Milli Məclisdə "İnsan
Hüquqları üzrə Müvəkkilin Azərbaycanda Milli
Preventiv Mexanizm kimi rolunun gücləndirilməsi"
mövzusunda konfrans keçirilmişdir
Mayın 24-də Bakıda ATƏT-in Bakı ofisinin, Azərbaycan Respublikası Milli Məclisinin və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda Milli Preventiv Mexanizm kimi rolunun gücləndirilməsi" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Ombudsman Aparatının, ədliyyə, hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, həmçinin BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsinin, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin, İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın və Bristol Universitetinin İnsan Hüquqlarının Tətbiqi Mərkəzinin ekspertləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Konfransın açılışında çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirmişdir ki, insan hüquq və azadlıqlarının qorunması hər bir dövlətin başlıca vəzifələrindən biridir. BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının 2005-ci il sentyabrın 15-də imzalanmış Fakültativ Protokolunun 2008-ci ildə Azərbaycan parlamenti tərəfindən ratifikasiya edildiyini xatırladan Ə.Hüseynov söyləmişdir ki, həmin sənədə əsasən, hər bir dövlət xüsusi milli preventiv orqanı yarada və ya onu digər quruma həvalə edə bilər. Məhz bu tələb əsas götürülməklə bir sıra Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da Prezident İlham Əliyevin 2009-cu il 13 yanvar tarixli sərəncamı ilə bu səlahiyyət insan hüquqları üzrə müvəkkil təsisatına verilmişdir. Müvəkkil təsisatı şikayətlər əsasında təhlillər aparır, daha çox pozulan hüquqların qorunması və təminatı sahəsində həm parlamentə, həm də hökumətə tövsiyələr verir deyən Ə.Hüseynov bütün bu məsələlərin Ombudsmanın illik hesabatlarında öz əksini tapdığını söyləmişdir. Bildirmişdir ki, Azərbaycanda birmənalı olaraq əhalinin müxtəlif təbəqələri - məcburi köçkünlər, qaçqınlar, gənclər, qadınlar və s. özlərinin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müraciətlər edə bilirlər. Onların müraciətləri müvəkkil tərəfindən daim diqqət mərkəzində saxlanılır.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycanda belə bir konfransın keçirilməsini yüksək qiymətləndirmişdir. ATƏT rəsmisi demişdir ki, Fakültativ Protokolu imzaladığına və Ombudsmanı Milli Preventiv Mexanizm (MPM) üzrə məsul şəxs təyin etdiyinə görə Azərbaycan hökuməti alqışlanmalıdır.
Bilge Cankorel diqqətə çatdırmışdır ki, konfransdan sonra rəhbəri olduğu ofis və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə Cenevrədə yerləşən İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya tərəfindən hazırlanmış "Saxlama Yerlərinin Monitorinqinə dair məlumat kitabçası"nın Azərbaycan dilinə tərcüməsi nəşr olunacaq və MPM tərkibi kimi Ombudsman Aparatı əməkdaşlarının öz vəzifələrini daha mükəmməl yerinə yeritmələri üçün bacarıqlarının artırılmasına dair seminar təşkil ediləcəkdir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova isə konfransın açılışındakı çıxışını əsasən ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr etmişdir. Bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə 1995-ci ildə ümumxalq səsverməsi ilə yeni Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə insanın mənafeyinin dövlət mənafeyindən önə çəkilməsi dövlət siyasətinin prioritet məsələsinə çevrilmişdir.
Ombudsman Azərbaycanın insan hüquq və azadlıqlarının qorunması ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulmasını, ölkənin məhkəmə-hüquq sistemində aparılan islahatları vurğulayaraq bu addımların dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə şərait yaratdığını diqqətə çatdırmışdır. E.Süleymanova bu konfransın ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan çoxşaxəli işlərə yeni töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra konfrans öz işini sessiyalarda
davam etdirmişdir. "İşgəncələrin
Qarşısının Alınmasına dair beynəlxalq və
milli mexanizmlər" mövzusunun müzakirəsinə həsr
olunmuş 1-ci sessiyada Azərbaycan Respublikasının
İşgəncələrin Qarşısının
Alınması üzrə Avropa Komitəsindəki nümayəndəsi
Lətif Hüseynov, BMT-nin İşgəncələrin
Qarşısının Alınması üzrə Alt Komitəsinin
əməkdaşı Zbiqniev Lasocik, İşgəncələrin
Qarşısının Alınması üzrə
Assosiasiyanın təmsilçisi Metyu Prinql, ombudsman Elmira
Süleymanova müxtəlif mövzularda məruzələrlə
çıxış etmişlər.
Konfransın günün
ikinci yarısında keçirilən 2-ci sessiyasında
"Azərbaycanda MPM-in potensialının gücləndirilməsi
- qanunvericilik bazası, vətəndaş cəmiyyətinin
iştirakı, hesabat və tövsiyələrin
hazırlanması və ardıcıl nəzarət"
mövzusu ətrafında müzakirələr
aparılmışdır. Bu sessiyada Bristol Universiteti İnsan
Hüquqlarının Tətbiqi Mərkəzindən doktor
Elina Şteynerte, İşgəncələrin
Qarşısının Alınması üzrə
Assosiasiyanın təmsilçisi Metyu Prinql, ombudsman Elmira
Süleymanova, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun insan hüquqları üzrə
mütəxəssisi xanım Lian Adler müxtəlif
mövzularda məruzələrlə çıxış
etmişlər.
Azərbaycan.- 2010.- 25 may.- S.
8.