Ustad aşıq anıldı
Rəşid Behbudov
adına Mahnı Teatrında Borçalı mahalının
ustad aşıqlarından olan Qaraçöplü
aşıq Musanın 125 illik yubileyi təntənə ilə
qeyd edildi.
Xalq şairi,
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub aşıq Musa
yaradıcılığından ətraflı söhbət
açaraq qeyd etdi ki, haqq aşığı zəngin
yaradıcılığı və mənalı ömrü
ilə Borçalı mahalında özünə
böyük şöhrət qazanmışdır. Yazıb-oxuya
bilməyən aşıq Musa fitri istedadı sayəsində
aşıq sənətinin bütün sirlərini dərindən
öyrənib və bu sahədə özündən sonra zəngin
ədəbi irs qoyub.
Tədbirdə qeyd edildi
ki, ədəbiyyatşünaslar aşıq Musa
yaradıcılığını toplayıb tədqiq etməlidir.
Ona görə ki, zəngin ədəbi irsi olan ustad
aşığın əsərlərindən ibarət
"Musa eldən aralanmaz..." kitabı yalnız bu il
işıq üzü görüb. Yeni kitab ilk uğurlu
addım olsa da, aşıq Musanın zəngin ədəbi
irsinin kiçik bir hissəsidir.
Yubiley gecəsində
Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini,
filologiya elmləri doktoru Məhərrəm Qasımlı,
şair İlyas Tapdıq, pedaqoji elmlər namizədi Fərhad
Xubanlı, Estoniya Tartu Universitetinin türkologiya
kafedrasının müdiri, şair Xəqani Qayıblı,
folklorşünas Elxan Məmmədli çıxış edərək
ustad aşığın yaradıcılığının
bədii xüsusiyyətlərindən, keçdiyi şərəfli
ömür yolundan ətraflı söhbət açdılar.
Hamı bu fikirdə oldu ki, aşıq Musanın zəngin ədəbi
irsi toplanıb, tədqiq edilib xalqa
çatdırılmalıdır.
Aşıqlardan Məhəmməd
Sadaxlı, Əşrəf Qəribov, Aida Gülzar
aşıq Musanın şeirlərini saz havalarının
müşayiəti ilə oxuyub dinləyiciləri heyrətləndirdi.
Xəlil Qaraçöp
və Ariz Hüseynov aşığın ürəyəyatan
şeirlərini muğam üstə oxuyub dinləyicilərin
ruhunu oxşadı. İrəvan Azərbaycan Dövlət Dram
Teatrının aktyorlarının aşıq Musa şeirlərindən
hazırladığı ədəbi-bədii kompozisiya yubiley
iştirakçıları tərəfindən
alqışlarla qarşılandı.
Azərbaycan.- 2010.- 23 may.- S.
7.