Bakıda "TBMM - 90 il, Parlament diplomatiyası - TürkPA" beynəlxalq konfransı keçirilmişdir

 

Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin binasında "TBMM - 90 il, Parlament diplomatiyası - TürkPA" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan parlamentinin deputatları, ATƏT-in Bakı ofisinin rəhbəri, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

TürkPA-nın baş katibi Ramil Həsənov tədbiri açaraq qonaqları salamlamış, türkdilli ölkələr arasında əlaqələrin tarixindən danışmışdır. O demişdir ki, Türkiyə-Azərbaycan və Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq əlaqələrinin inkişafı çərçivəsində qurulmuş TürkPA-nın əsas məqsədlərindən biri də eyni dilə, dinə və mədəniyyətə malik olan qardaş və dost ölkələr arasında siyasi, iqtisadi, sosial, humanitar, hüquq və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, tarixi əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etməkdir. Təşkilat yarandığı gündən bir sıra önəmli addımlar atmış, mühüm tədbirlər keçirmişdir. Qardaş Türkiyə Böyük Millət Məclisinin 90 illik yubileyi ilə əlaqədar keçirilən konfrans buna parlaq misal ola bilər. TürkPA-ya üzv olan parlamentlərin qazandıqları uğurların ölkələrarası əlaqələrin inkişafında oynayacağı rol, qanunverici orqanların qarşılıqlı və sıx əlaqələr əsasında işləməsi və bu fəaliyyətlərin ölkələrimizin xalqlarına xidmət etməsi, bir çox sahələrdə dostluq qruplarının və beynəlxalq təşkilatlardakı qrupların birgə fəaliyyət göstərməsi parlament diplomatiyasının uğurlarındandır. Baş katib yaxın zamanlarda digər türkdilli ölkələrin parlamentlərinin də təşkilata üzv olacaqlarına ümidvar olduğunu bildirmişdir.

Sonra Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qonaqları Milli Məclisin Sədri və öz adından təbrik etmiş, konfransın əhəmiyyətindən danışmışdır. O demişdir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyası hələ 1990-cı illərin ortalarında irəli sürülmüşdü. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Antalyada keçirilmiş toplantıda belə bir qurumun yaradılmasının vacibliyini qeyd etmişdi. Bu gün biz ulu öndərimizin ideyalarının reallaşdığının canlı şahidləriyik. Biz birgə səylərlə TürkPA-nı yaratdıq və onun katibliyi Bakıda fəaliyyət göstərir.

Z.Əsgərov demişdir ki, son zamanlar beynəlxalq əlaqələrdə və dünya siyasət səhnəsində parlament diplomatiyasının rolu artır. TürkPA üzvü olan parlamentlərin bu sahədəki uğurları və bunun türk dünyasının əlaqələrinə təsiri adıçəkilən konfrans çərçivəsində müzakirə olunacaq məsələlərdən biridir. Ona görə də ümid edirik ki, bu konfrans həm müzakirə olunan məsələlərin aktuallığı, həm də birliyimizin, beynəlxalq əməkdaşlığımızın daha da möhkəmlənməsi baxımından çox uğurlu olacaqdır.

TBMM sədrinin müavini Nevzat Paktil çıxışında belə bir tədbirin təşkilinə görə TürkPA-nın fəaliyyətdə olan sədrinə - Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıq etmişdir. O demişdir ki, türkdilli ölkələr arasında birliyin, ortaq mədəniyyətin, iqtisadi, siyasi əlaqələrin inkişafında mühüm rol oynayan TürkPA artıq beynəlxalq aləmdə nüfuz qazana bilmişdir. Azərbaycan, Türkiyə və Qazaxıstan parlamentləri bu təşkilat daxilində sıx əməkdaşlıq edərək bir sıra uğurlara imza atmışlar. Türkiyə dövləti bu uğurlara sevinir və təşkilata bundan sonra da ən yüksək səviyyədə dəstək verəcəkdir.

Sonra Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun və Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı, Qazaxıstan parlamentinin deputatı Kılışbay Bisenov, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, TBMM-in QDİƏTPA-dakı nümayəndə heyətinin rəhbəri Kəmaləddin Göktaş, QDİƏTPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, TBMM-in ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Alaattin Böyükkaya, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel, Milli Məclisin deputatları Asim Mollazadə, Qənirə Paşayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, beynəlxalq təşkilatlarda türkdilli ölkələrin deputatlarının birgə, məqsədyönlü fəaliyyəti ümumi, strateji hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir. Deputatlar birgə ortaq tarix, mədəniyyət və ədəbiyyat dərsliklərinin hazırlanması, diaspor təşkilatlarının birləşməsi, ortaq türk dilinin yaradılması təklifləri ilə çıxış etmişlər.

Tədbirdə TBMM-in 90 illik yubileyi ərəfəsində belə bir konfransın təşkili də yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, tədbirdə Türkiyə, Qazaxıstan və Azərbaycan deputatlarının birgə iştirak etmələri qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və digər türkdilli dövlətlərin təşkilata üzv olmaları üçün zəmin yaradır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 may.- S.  5.