V.Kalin: "Səfərimin ən böyük faydası Azərbaycanın məcburi köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır"

 

Səfərimin ən böyük faydası Azərbaycanın məcbiri köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır.

Bunu ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 24-də Nazirlər Kabinetində Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla birgə yerli xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında demişdir.

Əli Həsənov Valter Kalinin Azərbaycana səfərinin məqsədi, səfər çərçivəsində fəaliyyəti, o cümlədən keçirdiyi çoxsaylı görüşlər barədə məlumat vermişdir. Xatırlatmışdır ki, səfərin yekununa dair hazırlanacaq hesabat BMT Baş Məclisinin İnsan Hüquqları Şurasına təqdim ediləcəkdir.

Valter Kalin səfərinin töhfəsi barədə verilən suala cavabında demişdir ki, səfərimin ən böyük faydası Azərbaycanın məcburi köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır. İkincisi, BMT strukturları Azərbaycana bundan sonra da köməyi davam etdirəcəklər. Üçüncüsü, məcburi köçkünlər gördülər ki, beynəlxalq qurumlar onları unutmamışdır.

Əli Həsənov əlavə etmişdir ki, BMT rəsmisi iki il əvvəlki tövsiyələrə əməl olunmasını yerdə öz gözləri ilə gördü. Əmin oldu ki, Azərbaycan hökuməti BMT qurumlarının qərarlarına hörmətlə yanaşır, onunla qarşılıqlı etimad əsasında əməkdaşlıq edir. Səfər sübut edəcək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməmişdir, Azərbaycanda məcburi köçkün problemi qalır.

Qonaq növbəti suala cavabında bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qərarı hələ qüvvədədir. Təhlükəsizlik Şurası sülh danışıqlarının aparılmasını ATƏT-in Minsk qrupuna həvalə etmişdir. Qurum model prinsiplərini işləyib hazırlamışdır. Azərbaycan onları qəbul etmişdir. İndi əsas məsələ tərəflər arasında razılaşmanın əldə olunmasıdır. Mən beynəlxalq ictimaiyyəti bu münaqişənin həlli istiqamətində səyləri gücləndirməyə çağıracağam. Mən tərəfləri ona çağırıram ki, sülh sazişi əldə olunacağı təqdirdə məcburi köçkünlər nəzərə alınsın. "BMT-nin fəaliyyəti çoxşaxəlidir. İstənilən sahədə Azərbaycana yardım etməyə hazırıq", - deyə o, vurğulamışdır.

BMT rəsmisi missiyası daxilində digər suallara da ətraflı cavab vermişdir.

 

 

Azərbaycan.- 2010.- 25 may.- S.  6.