir və turşuluq artır. Hər iki mexanizmin təsiri ilə sinergetik effekt yaranır, neft və qaz hasilatının artırılması təmin olunur.

Elmi işdə, həmçinin müəyyənləşdirilmişdir ki, quyunun dinamik səviyyəsinə nail olmaqla, nanoməhlul iri qaz qovuqlarını daha kiçik hissələrə parçalayır və onlar da öz növbəsində nefti quyudan sıxışdırıb çıxarır, boruların divarlarına yapışır, sürüşkən qat və ya başqa cür desək "sürüşkən yastıq" əmələ gətirir.

Aparılmış kompleks elmi tədqiqat işləri lay sistemi ilə nanoməhlulun qarşılıqlı təsir mexanizmini müəyyənləşdirməyə imkan vermişdir. Məlumdur ki, nanoməhlul laya vurulduqda deemulsasiya prosesi başlanır, neft sudan ayrılır və məhsulun quyudan çıxarılması üçün əlverişli şərait yaranır.

Onu da qeyd etmək vacibdir ki, aparılan elmi iş nəticəsində müəlliflər sutkalıq neft hasilatının 1,5-2 dəfə artırılmasına, quyudan çıxan məhsulda suyun miqdarını 20 faiz azaltmağa, habelə enerji xərclərini 25 faiz aşağı salmağa nail olmuşlar.

Elmi işdən görünür ki, müəlliflər nanotexnologiya əsasında, həmçinin xüsusi nanomateriallar və "NANONEFT" və "NANOBİTUM" sistemləri işləyib hazırlamışlar. Nəticədə qazma işlərinin texnoloji prosesinin səmərəliliyinin yüksəldilməsinə, dünya təcrübəsində tez-tez praktikada rast gəlinən məhsuldar zonaya çatmaq zamanı texnoloji mürəkkəbləşmələrin aradan qaldırılmasına nail olunmuşdur.

Qeyd edilmişdir ki, bu qazma prosesi dünya praktikasında ilk dəfədir ki, tətbiq edilir. Müəlliflər müəyyənləşdirmişlər ki, yuxarıda adları çəkilən sistemlərdən istifadə olunması qazma prosesində hidravlik müqavimət əmsalını 14,5 faiz azaltmağa imkan verir. Nəticədə xətti sürət 13,6 faiz artır və enerji xərclərinə 34 faiz qənaət edilməsi təmin olunur.

Elmi yeniliyin mühümlüyünü və görülən işlərin praktiki əhəmiyyətini nəzərə alaraq hesab edirəm ki, müəlliflər 2010-cu il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına layiqdirlər".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 may.- S.  4.