Həkim məsuliyyəti

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. Ulu öndər qeyd etmişdir: "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir". Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün prioritet vəzifələrdən biri tibbi xidmətin təkmilləşdirilməsi və səhiyyə sahəsində yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsidir.

 

Təəssüf ki, heç də bütün xəstəliklər yaxşı sonluqla qurtarmır. Pis nəticə xəstəliyin ağırlığı və ya sağalmaz olması, onun həmin xəstədə qeyri-tipikliyi, pasiyentin həkimə vaxtında müraciət etməməsi, xəstənin bəzi dərmanlara xüsusi həssaslığı və digər şərtlərlə bağlı ola bilər. Bəzən xəstəliyin mənfi sonluğu tibb işçilərinin qeyri-düzgün hərəkətlərindən və ya hərəkətsizliklərindən, yatrogen xəstəliklərdən, eləcə də tibbi praktikada bədbəxt hadisələrin nəticələrindən asılıdır. Bəzi hallarda xəstəliyin mənfi sonluğu vəzifə cinayətlərinin nəticəsi də ola bilər. Tibb işçilərinin törətdiyi hüquq pozuntularının qarşısını almaq məqsədilə müalicə zamanı həkimlərin buraxdıqları hər bir səhv və qüsur, xüsusən də xəstənin ölümü ilə nəticələnən hərəkətlər geniş tibb ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Lakin bu cür halların araşdırılması çox böyük çətinliklərlə müşayiət olunur. Bu isə həkimlərin ciddi peşə və hüquqi təhqiqat tələb edən əməllərinin obyektiv qiymətləndirilməsinə mane olur. Belə bir faktı da etiraf etmək lazımdır ki, adətən, tibb işçilərinin peşə fəaliyyətində yol verdikləri hüquq pozuntuları heç də həmişə qeydə alınmır və təhqiqat obyektinə çevrilmir. Çünki hüquq-mühafizə orqanlarına müraciət edilməsi ən son, müstəsna bir addım hesab olunur. Çox vaxt isə müalicənin qeyri-düzgün aparılması ilə bağlı xəstənin qohumlarının şikayətləri yuxarı səhiyyə orqanlarına ünvanlanır, məhkəmə instansiyasına isə nadir hallarda göndərilir.

Bununla əlaqədar olaraq 2006-ci ildə Səhiyyə Nazirliyi tərəfindən respublika xəstəxanalarında baş verən ölüm hallarının araşdırılması üzrə xüsusi komissiyanın yaradılması çox aktual və vaxtında atılmış addım sayılmalıdır. Komissiyaya, əsasən cərrahlar olmaqla, nüfuzlu professorlar və mütəxəssislər daxildir. Ötən müddət ərzində komissiya yüzlərlə hadisəni araşdırıb. Belə ki, xəstəxanalarda baş verən hər bir ölüm halı tibbi sənədlərin öyrənilməsi və müalicə həkimlərinin sorğulanması əsasında dərindən təhlil edilmişdir. Bu komissiya müalicə taktikasının düzgünlüyünü təyin edir, həkimlərin səhvlərini üzə çıxarır, xəstənin ölümündə həkim məsuliyyətinin dərəcəsini müəyyənləşdirir və Səhiyyə Nazirliyinə inzibati cəza tədbirləri ilə bağlı tövsiyələr verir. Hadisələrin əsas hissəsini cərrahi müdaxilələrdən sonra cərrahiyyə və reanimasiya şöbələrində baş verən ölüm halları təşkil edir. Tibbi sənədlərdə ölümün səbəbləri sırasında ən çox təsadüf edilənlər ağciyər arteriyasının tromboemboliyası və tac damarlarınn trombozlarıdır. Naməlum etiologiyalı qanaxmalar, hipertonik krizlər və başqalarına rast gəlinir. Lakin ən paradoksal məqam ondan ibarətdir ki, çox zaman belə hallarda bu cür son klinik diaqnozlar məsuliyyəti araşdırılan həkimlərin fərziyyə xarakterli ehtimallarından başqa heç nəyə əsaslanmır. Materiallarda patoloji-anatomik müayinə aktları yoxdur. Autopsiyanın keçirilmə tezliyi regionlardan asılı olaraq 1-3 faiz təşkil edir ki, bu da çox cüzidir. Bu işlərdə patanatomik rəylərin olmamasını çox sadə yolla izah edirlər: müsəlman adət-ənənəsinə zidd olduğundan mərhumun qohumları bəzən meyitin yarılmasına icazə vermirlər, qanun da buna yol verir.

Bu, nə qədər doğrudur? "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Patoloji-anatomik yarılmalar" adlı 41-ci maddəsinə əsasən,

1) hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri;

2) infeksion xəstəliklər və onlar barəsində şübhə halları;

3) tibbi müayinə və müdaxilə zamanı baş verən ölüm halları;

4) səbəbləri araşdırıla bilinməyən ölüm halları

mütləq patanatomik müayində tədqiq olunmalıdır. Yəni, müalicə müəssisələrində bu cür ölən bütün şəxslərin meyitləri mərhumun qohumlarının istəyindən asılı olmayaraq, mütləq patoloji-anatomik müayinəyə məruz qalmalıdır.

Gerçəkdən də məhkəmə-tibbi hallardan və xəstəxanalarda yuxarıda göstərilən 4 ölüm qrupundan başqa, qanun qohumların fikrinin nəzərə alınmasına icazə verir. Lakin sənəddə meyit müayinəsinin məcburi, mütləq olduğu hallar da dəqiq təsbit olunub. Beləliklə, baxılmaq üçün adını çəkdiyimiz komissiyaya göndərilən işlər əksər hallarda mütləq patoloji-anatomik protokollarla müşayiət olunmalıdır.

Yaranmış vəziyyət göstərir ki, mütləq patoloji-anatomik müayinə olunmalı meyitlər "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Birliyinə (Birlik) göndərilməməsi xəstəxanalarımızın baş həkimlərinin hüquqi məlumatsızlığının, yaxud da onların bu cür halların obyektiv araşdırılmasına qarşı səhlənkarlığının və maraqlı olmamalarının nəticəsidir. Hər yerdə mərhumların qohumlarının ən müxtəlif xahişlərinə əsasən, xüsusən də dini təsəvvürlərə görə autopsiyalardan imtina edilməsinə icazə verilir. Müalicə müəssisələrinin rəhbərlərinin autopsiyadan beləcə asanlıqla və maneəsiz imtina etməsi onların, hətta belə deyək, daxilən rahatlıq tapdıqları təəssüratı da yaradır.

Baş həkimlərin meyitlərin yarılmamış verilməsinin əksər bəhanələri onların bu yolla xəstəliyin diaqnostikasında və müalicəsində buraxılmış səhvlərin sayını azaltmaq arzularını gizlədir. Bu cür halların əksəriyyətində ölümün səbəbləri aydın olmur. Meyit müayinəsindən imtinanı səbəbləri aydınlaşdırılmayan təyyarə qəzası ilə müqayisə etmək olar.

Ölümün araşdırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycandakı vəziyyətlə inkişaf etmiş ölkələr arasında çox böyük fərqlər olduğunu göstərir. Xəstələnmə-ölüm hallarının azaldılması bütün ölkələrdə səhiyyə orqanlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Ona görə də inkişaf etmiş ölkələrdə, o cümlədən islam dövlətlərində ölümün obyektiv təhqiqatına böyük əhəmiyyət verilir.

Məsələn, Amerika Birləşmiş Ştatlarında hər bir ştatın Baş məhkəmə tibbi eksperti öz ərazisində baş vermiş demək olar ki, bütün ölüm halları haqqında məlumatlı olur.

SSRİ-nin dağılmasından sonra Rusiyada və bəzi keçmiş sovet ölkələrində, elə bizdə olduğu kimi, ölümün araşdırılmasında eniş nəzərə çarpırdı. Lakin rusiyalı alimlər artıq həyəcan təbili çalmağa başlamışlar. Çünki bu ölkədə hazırda ölüm doğumu üstələyir və ölümün diqqətli monitorinqinin aparılmasına ehtiyac duyulur. Üstəlik, Rusiyada klinik və patoloji-anatomik diaqnozların bir-birindən fərqlənməsi faizi yüksəkdir - 20-25 faiz. Bu isə o deməkdir ki, hər 100 ölüm halından 20-25-ində xəstələri bu və ya digər dərəcədə səhv müalicə ediblər!

Rusiya mütəxəssislərinin fikrincə, patoloji-anatomik müayinələrin sayca azalmasını nə qədər izah etməyə çalışsalar da, bütün bu izahların əsasında yalnız bir səbəb dayanır - nəzəri və tətbiqi təbabətin tərəqqisi üçün autopsiyanın əhəmiyyətinin başa düşülməməsi. Məhz bununla müəlliflər izah edirlər ki, son vaxtlar yuxarı instansiyaların verdiyi və patoloji-anatomik xidmətə, o cümlədən yarılma fəaliyyətinə aid olan göstərişlər məhz təbabət sahəsində az səriştəsi olan insanlar tərəfindən hazırlanır və ya bunlar, ən azı, mütəxəssislərlə müzakirə edilmir.

Azərbaycanda da buna oxşar eyni vəziyyət mövcuddur. Təəssüf ki, mütəxəssislərin fikirlərinə çox zaman heç bir əhəmiyyət verilmir.

Vəziyyətin çıxış yolu kimi Səhiyyə Nazirliyində və yaxud müvafiq qurumda ölkənin tibb müəssisələrində müalicənin keyfiyyətinin qiymətləndirilməsi üzrə zəruri məlumatları peşəkarlıqla toplayan analitik strukturun yaradılması, daim yeniləşən məlumat bazasının toplanmasının, eləcə də informasiyaların işlənməsi və təhlil edilməsi məqsədəuyğun olardı. Beləliklə, səhiyyə orqanlarının fəaliyyətini aşağıdakı tədbirlərlə dəstəkləmək mümkündür:

- müalicə müəssisələrində kliniki-anatomik və poliklinik-anatomik konfransların keçirilməsi. Bu tədbirlərdə diaqnostikası və müalicəsi çətin olan və müalicə müəssisələrində ölümlə nəticələnən zədə və zəhərlənmə halları ətraflı təhlil edilə bilər. Bu zaman diaqnostikada, laboratoriya, rentgen və funksional müayinələrdə yol verilən qüsurlara, müalicə və tibbi sənədlərin rəsmiləşdirilməsinə xüsusi diqqət yönəldilməlidir;

- məhkəmə-tibb ekspertizası zamanı aşkarlanan kliniki və anatomik diaqnozların fərqliliyi faktları, diaqnostika, müalicə və tibbi sənədləşmələrin aparılmasındakı qüsurlar haqqında səhiyyə orqanlarının rəhbərliyinin vaxtında məlumatlandırılması;

- məişət və sənaye zəhərlənmələrindən, narkomaniya və alkoqolizmdən, nəqliyyat, küçə, məişət, istehsalat və digər zədələnmədən baş verən ölümlərin, qəfləti ölümlərin epidemioloji təhlilinin aparılması, səbəb və şəraitlərinin təhlil edilərək profilaktik sanitar-maarifçilik işlərinin təşkili...

Bu gün Azərbaycanda həm elmi, həm də tətbiqi məhkəmə-tibb və patoloji-anatomik sahələrini özündə birləşdirən və bu sahədə ölkənin əsas dövlət təsisatı olan Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Birliyidir. Odur ki, qeyd etdiyimiz struktur məhz bu qurumda təşkil oluna bilir. Çünki əsasnaməyə görə, birliyin 2 strateji vəzifəsi var:

1) hüquq-mühafizə orqanları üçün: vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətinə qarşı yönəldilmiş cinayətlərin təhqiqatı zamanı məhkəmə-tibb ekspertizalarının və tədqiqatlarının vaxtında aparılmasını, obyektivliyini, keyfiyyətini və elmi əsaslandırılmasını təmin etmək; məhkəmə-tibb praktikasını təşkil etmək və təkmilləşdirmək; məhkəmə-tibb baxımından bu cür cinayətlərin təhlili, təsnifatı və profilaktikası zamanı yardım göstərmək;

2) səhiyyə orqanları üçün: travmatizm, yoluxucu xəstəlik, zəhərlənmə və vaxtsız ölüm hallarını araşdırarkən onların aradan qaldırılması üzrə profilaktik tədbirlər təşkil etmək; diaqnostika və müalicə zamanı ambulator və stasionar şəraitlərdə buraxılan yanlışlıqları tədqiq etmək və aradan qaldırmaq; sanitar-epidemioloji işlərin təşkilində, müalicə-profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardım göstərmək.

Əsasnaməsində göstərildiyi kimi, birlik müxtəlif xəstəliklər, travmatizm, zəhərlənmələr və vaxtsız ölüm hallarının epidemiologiyası üzrə nəticələr çıxarmalı, onların aradan qaldırılması üçün profilaktik tədbirlər təşkil etməli, sanitar-epidemioloji işlərin təşkilində, müalicə-profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardım göstərməli, diaqnostika və müalicə zamanı ambulator və stasionar şəraitlərdə buraxılan yanlışlıqları tədqiq etməli və aradan qaldırmalıdır. Lakin bunları təmin edə bilmək üçün ən əzı aşağıdakı şərtlər zəruridir:

- milli qanunvericiliyə uyğun olaraq, mütləq patoloji-anatomik və məhkəmə-tibbi cəhətdən araşdırılmalı olan bütün ölüm hallarının tədqiq edilməsinin faktiki icrası;

- meyitlərin patoloji-anatomik və məhkəmə-tibbi araşdırılmasının keyfiyyətcə yüksəldilməsi;

- bütün ölüm halları haqqında informasiyaların əvvəlcə birliyin analitik strukturlarına, daha sonra isə Səhiyyə Nazirliyinə daxil olması.

Əgər ölüm hallarının öyrənilməsinin və təhlil edilməsinin mövcud sistemini dəyişdirməsək, birlik ölkə əhalisinə göstərilən müalicə-profilaktik yardımın inkişafı və yaxşılaşdırılması işinə heç vaxt lazımi faydanı verə bilməyəcək.

Fikrimizcə, ölüm hallarının araşdırılması və təhlil edilməsi Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" birliyinin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etməlidir. Ölkədə ölüm halları haqqında məlumatlar üzərində işləyən birliyin analitik qrupunun yaradılması məqsədəuyğun olardı. Görülən işləri təhlil edən bu qrup Səhiyyə Nazirliyinə müvafiq milli proqramların hazırlanması zamanı proqnozlar və tövsiyələr verə bilər.

Nə üçün biz əhalinin müəyyən qrupları arasında ürək-damar, onkoloji xəstəliklər, hepatit və sairədən ölüm hallarını təhlil etməməliyik və Səhiyyə Nazirliyinə müvafiq təkliflər verməməliyik? Və yaxud, deyək ki, avtomobil qəzası nəticəsində baş verən ölümlər təhlil olunmasın? Görün, burada nə qədər məsələni təhlil etmək olar?! Sürücünün xəstəliyinin qəfil şiddətlənməsi və ya onun ölümü nəticəsində hər il nə qədər yol-nəqliyyat hadisəsi baş verir? Sürücü hansı xəstəliklər nəticəsində həyatını itirir? Ölüm təhlükəsizlik kəmərləri bağlı olandamı baş verir, yoxsa bağlı olmayanda?

Mütəxəssislərimiz bunların təhlilini aparıb prioritet istiqamətləri müəyyənləşdirərək Səhiyyə Nazirliyi və digər dövlət təşkilatları üçün müxtəlif proqramlar təklif edə bilər. Bunu birliyin nəzdində etmək daha doğru olar, çünki bu onun əsasnaməsində yazılıb. Əgər birlik bu istiqamətdə özünü lazımi şəkildə göstərə bilərsə, o, belə hadisələri qabaqcadan görər, təhlil edər və qabağını almaq üçün təkliflər verər. Bununla da birlik xəstəliklərin və ölüm hallarının azaldılması ilə mübarizədə səhiyyə orqanlarına böyük kömək etmiş olar.

 

 

Vüqar MƏMMƏDOV,

tibb elmləri doktoru,

ATU-nun Məhkəmə təbabəti

kafedrasının professoru

 

Azərbaycan.- 2010.- 23 may.- S.  7.