TürkPA nüfuzlu beynəlxalq
qurumlardan birinə çevriləcək
Mayın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən "TBMM - 90 il, Parlament diplomatiyası - TürkPA" Beynəlxalq konfransının iştirakçılarını qəbul etdi. Qonaqları salamlayan spiker TürkPA-nın yaradılması tarixinə toxundu və bildirdi ki, sözügedən qurumun ofisinin Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb.
Daha sonra türkdilli dövlətlərin birliyi məsələsinə toxunan Oqtay Əsədov dedi: "Qloballaşan dünyada həyat elə gətirib ki, türkdilli ölkələrin bir yerdə olması vacibdir. Çünki bu birlik türkdilli ölkələrin daha da güclənməsinə xidmət edir". SSRİ-nin dağılması ilə müstəqil türkdilli dövlətlərin sayının artdığını söyləyən Oqtay Əsədov ötən il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş imzaladığını xatırlatdı. Bunun türkdilli ölkələr arasında mövcud birliyi daha da sıxlaşdırmağa xidmət etdiyini bildirən Milli Məclisin Sədri türk dünyasının genişliyini, burada yer alan dövlətlərin vacib geostrateji mövqelərə malik olduqlarını, təbii ehtiyatlar, o cümlədən enerji resursları ilə zəngin olduğunu vurğuladı.
TürkPA-da müstəqil dövlətlərlə yanaşı, bir sıra digər türkdilli ölkələrin və muxtar respublikaların da qurumda təmsil olunmaq üçün müvafiq müraciətlər etdiyini bildirən Milli Məclisin Sədri Parlament Assambleyasının daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Onun sözlərinə görə, türkdilli dövlətlərin qanunverici orqanlarının qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyəti baxımından TürkPA böyük əhəmiyyətə malikdir. Təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsini vacib sayan Oqtay Əsədov bu istiqamətdə də müvafiq işlər görüldüyünü diqqətə çatdırdı. Milli Məclis Sədri qeyd etdi ki, TürkPA nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevriləcək.
Səmimi qəbula, göstərilən qonaqpərvərliyə görə konfrans iştirakçıları adından təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Nevzat Paktil TürkPA ofisinin Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməsindən, burada yaradılan lazımi şəraitdən məmnun qaldıqlarını bildirdi. Türk xalqlarının, dövlətlərinin eyni kökdən gələn ağacın budaqları olduğunu vurğulayan Nevzat Paktil TürkPA-nın fəaliyyətinin səmərəli olacağına inandığını bildirdi. Onun sözlərinə görə, türkdilli ölkələr arasında yaradılan birlik türk dövlətlərin hamısının güclü olmasına xidmət edir. Qarşıdakı dövr ərzində TürkPA və digər tədbirlər çərçivəsində daha tez-tez görüşlər olacağını qeyd edən Nevzat Paktil digər türk dövlətlərinin də TürkPA-da təmsil olunacağına əminliyini ifadə etdi.
Qazaxıstan parlamentinin üzvü Kılışbay Bisenov TürkPA-nın yaradılmasından qürur duyduqlarını bildirdi. Onun sözlərinə görə, türk dövlətləri arasında yaradılan bu formalı birliklər gələcək nəsillərin bir arada olmasını təmin edən təməl daşı rolunu oynayır.
Azərbaycan.- 2010.- 25 may.- S.
4.