Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının
dəqiqləşdirilməsi prosesini başa çatdırmaqdadır
Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayından etibarən həyata keçirməyə başladığı ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesini yekunlaşdırmaqdadır. Məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə seçicilərin dəqiqləşdirilmiş daimi siyahısı fevralın 5-dək dairə seçki komissiyalarına (DSK) verilmişdir. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək MSK-ya təhvil vermişlər.
MSK-dan bildirmişlər ki, seçici siyahılarının dəqiqləşdirilməsi yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının köməyi ilə aparılmışdır. Aprelin 5-dən etibarən ölkə üzrə seçicilərin siyahısı MSK tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilməkdədir. İlin əvvəlindən davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq başa çatmaq üzrədir.
Mayın 26-da "Seçkilər" İnformasiya Mərkəzində MSK-nın prosesin yekunlaşmasına həsr olunmuş iclası keçiriləcək və qurum üzvləri vahid seçicilər siyahısının dəqiqləşdirilmiş variantı ilə tanış olacaqlar. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və komissiyanın internet səhifəsində yerləşdiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25 may.- S.
7.