Ermənistanın işğal
siyasətinə beynəlxalq aləmdə etiraz güclənir
Zəbt olunan Dağlıq Qarabağda
separatçı rejimin keçirdiyi "seçki"ni
dünya ictimaiyyəti qətiyyətlə pisləyir
Beynəlxalq hüquq
müstəvisində Ermənistanın
işğalçı dövlət olduğunu tam şəkildə
sübuta yetirən, bu ölkə üzərində ciddi
diplomatik qələbə qazanan Azərbaycanın
sözügedən sahə üzrə fəaliyyətini daha
da genişləndirməsi qarşı tərəfdə
böyük narahatlığa, təşvişə yol
açmaqdadır. Çünki Azərbaycanın uğurla həyata
keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın
onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə
düşməkdə, onun işğalçı ölkə,
terroru, soyqırımı tarix boyu siyasətinin əsas
elementi olaraq istifadə etdiyindən dünya daha dolğun
faktlar, sübutlar əsasında xəbərdar olur. Məsələyə
diplomatiya, beynəlxalq hüquq kontekstindən
yanaşıldıqda kifayət qədər aydın
görünür ki, Ermənistan, sözün əsl mənasında,
küncə sıxışdırılmış vəziyyətdədir
və bu dövlətin Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar dünyanı aldatmağa xidmət edən
yalançı manevrlərinə artıq yer qalmayıb.
Beynəlxalq hüququn norma və prinsiplərini kobud
şəkildə pozan "seçki"
İndi dünya birmənalı
şəkildə Ermənistanın Azərbaycan ərazilərini
işğal etməsi faktını qəbul edir, beynəlxalq
hüquq normalarına uyğun olaraq onu işğal altında
saxladığı əraziləri azad etməyə
çağırır. BMT, Avropa Şurası və digər
nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri
müvafiq qətnamələrdə, o cümlədən
münaqişənin dinc yolla çözülməsi
üçün vasitəçilik missiyasını yerinə
yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll
variantlarında Ermənistanın işğalçı
dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Lakin
dünya birliyi Ermənistanı işğalçı
dövlət qismində qəbul etməsinə baxmayaraq,
sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən
öz silahlı qüvvələrini çıxarmağa tələsmir,
burada yaratdığı separatçı rejimə hərtərəfli
dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə
hüquqi don geyindirməyə çalışır. Elə
mayın 23-də qanlı işğal nəticəsində
Dağlıq Qarabağda yaradılmış separatçı
rejimin keçirdiyi "parlament seçkisi" də bu qəbildən
olan növbəti cəhddən başqa bir şey deyil.
Ermənilər zəbt
olunmuş ərazilərdə bundan əvvəl də analoji
"seçki" şouları təşkil etmişdilər.
Lakin bunun adi "seçki tamaşası"ndan başqa bir
şey olmadığına sonda özləri də şahid
olmuşdular. Bu dəfə də vəziyyət istisnalıq təşkil
etmir. Əksinə, analoji hallar Ermənistanın
işğalçı siyasətinin ifşa edilməsinə təkan
verən məqamlardan biri kimi çıxış edir. Bunu
işğal edilmiş ərazilərdə keçirilən
qanunsuz "seçki"nin dünya miqyasında növbəti
dəfə sərt şəkildə tənqid obyektinə
çevrilməsi də təsdiq edir.
Bu məsələyə
Azərbaycan tərəfindən də kifayət qədər
sərt reaksiya verilib. Xarici İşlər Nazirliyinin bəyanatında
bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki
tanınmamış separatçı rejim azərbaycanlı əhalinin
etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən
təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyil:
"Qondarma "seçkilər" Ermənistanın
anneksiya siyasətini ört-basdır etmək məqsədilə
keçirilir və Azərbaycanın ərazilərinin davam
etməkdə olan işğalının nəticələrinin
möhkəmləndirilməsinə yönəlmişdir.
Bu kimi "seçkilər"in
keçirilməsi Azərbaycan Respublikasının
Konstitusiyasının müvafiq müddəalarını və
beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə
pozur, çünki sözügedən "seçkilər"
Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi
olmadan aparılır və beləliklə, heç bir
hüquqi qüvvəyə malik deyildir.
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində
keçirilən hər hansı seçkilər yalnız o
vaxt ədalətli və azad qiymətləndirilə bilər
ki, oradan qovulmuş azərbaycanlı əhali həmin
seçkilərin keçirilməsində bütünlüklə,
birbaşa və bərabər şəkildə bölgənin
erməni əhalisi ilə bərabər qanuni və demokratik
seçkilərdə iştirak etsinlər. Bu cür
seçkilərin keçirilməsi yalnız erməni
işğalçı qüvvələrinin işğal
olunmuş ərazilərdən çıxarılması,
bölgədə həyatın
normallaşdırılması, Dağlıq Qarabağın
erməni və azərbaycanlı icmaları arasında dialoq və
əməkdaşlığın bərpası
üçün zəruri şəraitin yaradılmasından
sonra mümkün olacaqdır".
Mərkəzi Seçki
Komissiyası tərəfindən qəbul edilmiş bəyanatda
da Ermənistanın Azərbaycan Respublikası ərazilərinin
20 faizindən çoxunu işğal etdiyi, etnik təmizləmə
apararaq bir milyondan artıq azərbaycanlı əhalinin həmin
ərazilərdən çıxarıldığı
bildirilir: "Ermənistan Azərbaycan ərazilərində
Azərbaycan Respublikası vətəndaşlarının əsas
insan hüquq və azadlıqlarını pozub
"Dağlıq Qarabağ Respublikası" deyilən
qondarma bir qurum yaradaraq orada dəfələrlə seçki
görüntüsü yaratmağa cəhd edib. Azərbaycanın
işğal altında olan torpaqlarında yeni seçki oyunu
beynəlxalq hüquq normalarına, Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
tamamilə ziddir. Bu həm də Ermənistanın siyasi
hakimiyyət dairələrinin işğalın əsl mahiyyətini
və səbəblərini artıq dərk etməkdə olan
beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini
çaşdırmaq, sülh danışıqlarına əngəl
törətmək cəhdidir".
Bəyanatda bildirilir ki,
işğal altında olan ərazilərdə seçkilər
və referendumlar yalnız həmin torpaqlar azad edildikdən, Azərbaycanın
ərazi bütövlüyü tam bərpa olunduqdan və həmin
ərazilərdə yaşamış insanlar öz daimi
yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan
Konstitusiyasına və qanunlarına əsasən keçirilə
bilər: "MSK Azərbaycan dövlətinin suverenliyinə və
ərazi bütövlüyünə qarşı yönəlmiş
belə "seçkiləri" qanunsuz hesab edir və
tanımır, beynəlxalq ictimaiyyəti də buna
çağırır".
Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev isə
işğal olunmuş ərazilərimizdə vəziyyətlə
bağlı BMT Baş Assambleyasına və Təhlükəsizlik
Şurasına məktub ünvanlayıb. Məktubda bildirilir
ki, Ermənistanın başladığı silahlı
münaqişə nəticəsində Azərbaycan ərazisinin
beşdə biri işğal olunub, təxminən hər səkkiz
adamdan biri qaçqın və ya məcburi köçkünə
çevrilib: "Bu münaqişə zamanı ən
ağır beynəlxalq cinayətlər törədilib. Ermənistan
Azərbaycanın ərazisini işğal etmək, Ermənistanın
siyasi, hərbi, iqtisadi dəstəyi sayəsində mövcud
olan etnik separatist qurum yaratmaq üçün hərbi güc
tətbiq edib. Beynəlxalq səviyyədə qəbul olunub
ki, Azərbaycanın əraziləri işğal
altındadır, müvafiq beynəlxalq hüquq normalarına əsasən
Ermənistan işğalçı dövlətdir".
O da bildirilir ki, Ermənistanın
işğalçılıq siyasəti və təcrübəsi,
həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki
qanunsuz hərəkətləri göstərir ki, Ermənistan
həmin ərazilərin anneksiyasını davam etdirmək
niyyətindədir: "Birinci dəfə deyil ki, Ermənistan
Respublikası açıq-aşkar BMT Nizamnaməsinin, beynəlxalq
hüququn fundamental prinsiplərinin, həmçinin Azərbaycan
Respublikasının Konstitusiyasının və milli
qanunvericiliyinin ziddinə olaraq, Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma
"seçki" keçirir. Demokratiyanı zorla təbliğ
etmək olmaz və qanunsuzluqla qanuni hüquqlar yaratmaq
mümkün deyil. Burada isbata ehtiyac yoxdur. Buna görə də
davam edən təcavüz, işğal və Azərbaycanın
işğal olunmuş ərazilərində etnik təmizləmə
fonunda təşkil olunmuş hər hansı səsvermə
prosesi hüquqi cəhətdən etibarlı sayıla bilməz
və beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul
olunmuş bu ərazilərin əvvəlki hüquqi statusuna
ziyan vurur".
Dünya ictimaiyyətindən "seçki
tamaşası"na sərt etiraz
Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "seçki tamaşası"na dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən də sərt etiraz nümayiş etdirilir. Qardaş Türkiyə ilk olaraq bununla bağlı sərt mövqe nümayiş etdirib. Türkiyənin Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçılarının keçirməyə hazırlaşdığı "parlament seçkisi"ni pisləyən sərt bəyanatında rəsmi Ankaranın bu "seçki"ni tanımadığı bildirilir: "Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq normaları kobud şəkildə pozulur".
Sənəddə o da göstərilir ki, separatçıların bu əməlləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir: "Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və onun işğal olunmuş torpaqlarında "parlament seçkisi"nin keçirilməsini yolverilməz sayır. Bu "seçki"nin heç bir hüquqi əsası yoxdur və onun nəticələri tanınmayacaq".
Avropa İttifaqı da separatçı rejimin keçirdiyi "parlament seçkisi"ni qanunsuz adlandırıb. Qurumun Xarici Əlaqələr üzrə nümayəndəsi Ketrin Eştonun yaydığı bəyanatda qeyd edilir ki, həmin seçkinin heç bir qanuni əsası olmayacaq: "Bu seçki Qarabağ sülh danışıqlarının nəticəsini bəri başdan müəyyən etməməlidir". Ketrin Eşton daha sonra qeyd edib: "Mən xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni hüquqi və konstitusiya çərçivəsində tanımır".
ABŞ Dövlət Departamenti isə bəyan edir ki, Birləşmiş Ştatlar daxil olmaqla dünyanın heç bir dövləti "Dağlıq Qarabağ Respublikası" və orada mayın 23-də keçirilən "parlament seçkiləri"ni tanımır. Bildirilir ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun münaqişənin dinc yolla nizamlanması üsullarının tapılması səylərini dəstəkləyir. Minsk qrupu həmsədrlərindən biri kimi, ABŞ münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla işləyərək Helsinki Yekun Aktının zorakılıqdan çəkinmə, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanaraq münaqişənin uzunmüddətli həlli yolunu axtarır.
Avropa İttifaqı işğal olunmuş
ərazilərdən Ermənistan silahlı qüvvələrinin
çıxarılmasını tələb edir
Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daha bir uğuru isə beynəlxalq miqyasda Ermənistana işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasına dair müraciətlərin sayının çoxalması və bunun konkret rəsmi sənədlərdə əksini tapmasıdır. Bu kontekstdə isə Avropa Parlamentinin Cənubi Qafqazla bağlı qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı yeni qətnamə xüsusi diqqət cəlb edir. Bolqarıstandan olan deputat Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil. Bildirilir ki, Avropa İttifaqı Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyaların qəbulolunmazlığını bildirən Avropa Parlamenti Ermənistanı öz silahlı qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırır. Qətnamədə bildirilir ki, münaqişələrin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir. Bununla yanaşı, Avropa deputatları Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin qalmaları faktı və onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər və bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər. Beləliklə, qarşıdan gələn aylar ərzində münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Avropa Parlamenti bütün işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın silahlı qüvvələrinin çıxarılmasını tələb edir.
Onu da bildirək ki, Dağlıq Qarabağ üzrə qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü və hətta növbəti 65-ci sessiyasının gündəliyində qalacaq. Bununla bağlı yayılan məlumata görə, BMT Baş Assambleyasının 65-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələyə baxılacaq. Bunlardan biri "GUAM məkanında həlli uzadılan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri", digəri isə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihələridir. BMT İnformasiya Mərkəzi bildirir ki, bu məsələlərə 64-cü sessiyada hələ baxılmayıb və onlar gündəlikdə durur. Onların 65-ci sessiyanın ilkin gündəliyinə salınması 64-cü sessiyada qəbul olunacaq qərarlardan asılıdır.
BMT-nin Avrasiya ölkələri üzrə eksperti Robert Katler qeyd edib ki, BMT bu vaxtadək Qafqaz regionunda həlli uzadılan münaqişələrin nizamlanmasına real töhfə verə bilməyib: "Bunu BMT-nin uğursuzluğu kimi qiymətləndirmək mühüm deyil, amma bu faktdır".
Mayın 20-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının yekun iclasında isə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) fəaliyyəti haqqında qətnamə qəbul edilib. Qətnamədə xüsusi bəndlə İKT üzv dövlətləri, həmçinin İKT-yə bağlı beynəlxalq institutlar "Xocalıya ədalət" kampaniyasının fəaliyyətində aktiv iştiraka və faciənin həm beynəlxalq, həm də milli səviyyədə insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına çağırılıb. Sənəd BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan İKT-yə üzv 57 dövlətin xarici siyasət idarələri rəhbərlərinin Xocalı faciəsinin miqyasının təyin edilməsi baxımından insanlığa qarşı törədilmiş cinayət ifadəsini özündə ehtiva edərək, hadisənin xarakteri haqqında birmənalı olaraq mövqe bildirən ilk qətnamədir. Qeyd olunan ifadə həm siyasi, həm də beynəlxalq-hüquqi tərkibə malikdir, beynəlxalq humanitar hüququn bir çox ciddi pozuntularını, o cümlədən genosid cinayətini əhatə edir.
Hesab olunur ki, sənədin konsensusla qəbul edilməsi, həmçinin buna qədər üzv ölkələrin XİN ekspertləri tərəfindən təsdiq edilməsi İKT-nin Xocalı faciəsinin həqiqi xarakteri haqqında əminliyinin güclənməsinin göstəricisidir. Bu sənəd Xocalı faciəsinə cari ilin yanvar ayında İKT Parlamentlər İttifaqı (İKT Pİ) tərəfindən verilən qiyməti təkrarlayır və ümumilikdə Xocalıdakı qətliamın İKT-yə üzv dövlətlərin parlamentləri tərəfindən insanlığa qarşı törədilmiş cinayət kimi tanınması, eləcə də tanınma haqda məsələnin beynəlxalq səviyyəyə qaldırılması üçün ciddi siyasi-hüquqi zəmin hazırlayır. Xatırladaq ki, "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasına 2009-cu ildə beynəlxalq səviyyədə start verilib. Hazırda kampaniyanın fəaliyyəti 35-dən artıq İKT və həmçinin Avropa və Latın Amerikası ölkələrini əhatə edir.
AŞ PA-da Dağlıq Qarabağ
üzrə Alt Komitənin fəaliyyətinin bərpası Ermənistanı
ciddi təşvişə salıb
Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir narahatlığı isə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpa olunmasıdır. Xatırladaq ki, AŞ PA prezidenti Mövlud Çavuşoğlu da sözügedən komitənin fəaliyyətinin bərpa olunacağını bildirib. Çavuşoğlu AŞ PA sədri seçilənə qədər də Alt Komitənin yaradılması məsələsinin təşkilatın gündəmində olduğunu qeyd edib.
AŞ PA-nın Dağlıq Qarabağ məsələsi üzrə dəqiq mövqeyi 2005-ci ildə qəbul olunmuş 1416 saylı qətnamədə əksini tapıb. Xatırladaq ki, Ermənistanın Azərbaycana diplomatik məğlubiyyətinin əsas göstəricilərindən biri kimi qiymətləndirilən 1416 saylı qətnamə 2005-ci il yanvarın 25-də qəbul edilib. Bu qətnamə AŞ PA tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı hüquqi müstəvidə atdığı ən ciddi zərbələrdən sayılır. Belə ki, burada yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir, Dağlıq Qarabağ regionunun isə separatçı qüvvələrin nəzarəti altında olduğu vurğulanır. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunur: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurası qarşısında götürdüyü öhdəliyinin ciddi pozulması halı olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".
Bu qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropda fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratmasıdır. Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə Ermənistana daha bir zərbə oldu. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrdə bilavasitə 1416 saylı qətnamənin şərtlərinə istinad edilir. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunur: "Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq". Həmçinin tövsiyələrdə 1416 saylı qətnamənin milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənməsi üçün üzv dövlətlərin hökumətlərinə göndərilməsinə də diqqət yetirilir.
Onu da xatırladaq ki, AŞ PA Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitəsi britaniyalı deputat lord Rassel Constonun AŞ PA sədri postuna seçildiyi günə kimi, yəni 2007-ci ilə qədər davam etdi. Düzdür, sonrakı dövrdə Rassel Conston AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etsə də, adıçəkilən komitə fəaliyyətsiz qaldı. İndi isə komitə yenidən fəaliyyətini bərpa edir və bu, ermənilərin ciddi narahatlığına səbəb olub. Məsələn, "Daşnaksütyun" partiyasının deputat fraksiyasının rəhbəri Vaan Ovannisyan bildirir ki, ölkə hakimiyyətinin Mövlud Çavuşoğlunun AŞ PA Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin bərpası təklifinə konstruktiv yanaşması yolverilməzdir. Onun fikrincə, Alt Komitənin bərpası Ermənistan üçün faciəvi nəticələrə səbəb ola bilər: "Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti Mövlud Çavuşoğlunun təşəbbüsünün baş tutmaması üçün əlindən gələni etməlidir".
Hakim koalisiyada yer alan "Çiçəklənən Ermənistan" partiyası da sözügedən komitənin bərpasına etiraz edir. Bununla bağlı erməni deputat Naira Zoqrabyan bildirib ki, komitənin fəaliyyətinin bərpası Ermənistanın lehinə deyil: "Əgər Mövlud Çavuşoğlu Alt Komitənin bərpasına nail olsa, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti onun işini birmənalı şəkildə boykot etməlidir".
Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sözügedən komitə fəaliyyətinin bərpası, eləcə də münaqişənin daim diqqət mərkəzində saxlanması lazımdır. Həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin daim dünyanın diqqət mərkəzində qalması üçün AŞ PA, eləcə də onun Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitəsi vacib tribunalardan sayılır.
Beləliklə, proseslərin gedişi göstərir ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyünün miqyası daha da genişlənir. Şübəhsiz ki, bu, həm də işğal altındakı ərazilərin azad olunması prosesini bir qədər də sürətləndirəcək.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 23 may.- S.
6.