Dağıstan Prezidenti Bakının görməli yerləri ilə tanış olmuşdur

 

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də paytaxtın görməli yerləri ilə tanış olmuşdur.

Gəzintiyə "Kiçik Karvansara" abidəsindəki təsviri dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"ndan başlayan Dağıstan Prezidentinə mərkəz haqqında məlumat verilmişdir. Ali qonaq burada türk rəssamı xanım Günseli Katonun rəsm əsərlərinə tamaşa etmişdir.

Bakının rəmzi əzəmətli Qız qalası ilə tanışlıq zamanı bu qədim abidənin tarixi barədə Dağıstan Prezidentinə ətraflı məlumat verilmişdir.

Sonra Qız qalasının yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyasının yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilmişdir.

Qoşa qala qapısı meydanı ilə tanışlıq zamanı Dağıstan Prezidentinə Qala divarları, onun inşasının tarixi barədə geniş məlumat verilmişdir.

Sonda ali qonağın şərəfinə Filarmoniya bağında çay süfrəsi təşkil olunmuşdur.

Dağıstan Prezidenti Maqomedsalam Maqomedov İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat oyatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  3.