Avropa Şurası
ilə Azərbaycan arasında səmərəli
əməkdaşlıq davam
edir
Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa Şurasının İnsan hüquqları və hüquqi məsələlər üzrə baş direktoru Filip Buaya mayın 24-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edən nazir insan haqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, habelə ədliyyə sisteminin, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən kompleks işlərdən danışmış, həyata keçirilən islahatlarda Avropa Şurasının fəal iştirakını və dəstəyini vurğulamışdır.
Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən qonaq təmsil etdiyi qurumun Ədliyyə Nazirliyi ilə qurulmuş sıx əlaqələrindən məmnunluğunu ifadə etmiş, ölkəmizin məhkəmə-hüquq, habelə penitensiar sahələrində əldə etdiyi nailiyyətləri, hakimlərin və hakimliyə namizədlərin tədrisində Ədliyyə Akademiyasının rolunu təqdir etmiş, qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdirilməsində maraqlı olduqlarını söyləmişdir.
F.Buaya, həmçinin Avropa ədliyyə nazirlərinin 30-cu konfransının ədalət mühakiməsinin şəffaflığı və səmərəliliyinə, həbsxana islahatına həsr olunacağı və bu ilin noyabrında İstanbulda keçiriləcəyi barədə məlumat verərək Azərbaycan nazirini tədbirə dəvət etmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri, məhkumların reabilitasiyası, inzibati ədliyyə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti, insan alverinə qarşı mübarizə və s. məsələlər müzakirə olunmuşdur.
Tədbirdə Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek iştirak etmişdir.
Sonra qonaq nazirlikdə
Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.
Azərbaycan.- 2010.- 25 may.- S.
8.