Ərzaq təhlükəsizliyi təminində
elmi yanaşma vacibdir
Tarix boyu Azərbaycan alimləri bütün sahələr üzrə dünya elminə nadir və dəyərli töhfələr veriblər. Onların araşdırmalarının daim öz aktuallığını qoruyub saxlaması, yaratdıqları nəzəriyyələrdən qaynaqlanaraq dünyanın bir çox yerlərində elmdə, eləcə də texnologiyada və istehsalatda yeni istiqamətlərin formalaşması reallıqdır.
Müasir dövrdə bəşəriyyəti düşündürən ən qlobal məsələlərdən biri insanların ərzaq təhlükəsizliyinin təmin olunmasıdır.
Çünki hər bir ölkənin sosial-iqtisadi sabitliyinin və insanların normal həyat səviyyəsinin əsas şərtlərindən biri məhz ərzaq təhlükəsizliyidir. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Ümummilli lider bu məsələnin vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdi.
Hazırda dünyada cərəyan edən proseslər daxili ərzaq bazarının gücləndirilməsi və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir. Elə bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev ərzaq təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Dövlət başçısının təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" məhz bu məqsədə xidmət edir. Əhalinin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini özündə ehtiva edən bu proqramda qarşıya qoyulan vəzifələrin icrası yaxın gələcəkdə ölkəmizin özünün ərzaq müstəqilliyinə tam nail olacağını, bu sahədə mövcud problemlərin aradan qaldırılacağını, əhalinin bütün kateqoriyalarının sabit surətdə keyfiyyətli ərzaq məhsulları əldə etmələri üçün ən əlverişli şəraitin yaradılacağını qətiyyətlə söyləməyə əsas verir.
Ərzaq təhlükəsizliyi həm də məsələyə elmi yanaşma tələb edir. Təsadüfi deyil ki, son illərdə ərzaq təhlükəsizliyinin problem kimi meydana çıxması və aktuallaşması bu istiqamətdə də elmi araşdırmaları, yəni problemin həllinə elmi yanaşmanı zəruri etmişdir. Bu baxımdan Milli Məclisin deputatı, "Azərittifaq"ın İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Quliyevin araşdırmaları, ərzaq təhlükəsizliyinə dair elmi baxışları, fikir və mülahizələri diqqəti cəlb edir. Eldar Quliyevin "Kənd təsərrüfatı məhsullarının tordansatış bazarlarının formalaşdırılması rroblemləri" adlı elmi əsəri də ərzaq təhlükəsizliyinə dair aparılan sanballı elmi-tədqiqat işidir.
Eldar Quliyevin doktorluq işi isə dünya ölkələrində ərzaq təhlükəsizliyinin təminatı yolları ilə bağlıdır. Xarici ölkələrdə onun bu mövzuda 9 elmi məqaləsi dərc olunub. İkisi alman, biri italyan dilində olmaqla daha iki məqaləsi bu yaxınlarda işıq üzü görəcək.
Eldar Quliyevin qənaətinə görə, bu gün dünyada 1 milyard 17 milyon nəfər, təxminən dünya əhalisinin 15 faizi aclıq çəkir: "Bunun 642 milyonu Asiya, təxminən 265 milyonu Afrika ölkələrində yaşayan insanlardır. 42 milyondan artıq insan Latın Amerikası ölkələrində aclıq çəkir. Avropada isə 15 milyon insanın ərzaq təminatı yetərincə deyil. Bütövlükdə, qida normativlərini nəzərə aldıqda dünya ölkələrində ərzaqla təchizat cəmi 70 faizdir. 30-dan artıq ölkədə fövqəladə ərzaq yardımına kəskin ehtiyac duyulur. Dünyada ərzaq böhranının başlıca səbəbi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək gəlir gətirən sahələrinə böyük məbləğlərdə vəsait ayrıldığı halda, dünya aqrar sektoruna xüsusən inkişaf etməkdə olan ölkələrdə kifayət qədər maliyyə vəsaiti ayrılmaması ilə bağlıdır. Etiraf etməliyik ki, kənd təsərrüfatı bəzi sahələr kimi çox yüksək gəlir götürməyə imkan vermir. Nəzərə alınmalıdır ki, mənfəət az olsa da, kənd təsərrüfatı daimi fəaliyyət sahəsidir və onun məhsulu əhalinin bütün təbəqələri üçün əvəzolunmazdır. Odur ki, beynəlxalq birlik bəşəriyyətin qlobal problemlərinin, o cümlədən əhalinin ərzaqla etibarlı təminatı məsələlərinin həllində kənd təsərrüfatının artan rolunu etiraf etməyə məcburdur". Alimin fikrincə, hazırda dünyanı narahat edən qlobal maliyyə-iqtisadi böhranın nəticələri tam aradan qaldırıldıqdan sonra dünya dövlətlərinin qarşısında duran ən vacib məsələlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq.
Eldar Quliyevin araşdırmalarında həyəcan təbili çaldığı məsələlərdən biri də bəzi ölkələrin kənd təsərrüfatı məhsullarından bioloji enerji istehsalı üçün istifadə etmələridir. Bəzi ölkələr yeməyə çörək tapmır, bəziləri isə taxılı yandıraraq bioenerji alır. Onun sözlərinə görə, buna son qoyulsa dünyada 15-20 faiz əlavə taxıl ehtiyatı yaranar. Alternativ enerji mənbələrinin tapılması istiqamətində səyləri artıraraq, kənd təsərrüfatı məhsullarından enerji istehsalı üçün xammal kimi istifadə olunmasının qarşısı alınmalıdır.
Təqdirəlayiq haldır ki, azərbaycanlı alimin elmi araşdırmaları Birləşmiş Millətlər Təşkilatının marağına da səbəb olub. Hələ 2009-cu ildə alimin ərzaq təhlükəsizliyinə dair mülahizələrini yüksək qiymətləndirən BMT onu "Tac" ordeni ilə təltif edib. Elə həmin il Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası (ATEA) Eldar Quliyevi akademiyaya həqiqi üzv seçib və mükafatlandırıb.
Dünyanın hər yerində olduğu kimi, ərzaq təhlükəsizliyi məsələsi Avropada da insanları düşündürür. Məhz bu istiqamətdə elmi araşdırmalarının nəticəsidir ki, ATEA-nın tövsiyəsi ilə Eldar Quliyev bu il İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, habelə Romanın fəxri alimi adına layiq görülmüşdür. Ötən ay Romanın möhtəşəm "Marriott" hotelində Eldar Quliyevə ATEA-nın "Böyük cəngavər" qızıl ulduz ordeninin, qurumun tövsiyəsi ilə İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü və Romanın fəxri alimi diplomlarının təqdimat mərasimi keçirilmişdir. ATEA-nın prezidenti, professor Vladimir Timçinski hələ keçmiş SSRİ dövründə Azərbaycanda böyük elmi potensialın formalaşdığını, dünya şöhrətli azərbaycanlı alimlərin yetişdiyini, müstəqilliyini bərpa etmiş gənc dövlətdə elmin inkişafına xüsusi diqqət yetirildiyini və bu sahədə böyük uğurlar əldə olunduğunu diqqətə çatdırmışdır. Professor V.Timçinski Eldar Quliyevin ərzaq təhlükəsizliyi məsələlərindən bəhs edən elmi işinin əhəmiyyətini xüsusi vurğulamışdır. İtaliya Beynəlxlaq İqtisadi və Sosial Elmlər Akademiyası administrasiyasının rəhbəri Yelena Mantfre Azərbaycan ilə İtaliya arasında bir çox sahələrdə olduğu kimi, elmi əməkdaşlığın yaranmasından məmnunluq hissi duyduğunu, təmsil etdiyi akademiyanın həqiqi üzvü seçilmiş Eldar Quliyevin elmi araşdırmalarının əhəmiyyətini qeyd etmişdir.
Mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İtaliyadakı nümayəndəsinin, ATEA-nın prezidentinin, Roma şəhər meriyası rəhbərliyinin, Vatikanın, Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndələrinin iştirak etməsi azərbaycanlı alimin araşdırmalarına verdikləri yüksək qiymətdən və maraqdan xəbər verir.
Eldar Quliyevin elmi araşdırmaları qardaş Türkiyədə də yaxından izlənilir. Həm elmi araşdırmalarına, həm də qardaş türk dünyasına xidmətlərinə görə 2008-ci ildə Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına və "Qızıl Ulduz" mükafatına layiq görülüb. Qeyd edək ki, bu akademiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Rauf Denktaşın dəstəyi ilə yaradılıb və dünyanın 26 ölkəsində nümayəndəliyi var. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafat verdiyi insanlar arasında Rauf Denktaşın, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin, Azərbaycanın yaxın dostu İhsan Doğramaçının, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun və başqa adlı-sanlı insanların adlarına rast gəlmək olar. Qurumun 25-ci medalı isə Eldar Quliyevə verilib.
İqtisadiyyatın inkişafındakı xidmətlərinə görə Eldar Quliyev Türkiyənin nüfuzlu "Atatürk" beynəlxalq mükafatına layiq görülüb. Bu yaxınlarda mükafatın təqdimetmə mərasimi keçiriləcək.
Azərbaycanda elmin inkişafına göstərilən diqqətin və qayğının nəticəsidir ki, alimlərimiz yeni-yeni elmi uğurlara imza atırlar. Ən fərəhlisi də odur ki, respublikamız dünyaya həm də öz elmi ilə inteqrasiya olunur. Göründüyü kimi, Azərbaycan alimlərinin xüsusən dünyanı düşündürən qlobal problemlər ətrafında apardıqları araşdırmaları, fikir və mülahizələri dünyanın aparıcı elm ocaqları tərəfindən maraqla izlənilir. Alimlərimizin mühazirə oxumaq üçün xarici ölkələrin universitetlərinə, akademiyalarına dəvət olunmaları, nüfuzlu beynəlxalq təşkilatların və elmi-tədqiqat institutlarının diplom və medalları ilə təltif olunmaları da məhz bu səbəbdən irəli gəlir. Eldar Quliyevə də Türkiyənin və Avropanın bir neçə universitetindən mühazirə oxumaq üçün dəvət var. Ona verilən mükafatlar isə Azərbaycan elminə verilən dəyərli qiymətlərdir. Azərbaycanlı alimin elmi araşdırmalarının bütün dünyada ərzaq təhlükəsizliyi məsələsinə mühüm töhfələr verəcəyi şübhəsizdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 25 may.- S.
10.