Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Baş katibinin müavini xanım Aşa Rouz Migiro ilə görüşmüşdür

 

Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gələn BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro ilə görüşmüşdür.

Görüşdə Bakıda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının əhəmiyyətindən danışıldı. Bildirildi ki, bu beynəlxalq tədbir dünyada gender bərabərliyinin təmin olunması ilə bağlı həyata keçirilən layihələrə dəstək verəcəkdir.

Mehriban xanım Əliyeva BMT ilə Azərbaycan arasında yüksək münasibətlərin olduğunu bildirərək dedi ki, hazırda Heydər Əliyev Fondu BMT-nin bir çox strukturları ilə əməkdaşlıq əlaqələri həyata keçirir. Azərbaycanın birinci xanımı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro da ölkəmizdə olmaqdan məmnunluğunu bildirdi və konfransın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına təşəkkür etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  6.