Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransı keçirilir

 

 Mayın 24-də Bakının "Gülüstan" sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı işə başlamışdır.

Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinin, xaricdən, o cümlədən ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqların, dövlət orqanlarının, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ƏLİYEVA açılış mərasimində çıxış edərək dedi:

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən öz nitqimi bu konfransın bütün iştirakçılarını və qonaqlarını salamlamaqla başlamaq istərdim. Çox məmnunam ki, Bakı müasir dünyada mühüm məsələlər və çağırışlara həsr olunmuş bir çox beynəlxalq görüş və konfranslara ev sahibliyi edir. Bu tədbir qlobal təcrübədən yararlanmaqda vacib fürsət olaraq, konstruktiv dialoq və birgə həll variantları üçün zəmin yaradır. Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir.

Bu gün keçirilən konfrans olduqca böyük ictimai əhəmiyyətə malikdir. Gender və hüquqlar bərabərliyi hər hansı demokratik cəmiyyətin ən mühüm əsaslarından biridir. İyirminci əsrin ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, biz cəmiyyətdəki dəyərlər və etik qaydaları dəyişməyə müvəffəq olduq. Gender probleminin ciddiliyi müxtəlif ölkələrdə tam şəkildə qavranılır və yalan stereotiplərin aradan qaldırılması prosesi artıq başlanmışdır. 1960-70-ci illərdə insanların qadınlara münasibətində dünya miqyasında köklü dəyişikliklər baş verdi.

1975-ci ildən etibarən BMT-nin təşkilatçılığı ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilmişdir. Bu konfranslar çox uğurla keçmiş və beynəlxalq ictimaiyyətə cinslər arasında qeyri-bərabərliyin probleminə daha böyük diqqətin yetirilməsinə xidmət etmişdir.

Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması və kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə vardır. Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində və hərbi sahədə fəal rol oynayırlar. Qadınlar problemlərin həllinə xüsusi diqqət yetirərək, siyasətdə də iştirak edirlər.

Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, qarşımızda duran məsələlər hələ də çoxdur. Bir çox qətnamə və qərarlar hələ də yerinə yetirilməyib. Bir tərəfdən, gender bərabərliyi müasir Avropa cəmiyyətində mühüm əhəmiyyət kəsb edir, digər tərəfdən, əldə oluna biləcək tərəqqi daha da çox ola bilərdi.

Qadınların hüquqlarının qorunmasında Azərbaycan da bir çox nailiyyətlər əldə etmişdir. XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, əvvəl baş vermişdir. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar. Onlar biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər.

Qadınların siyasi və ictimai fəaliyyətində böyük nailiyyətlər əldə olunmuşdur. 2009-cu ildə bələdiyyə orqanlarına seçilən qadınların sayı 2004-cü ildəki göstəricilərlə müqayisədə 7 dəfə artmışdır. Hazırda qadınlar dövlət məmurları və elmi işçilərin demək olar ki, yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. Ölkəmizdə hər beş ildən bir qadınların cəmiyyətdə rolu və mövqeyini müzakirə etmək məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər müsbət və nikbin gələcəyə dəlalət edən göstəricidir.

Eyni zamanda, Azərbaycanda gender münasibətləri və qadınların ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də vardır. Bütün bunlar dövlət və qeyri-hökumət qurumlarını narahat edən məsələdir. Yaxşı məlumdur ki, Azərbaycan öz müstəqilliyinin bərpasının ilk illərindən sonra qonşu Ermənistanın təcavüzünə məruz qalmışdır. Ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın təxminən yarısı qadınlardır. Məcburi köçkünlərin təhsilə, tibbi yardıma çıxışı və normal həyat şəraitlərinin yaradılması nəinki dövlətin, o cümlədən beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır.

Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq hətta bir hadisə olsa belə, qəbuledilməzdir.

Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır.

Məişət zorakılığı haqqında qanun layihəsi Milli Məclisdə artıq oxunuşdan keçmişdir. Əminəm ki, bu qanun yaxın vaxtlarda qəbul olunacaqdır. Qanunvericilik sahəsinə gəldikdə, qeyd etmək istəyirəm ki, bəzən vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş qanunlar kişi və qadın üçün eyni fürsətin olmasına zəmanət vermir. Bu, o deməkdir ki, vətəndaş hüquqlarına malik olmaq, məsələnin yalnız bir hissəsidir. Digər mühüm məsələ, onların necə həyata keçirilməsi ilə bağlıdır. Bu, işləyəcəyimiz əlavə bir sahədir.

Gender bərabərliyinin necə olması və ahəngdar formada təmin edilməsi ilə bağlı müxtəlif təklif və fikirlərimiz ola bilər. Cəmiyyətdə qadınlar və kişilər arasında hər hansı qeyri-bərabərliyin aradan qaldırılmasını yalnız bir platforma və ya tədbirlər planı sayəsində aradan qaldırmağı düşünmək sadəlövhlük olardı. Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq, qadınlar demək olar, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişilməsində uğurlar bir çox - siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır.

Hələ XX əsrin əvvəllərində Simona de Bovuar yazırdı: "Kişinin fərdiləşməsi nə qədər güclü olarsa, kişinin həmin fərdiləşməyə ehtiyacı bir o qədər böyük olur və o, bir o qədər də tez öz qadınının fərdiləşmə və azadlıq hüququnu etiraf edəcəkdir". Kişinin əsl müstəqilliyi o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və imkanlar qadında da olsun.

Əgər müasir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən onun ətrafında olan kişilər müəyyən edirsə, bilmək lazımdır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar. Bu, o deməkdir ki, məhz mənəvi dəyərlərin daşıyıcısı olan qadın öz yaradıcı potensialından istifadə edərək, bəşəriyyətə yeni gender bərabərliyi modelini təklif edəcəkdir.

Yekunda mən bu məsələdə göstərdiyi fəal mövqeyə və verdiyi töhfəyə görə hamıya təşəkkürümü bildirirəm. Mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, gözəl şəhərimizə səfərinizdən məmnun olacaqsınız.

Diqqətinizə görə minnətdaram.

 

* * *

 

 Konfransda çıxış edən Avropa Şurasının Baş katibinin müavini xanım Mod de Bur BUKİKKİO vurğulamışdır ki, real həyatda ən çox kişilər rəhbər vəzifələri tuturlar. Qadınlar isə ikinci dərəcəli rol oynayırlar. Çox hallarda qadınlar əhalinin zəif kateqoriyası kimi qiymətləndirilir.

Qadınlar və kişilər arasında bərabərliyin əslində insan hüquqlarının və demokratiyanın ən vacib şərtlərindən biri olduğunu diqqətə çatdıran Avropa Şurasının baş katibinin müavini bildirmişdir ki, gender bərabərliyi qadın və kişilər arasında imkanların bütün sahələrdə bərabər tətbiq olunmasından ibarətdir.

Son illər ən böyük bərabərsizliklərin aradan qaldırıldığını deyən Avropa Şurasının rəsmisi bildirmişdir ki, qadınlar çox vaxt öz hüquqlarından lazımı səviyyədə istifadə edə bilmirlər. Bir sıra bərabərsizliklər əlbəttə ki, qadınların insan hüquqlarının müdafiə olunmasında öz əlamətlərini göstərir. Bəzən qadınlar müxtəlif proseslərdə qurbana çevrilirlər. Onlar həm ictimai, həm də siyasi proseslərdə işsizlik və ya digər çətinliklərlə üzləşirlər. Onlara kişilərlə müqayisədə eyni dəyərli iş üçün daha az məvacib ödənilir. Məhz buna görə də Avropa Şurası bu məsələləri təhlil etməklə bərabərliyi təmin etmək üçün bir sıra tədbirlər görür. Qadın və kişi arasında gender bərabərliyini təmin etmək üçün layihələrin həyata keçirilməsi çox vacibdir. Bu, strategiyanın əsasını təşkil edir.

Mod de Bur Bukikkio vurğulamışdır ki, qadınlara və kişilərə fərqli münasibət bəsləyərkən biz, həmçinin genderlə bağlı struktur stereotiplərin aradan qaldırılmasına nail olacağıq. Konkret tədbirlər görülməlidir ki, həm təhsildə, həm KİV-lərdə bu cür dəyişikliklərin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi mümkün olsun.

Gender stereotiplərinə qarşı mübarizədə təhsilin rolundan danışan Avropa Şurasının baş katibinin müavini vurğulamışdır ki, cəmiyyətin hər bir üzvü bərabər təhsil imkanları, peşəkar fəaliyyət və həyat tərzi ilə təmin olunmalıdır.

Mod de Bur Bukikkio bildirmişdir ki, bu konfransında xüsusi qətnamənin və fəaliyyət planının hazırlanması gender bərabərliyini təmin etməyə imkan verəcəkdir.

 

* * *

 

Bakıda keçirilən konfransda iştirak etməkdən məmnun olduğunu bildirən BMT Baş katibinin müavini xanım Aşa Rouz MİGİRO belə bir aktual mövzunun müzakirəsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıq etmişdir.

Bakının həm qədim, həm də müasir şəhər olduğunu qeyd edən BMT baş katibinin müavini demişdir ki, Azərbaycan çox müsbət və çox perspektivli gələcəyi olan bir ölkədir. Bu, ölkənin bütün vətəndaşları üçün böyük imkanlar yaradacaqdır.

Qadınların həyatda, cəmiyyətdə çox vacib roluna toxunan xanım Aşa Rouz Migiro təmsil etdiyi təşkilatın gender bərabərliyi istiqamətindəki fəaliyyətindən söz açaraq demişdir ki, BMT bu prosesin həyata keçirilməsi üçün bir sıra layihələr icra edir.

Qadınların sülhün və inkişafın təmin olunmasında oynadığı rolu qeyd edən BMT baş katibinin müavini demişdir ki, bu konfrans problemləri müzakirə etmək və onların həll yollarını axtarmaq baxımından bizə geniş imkan yaratmışdır. Bəzi ölkələr ayrı-seçkilik yaradan qaydaları və qanunları dəyişmişdir. Biz bunu çox müsbət əlamət kimi qiymətləndiririk.

Xanım Aşa Rouz Migiro bir sıra ölkələrdə təhsil sahəsində aparılan müsbət dəyişikliklərin qadınların imkanlarını daha da genişləndirdiyini vurğulamış, ana ölümünün səviyyəsinin aşağı salınmasının vacibliyini vurğulamışdır. Bəzi istiamətlərdə nailiyyətlər əldə olunsa da, görüləsi işlər hələ çoxdur. Bizim üçün çox vacib məsələ ondan ibarətdir ki, gender stereotipləri, həmçinin qadınlara və qızlara qarşı ayrı-seçkilik aradan qaldırılsın. Qərarların qəbul edilməsi prosesində qadınların iştirakını genişləndirməliyik.

Çıxışının sonunda BMT Baş katibinin müavini demişdir ki, Avropa Şurası gender bərabərliyində olan çatışmazlıq mövzusunu irəli sürməklə çox vacib bir məsələyə müraciət etmişdir. Buna görə də düşünürəm ki, biz bərabərliyi təmin etməklə inkişafa, sülhə nail olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bu konfrans isə həmin istiqamətdə çox vacib bir addımdır.

 

* * *

 

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio və BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro xatirə şəkli çəkdirdilər.

 

* * *

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın sədri seçilmişdir.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndəsi Xose Mendes Bota çıxış edərək Azərbaycanda olmağından böyük şərəf duyduğunu, konfransın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. O, təmsil etdiyi qurumda gender bərabərliyinin təmini sahəsində bir çox işlərin görüldüyünü demişdir.

Xose Mendes Bota qeyd etmişdir ki, bu yaxınlarda AŞ PA-da qəbul edilən qərar qadınlarla kişilərin eyni hüquqa malik olması ilə bağlı boşluğu aradan qaldırmağa yönəlmişdir. AŞ PA-da yaradılmış şəbəkənin isə əsas məqsədi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasıdır.

Avropa Şurası Konqresinin Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Yan Mikkalef bildirmişdir ki, bu konfrans gender bərabərliyi məsələsində dialoq və qlobal təcrübə mübadiləsinə imkan yaradır. Müasir Avropa cəmiyyətində qadın bütün ictimai sahələrdə, siyasətdə və biznesdə iştirak edir. Lakin bu müsbət dəyişikliklərə baxmayaraq, hələ də gender bərabərliyi məsələsində boşluqlar vardır. Hələ bir sıra tövsiyə və qətnamələr yerinə yetirilməmişdir. Ona görə də gender bərabərliyi problemləri bir tərəfdən, müasir cəmiyyət üçün çox vacib məsələdir, digər tərəfdən isə, əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsinə ehtiyac vardır. Demokratik ölkədə gender bərabərliyi fundamental tələbdir. Bunu təmin etmək üçün stereotiplər aradan götürülməlidir.

Avropa Şurasının QHT-lər Konfransının nümayəndəsi Karin Nordmeyer müzakirə olunan mövzu ilə bağlı təmsil etdiyi qurumda görülən işlərdən danışmışdır. Qonaq vurğulamışdır ki, dünyada elə bir şərait yaradılmalıdır ki, qadınlar öz potensialından tam istifadə edə bilsinlər.

K.Nordmeyerin sözlərinə görə, bir çox ölkələrdə ayrı-seçkilik qanunvericiliklə qadağan olunmuşdur. Lakin qəbul edilən qərarların praktikada tam reallaşdırılması üçün birgə səyləri artırmaq vacibdir. Avropa Şurası ictimai həyatın bütün sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrı-seçkiliklə mübarizə aparmağa çalışır. Bugünkü konfransın əsas məqsədi də de-yure və de-fakto gender bərabərliyinin təmin olunması məsələlərini müzakirə etməkdir.

Sonra konfrans işini "De-fakto gender bərabərliyinə nail olmaq üçün müsbət tədbirlərin həyata keçirilməsi və gender amilinin daxil edilməsi" mövzusunun müzakirəsi ilə davam etdirmişdir. Çıxış edənlər Avropanın bir hissəsi kimi Azərbaycanın gender məsələlərinə xüsusi diqqət ayırmasını yüksək qiymətləndirmişlər. Vurğulanmışdır ki, bu gün Azərbaycanda təhsil, məşğulluq və ailə sahəsində gender bərabərliyi geniş təbliğ edilir.

Natiqlər gender məsələlərində təkmilləşdirilmiş qanunvericilik bazasının formalaşdırılmasının vacibliyini vurğulamışlar.

"Gender stereotiplərinə qarşı mübarizədə təhsilin və medianın rolu" mövzusunda müzakirələr zamanı gender stereotipləri haqqında videoçarx nümayiş olunmuşdur.

Avropa Komissiyasının vətəndaşlıq və gender bərabərliyi komissiyasının beynəlxalq əlaqələr üzrə direktoru İzabel Romao belə əhəmiyyətli konfransı təşkil etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O, qadınlar və kişilər arasında mövcud stereotiplərin ləğv olunmasında təhsilin rolundan danışmışdır. Qeyd edilmişdir ki, bu sahədə mövcud problemlər hələ məktəb illərində təhsildə olan boşluqlardan başlayır.

İrlandiyanın təhsil və elm departamentinin baş inspektoru Maurin Bohan gender stereotiplərinə qarşı mübarizədə təhsilin böyük rolunu vurğulamışdır. Bir sıra ölkələrin təcrübəsini misal gətirən M.Bohan bu sahədə təhsilə lazımi diqqətin ayrılmaması nəticəsində yaranan problemlərdən danışmışdır.

Hollandiyanı təmsil edən xanım Cok Hermes isə stereotiplərlə mübarizədə medianın rolu mövzusunda çıxış etmişdir. O, medianın bu məsələyə təsirinin çox güclü olduğunu söyləyərək mətbuatın həmin sahədə lazımi tədbirlərin həyata keçirməsinin vacibliyini qeyd etmişdir. KİV-lər ailə və qadın problemlərinin həllində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanallarının, mətbuat orqanlarının monitorinqi göstərir ki, tamaşaçıların, oxucuların diqqətinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin aradan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir. Bu baxımdan gender stereotiplərinə qarşı mübarizədə medianın rolu danılmazdır.

Konfrans işini bu mövzu üzrə müzakirələr ilə davam etdirmişdir.

Konfrans mayın 25-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  5.