Azərbaycandakı məcburi köçkünlərin insan hüquqlarının bərpa edilməsi üçün sülhün bərqərar olunması zəruridir

 

Azərbaycandakı məcburi köçkünlərin insan hüquqlarının bərpa edilməsi üçün sülhün bərqərar olunması zəruridir.

Bunu mayın 24-də Nazirlər Kabinetində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla təkrar görüşündə ölkəmizdə səfərdə olan BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin demişdir.

Əli Həsənov Valter Kalinin ölkəmizə 5 günlük səfəri çərçivəsində onunla yenidən görüşdüyündən məmnunluğunu bildirmiş, qeyd etmişdir ki, çoxsaylı görüşlərindən, bu gün isə dövlət başçısı tərəfindən qəbul olunduğundan yaxşı xəbərdardır.

Valter Kalin səfərinin çox məhsuldar olduğunu, bütün detallarına qədər çox yaxşı təşkil edildiyini vurğulamışdır. Qeyd etmişdir ki, mənə istədiyim adamlarla görüşmək, istədiyim yerdə olmaq imkanı yaradıldı. Bu, Azərbaycan hökumətinin BMT və onun qurumları ilə əməkdaşlıqda maraqlı olmasına nümunədir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səylərin göstərilməsinə baxmayaraq, məcburi köçkünlük problemi Azərbaycanda artıq çox üzün müddətdir ki, davam edir. Onların insan hüquqlarının bərpa olunması üçün sülhün bərqərar olunması zəruridir. Təəssüf ki, ötən müddətdə məcburi köçkünlərin sayı azalmamışdır, çünki bu problemi doğuran səbəb aradan qalxmamışdır: Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır və o yerlərin sakinləri məcburi köçkünlük həyatını davam etdirir. Sonuncu səfərimdən keçən üç il ərzində ölkədə baş vermiş yaxşıya doğru dəyişiklikləri və inkişafı görmək üçün Azərbaycana növbəti dəfə dəvət olunduğuma görə çox məmnunam. 2007-ci ildən bəri ölkənizdə xeyli işlər görülmüş, ciddi irəliləyiş əldə edilmişdir. Azərbaycan hökumətinin məcburi köçkünlük probleminin ölkənin bir nömrəli milli prioriteti olaraq qalmasına verdiyi zəmanəti qiymətləndirirəm.

V.Kalin məcburi köçkünlərin mənzillə təmin olunması, onlar üçün yeni təhsil müəssisələrinin inşa edilməsi və daha çox ucqar rayonlarda səhiyyə xidmətlərindən istifadə hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətləri xüsusi qeyd etmişdir.

BMT rəsmisi hökumətin növbəti hədəfinin şəhərdə yaşayan məcburi köçkünlərin mənzil probleminin, yeni binaların tikilməsi də daxil olmaqla, həll edilməkdə olduğunu da böyük məmnuniyyət hissi ilə bildirmişdir. Demişdir ki, onların mənzil probleminin həlli istiqamətində xeyli iş görülüb, bu sahəyə külli miqdarda sərmayə qoyulub. Mən bu sahədə Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndirirəm. Fin qəsəbələri və yataqxanalarda məskunlaşmış insanları köçürmək istəyinizi də alqışlayıram. Yeri gəlmişkən, burada bir problemlə üzləşirik. Mən vaxtilə mənzillərində məcburi köçkünlərin məskunlaşdığı ev sahiblərinin şikayətləri ilə əlaqədar Avropa Məhkəməsinin çıxardığı qərarları nəzərdə tuturam. Bu qərarlarda mənzillərin boşaldılması tələb olunur. Düzdür, hələlik onların sayı azdır, amma gələcəkdə arta bilər. Çıxış yolu həmin mənzillərdə yaşayan məcburi köçkünlərin başqa yerlərdə məskunlaşdırılması, yaxud mənzil sahibləri ilə icarə haqqında müqavilə bağlanması, onlara kompensasiya ödənilməsi ola bilər. Variant çoxdur.

Qonaq vurğulamışdır ki, həm yeni qəsəbələrdə, həm də şəhərlərdə məskunlaşmış məcburi köçkünlərin məşğulluq və dolanışıq vəziyyətinin yaxşılaşdırılmasına daha çox diqqət yetirilməlidir. O, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi sahəsində xeyli iş görüldüyünün, müxtəlif layihələrin həyata keçirildiyinin şahidi olduğunu bildirmişdir. Təhsil hüququ ilə bağlı məcburi köçkünlər üçün təhsilin keyfiyyətinin və onların təhsil ehtiyaclarının qiymətləndirilməsinin aparılmasını tövsiyə etmiş, bunun məcburi köçkün ailələrindən olan uşaqların başqa uşaqlarla eyni səviyyədə təhsil almasını, cəmiyyətə inteqrasiya olunmasını və məşğulluğa cəlb olunmasını təmin etmək üçün zəruri olduğunu qeyd etmişdir. Demişdir ki, psixoloji sağlamlıq da daxil olmaqla, həm hərtərəfli səhiyyə xidmətlərinin təmin edilməsini, həm də daha çox tibbi personalın ucqar ərazilərə göndərilməsini özündə ehtiva edən Səhiyyə Nazirliyinin Fəaliyyət Planını dəstəkləyirəm.

BMT baş katibinin nümayəndəsi beynəlxalq ictimaiyyəti həm məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökumətinə texniki yardımın göstərilməsinə, həm də davamlı nəticələrə gətirib çıxaracaq həll yollarının tapılmasına dəstək verməyə çağırmışdır. "Artıq 18 ildir ki, davam edən bu problem bir neçə nəsillərə öz mənfi təsirini göstərmişdir və hökumətin səylərinə baxmayaraq, insanların əziyyət çəkməsi davam edir. Avropada bu problemə yer olmamalıdır",- deyə o vurğulamışdır.

V.Kalin "Böyük Qayıdış" proqramı, onun icrası zamanı ortaya çıxa biləcək məsələlər barədə fikirlərini də bölüşmüşdür. O, imzalanacaq sülh sazişində məcburi köçkünlərlə bağlı maddələrin salınmasını arzuladı və söz verdi ki, ötən səfərində olduğu kimi, bu dəfə də hazırladığı hesabatda BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsi zərurətini qeyd edəcəkdir.

Valter Kalin dövlət başçısı ilə görüşü barədə məlumat vermiş, məcburi köşkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində Azərbaycan hökumətinin səylərini, əldə olunmuş nailiyyətləri bir daha vurğulamış və bu səyləri dəstəkləyəcəyini vəd etmişdir.

Əli Həsənov Valter Kalinə Azərbaycan hökuməti adından bir daha təşəkkür edərək bildirmişdir ki, BMT rəsmisinin səfər müddətindəki fəaliyyəti onun məcburi köçkünlər probleminə çox ciddi yanaşdığını sübut edir. O vəd etdi ki, verilən tövsiyələrin icrası təmin olunacaqdır. Bununla belə, xatırlatdı ki, həmin tövsiyələrin əksəriyyəti ya müvafiq Dövlət Proqramında, ya da ayrı-ayrı layihələrdə öz əksini tapmışdır.

Qonağa Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşləri əks etdirən şəkillər toplanmış albom və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən sənədli filmin yazıldığı disk verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  6.