Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avropa Şurasının qadınlar kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransında iştirak etmək üçün ölkəmizə səfər edən xanım Aşa Rouz Migiro BMT Baş katibi Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, Baş katib Azərbaycanda əldə olunan iqtisadi tərəqqini maraqla izləyir. Xanım Aşa Rouz Migiro Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı müraciətə görə minnətdarlığını bildirdi. Bu gün Azərbaycanın birinci xanımı ilə görüşdüyünü çox maraqlı müzakirələr apardıqlarını bildirən qonaq Mehriban Əliyevanın Azərbaycan hökumətinin uşaqların sağlamlığı istiqamətində gördüyü işlərdən məmnun qaldıqlarını vurğuladı.

Avropa Şurasının qadınlar kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirin Azərbaycanda konfransda iştirak edən ölkələrdə ümumi vəziyyətin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev BMT-nin Baş katibi hələ Koreya Respublikasının xarici işlər naziri işləyərkən onunla keçirdiyi görüşü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı BMT Baş katibi Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş katibə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  2.