Dövlət Dəniz Administrasiyası beynəlxalq əməkdaşlığı genişləndirir

 

Mayın 12-dən 21-dək London şəhərində Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 87-ci sessiyası keçirilmişdir. 168 üzv dövlətin müxtəlif beynəlxalq təşkilatların qatıldığı tədbirdə Azərbaycan Respublikasını Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Sessiya zamanı dənizdə təhlükəsizliyin artırılması üzrə tədbirlər, yeni gəmilərin inşasına dair standartlar, dənizdə həyata keçirilən xilasetmə axtarış fəaliyyətinin təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən Dövlət Bayraq Liman Nəzarətinin həyata keçirilməsi, habelə təsnifat cəmiyyətlərinin fəaliyyətinə nəzarət mexanizminin gücləndirilməsi metodları müzakirə olunmuşdur.

Dəniz Təhlükəsizliyi Komitəsinin növbəti sessiyası gedişində dəniz ətraf mühitinin mühafizəsi üzrə üzv dövlətlər tərəfindən beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin bu sahədə həyata keçirilmiş tədbirlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Komitənin iclasında son vaxtlar beynəlxalq ictimaiyyəti ciddi narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər, hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan 368 dənizçinin vəziyyəti, onların girovda olan 18 gəminin azad olunması istiqamətində həyata keçirilən tədbirlər barədə Beynəlxalq Dəniz Təşkilatının baş katibi, admiral Eftimios Mitropoulosun geniş nitqi dinlənilmişdir.

Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasının keçirildiyi dövrdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində böyük təcrübəsi olan dövlətlərin müvafiq qurumlarının başçıları ilə görüşlər keçirmişdir. Azərbaycan rəsmisi görüşlər zamanı ölkə başçısı İlham Əliyevin birbaşa diqqət qayğısı ilə dəniz nəqliyyatı sahəsində görülmüş səmərəli tədbirlər barədə müfəssəl məlumat vermişdir. Söhbətlər zamanı dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının yaradıldığı dövrdən keçən qısa müddət ərzində əldə olunmuş nailiyyətlər, ölkənin dəniz nəqliyyatı sferasında görülmüş işlər xarici mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.

Sessiyanın sonunda dəniz nəqliyyatı sahəsində konvensiyalara nəzərdə tutulan dəyişikliklərin layihələri səsə qoyularaq yekdilliklə təsdiq edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 25 may.- S. 10.