Azərbaycanda kişi və qadınların hüquqları bərabərdir

 

Mayın 24-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan AŞ PA-nın Gender bərabərliyi üzrə komitəsinin sədri Mendes Botanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Ziyafət Əsgərov ölkəmizdə gender bərabərliyi ilə bağlı görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanda kişi və qadın hüquqları bərabərdir. Bu, ölkəmizin Konstitusiyasında da öz əksini tapıb. Milli Məclis gender bərabərliyi ilə bağlı qanun qəbul edib. Bundan başqa, parlament bununla bağlı beynəlxalq konvensiyaları da ratifikasiya edib. Azərbaycanda qəbul edilən heç bir qanunda qadınlara məhdudiyyət qoyulmayıb. Əksinə, Cinayət Məcəlləsində bəzi cinayətlərlə bağlı qadınlara yüngül cəza nəzərdə tutulur. Azərbaycan nadir ölkələrdəndir ki, hələ ötən əsrin əvvəllərində qadınlara seçmək və seçilmək hüququ verib. Ümumiyyətlə, Azərbaycan gender məsələlərinə görə nümunəvi ölkələrdəndir. Dövlət orqanlarında qadınların yer tutması normaldır. Orta və ali məktəblərdə isə müəllimlər arasında çoxluq qadınlara aiddir.

Ziyafət Əsgərov onu da qeyd etdi ki, Azərbaycandan asılı olmayan səbəblərdən qadınlarımızın bir hissəsinin hüquqları pozulub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində on minlərlə Azərbaycan qadını məcburi köçkünə çevrilib. Onların hüquqları tapdalansa da, çox təəssüf ki, Avropadan gələn qonaqlar bu məsələdə susmağa üstünlük verirlər.

Görüş üçün təşəkkür edən Mendes Bota Azərbaycana səfər etmələrindən məmnun olduqlarını bildirdi. Bir neçə il əvvəl Bakıda olduğunu deyən qonaq ötən müddətdə ölkəmizin xeyli inkişaf etdiyini bildirdi. Bu inkişaf demokratik cəmiyyətin formalaşmasında insan hüquq və azadlıqlarının qorunmasında da özünü göstərir. Bütün bunlar bizdə xoş təəssürat yaradır.

Görüşdə Azərbaycanda gender bərabərliyi ilə bağlı nümayəndə heyətinin üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi.

 

 

Azərbaycan.- 2010.- 25 may.- S.  7.