Avropa Parlamenti növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

 

Qurum Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş torpaqlarından dərhal çıxarılması barədə qətnamə qəbul edib

 

Dövlət müstəqilliyini əldə etdikdən sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermişdir. Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu Avropa təşkilatlarından biri də Avropa İttifaqı olmuşdur.

Azərbaycan Respublikasının adıçəkilən təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əvvəllər Azərbaycanla sadəcə üç Qafqaz respublikasından biri kimi əlaqələr quran Avropa İttifaqı bu sazişlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi niyyətini ortaya açıq şəkildə qoymuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncam imzalamışdır. Bu mühüm sənəd respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini qarşıya qoymuşdur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulmuşdur.

Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi heç zaman ermənilərin xeyrinə olmamışdır. Ötən müddətdə Avropa İttifaqı bu münaqişə ilə bağlı sərt bəyanatlarla çıxış etmiş və Ermənistanı əsassız ərazi iddialarından əl çəkməyə çağırmış, işğalçı ölkədən BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini yerinə yetirməyi tələb etmişdir. Avropa İttifaqı rəhbərliyi münaqişənin məhz Ermənistanın əsassız və qeyri-konstruktiv mövqeyi üzündən həll olunmadığını dəfələrlə açıq bəyan etmişdir. Vəziyyətin müsbətə doğru dəyişmədiyini görən təşkilat hazırda Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir. Bu maraq həm də ölkəmizdə sosial-iqtisadi inkişafın yüksək dinamikası, habelə demokratik islahatların sürətlə aparılması ilə şərtlənir. 2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir.

Avropa Parlamenti 2010-cı il mayın 20-də "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul etmişdir. Bu qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunmuşdur. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanlarının təmin edilməsinin zəruriliyi vurğulanmışdır. Qətnamənin qəbul edilməsində məsələyə dair məruzəçi, Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov qəti və prinsipial mövqeyini sonadək nümayiş etdirmiş, erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, qətnamənin mətninin dəyişdirilməsinə imkan verməmişdir.

Qətnamədə indiki status-kvonun aradan qaldırlması birmənalı şəkildə tələb edilir (2-ci bənd) və göstərilir ki, bu vəziyyət "zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən" yaranmışdır (6-cı bənd). Tərəflər konstruktiv mövqe tutmağa dəvət edilir. Avropa Parlamenti qeyri-konstruktiv tərəf dedikdə, əlbəttə, yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq danışıqları pozmağa çalışan Ermənistanı nəzərdə tutur. Avropa Yerevana növbəti dəfə müraciət edərək onu vasitəçilərin son təkliflərini qəbul etməyə və indiki status-kvonun dondurulacağı barədə ümidlərdən imtina etməyə çağırır.

Qətnamədə milli azlıqların hüquqlarına hörmət etməyə, 55-ci bənddə isə onlara yüksək səviyyəli muxtariyyət vermək barədə çağırış əks olunmuşdur. Azərbaycan Respublikasının Avropa İttifaqında daimi nümayəndəsi, ölkəmizin Belçikadakı səfiri Emin Eyyubov bu barədə bildirmişdi: "Bu çağırışlar erməni tərəfinin guya təyini-müqəddərat hüququna və ərazi ilə birlikdə Azərbaycandan ayrılmaq hüququna malik olan hansısa "Qarabağ xalqı"nın mövcud olması barədə sevimli tezisinə növbəti zərbədir. Bununla əlaqədar, Avropa Parlamentinin qətnaməsində erməni tərəfə bir daha xatırladılır ki, indiki vəziyyətdə təyini-müqəddəratın ən yüksək həddi "daxili təyini-müqəddərat" ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan tərəfi Avropa İttifaqının bir sıra ölkələrində sınaqdan keçirilmiş, qarşılıqlı faydalı və ən davamlı nizamlama variantını təklif edir.

Sonuncu qətnamənin bütün müddəaları faktiki olaraq Ermənistana izah edir ki, XXI əsrdə normal dövlət, xüsusən münaqişələrin nizamlanması çərçivəsində hansı norma və prinsipləri rəhbər tutmalıdr. Avropa Parlamenti aydın şəkildə bəyan etmişdir ki, qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüquqi ilə bəraət verilə bilməz".

Qətnamənin bir neçə yerində köçkünlərin öz evlərinə qaytarılmasının zəruri olmasından bəhs edilir. Ən maraqlı məqam odur ki, qətanmənin 8-ci bəndində Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Avropa Parlamentinin məlum qətnaməsi Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin ədalətli yanaşdığını bir daha təsdiq etdi.

Ermənistan rəsmiləri bu qətnamənin tövsiyə xarakterli olmasına istinad edərək onun əhəmiyyətini azaltmağa çalışsalar da, artıq bu ölkənin mətbuatında məsələ geniş rezonans doğurub. Erməni KİV-ləri Avropa Parlamentində belə bir qətnamənin qəbul edilməsini Ermənistan diplomatiyasının növbəti rüsvayçılığı kimi qələmə vermişlər. Avropa Parlamentində qəbul edilən qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik yeddi rayonundan dərhal çıxarılması barədə tələbin qoyulması ermənilərin uğursuzluq zolağından çıxa bilməyəcəklərini deməyə əsas verir. Bu sənədin qəbul edilməsi bir daha Azərbaycanda böyük uzaqgörənliklə həyata keçirilən xarici siyasət strategiyasının uğurlarından xəbər verir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 25 may.- S.  7.