Dağıstan Prezidenti Milli Məclisdə olmuşdur
Azərbaycanda səfərdə
olan Rusiya Federasiyası Dağıstan Respublikasının
Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Milli Məclisdə
olmuşdur.
Parlamentin binası
önündə ali qonağı Milli Məclisin Sədri Oqtay
Əsədov və digər rəsmi şəxslər
qarşılamışlar.
Dağıstan Prezidenti Milli
Məclisin iclas zalına baxmış, deputatlar
üçün yaradılmış şəraiti yüksək
qiymətləndirmişdir.
Sonra Oqtay Əsədov ilə
Maqomedsalam Maqomedov arasında təkbətək
görüş olmuşdur. Daha sonra görüş geniş
tərkibdə davam etdirilmişdir.
Oqtay Əsədov Maqomedsalam
Maqomedovu Dağıstan Respublikasının Prezidenti
seçilməsi münasibətilə təbrik etmişdir.
Milli Məclisin Sədri demişdir ki, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası Dağıstan
Respublikası arasında münasibətlər bütün sahələrdə
inkişaf edir. Xalqlarımız arasında çox qədim
dostluq və qonşuluq münasibətləri vardır.
Yüksək səviyyəli qarşılıqlı səfərlər
əlaqələrimizin daha da inkişaf etdirilməsi
üçün yeni imkanlar açır.
Milli Məclisin Sədri
münasibətlərimizin genişlənməsində və
möhkəmlənməsində parlamentlərin rolunu
xüsusi qeyd etmiş, deputatlarımızın
qarşılıqlı səfərlərinin, qanunvericilik sahəsində
əməkdaşlığın və təcrübə
mübadiləsinin müsbət nəticələr verdiyini
bildirmişdir.
Maqomedsalam Maqomedov səmimi
sözlərə və təbrikə görə minnətdarlıq
etmişdir.
Azərbaycan parlamentinin
binasında aparılmış təmir-bərpa işlərini,
yeni korpusun tikintisini yüksək qiymətləndirən qonaq
demişdir ki, bu, həm də Azərbaycanın dinamik
inkişafının bariz göstəricisidir.
Dağıstan Prezidenti də
ölkələrimiz arasında əlaqələrin
inkişafında parlamentlərin rolunu xüsusi
vurğulamış və demişdir ki,
deputatlarımızın dostluq münasibətləri həm
siyasi, həm də ictimai baxımdan mühüm rol
oynayır.
Maqomedsalam Maqomedov
Dağıstanın Azərbaycan ilə əlaqələrin
bütün sahələrdə inkişaf etdirilməsində
maraqlı olduğunu bildirmişdir.
Ali qonaq münasibətlərin
daha da inkişaf etdirilməsində, möhkəmləndirilməsində,
eləcə də qanun yaradıcılığı işində
Milli Məclisin rəhbərliyinə və deputatlara
uğurlar arzulamışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2010.- 25 may.-
S. 3.