Azərbaycanı Avropa ilə birləşdirən
polad kəmər
Mütəxəssislərin fikrincə, nəhəng layihələrdə bir sıra şərtləri, məsələn, xərcləri, obyektlərin istismara verilməsi tarixini və s. əvvəlcədən tam dəqiqliyi ilə demək mümkün deyil. BTC nəhəng, lakin elə düzgün düşünülmüş layihə idi ki, əvvəlcədən deyilmiş vaxtda da başa çatdı.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə ilk neft 2005-ci il mayın 25-də vuruldu. Aqil və uzaqgörən memarın işləyib hazırladığı layihədə ən ümdə problemlər də, ən xırda cizgilər də əvvəlcədən son dərəcə dəqiqliklə nəzərə alınmışdı. Möhtəşəm qurğunun müəllifi - ulu öndər Heydər Əliyev tikilən kəmərin gələcəyini, hətta onun istifadəyə veriləcəyi tarixi neçə il öncədən qətiyyətlə söyləmişdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".
Həmin vaxta kimi "Azəri" yatağından ilk neftin alınması nəzərdə tutulmuşdu. 2005-ci ilin fevral ayında "Azəri"nin mərkəzi hissəsindən çıxarılan neft sualtı borularla Səngəçal terminalına nəql olundu. "Mərkəzi Azəri"nin ilk neftinin əldə olunması və BTC-nin inşasının sona çatması bir-birini tamamlayaraq işlərin rəvanlığını təmin etdi. Beş il əvvəl Səngəçaldan kəmərə neft axıdılmağa başladı. Bu münasibətlə Bakıda və Səngəçalda təntənəli mərasimlər keçirildi.
Həmin gün Azərbaycanda
bayram bayrama qovuşdu. Ölkənin neft tarixində bir
mühüm hadisə də baş verdi. Səngəçal
terminalının ərazisində Xəzər Enerji Mərkəzi
açıldı. Azərbaycanda ən iri neft-qaz və ixrac
layihələrinin əməliyyatçısı olan bp
şirkəti özünün maliyyələşdirdiyi bu mərkəzi
məlumatlandırma və maarifləndirmə ocağı
adlandırır. Xəzər Enerji Mərkəzi bənzərsiz
bir muzeydir. Buraya gələn qonaqlar, o cümlədən tələbələr
və məktəblilər ölkəmizin neft sənayesinin
inkişafı barədə çox şey öyrənirlər.
Təntənələrdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
yanaşı daha üç ölkənin - Türkiyənin,
Gürcüstanın və Qazaxıstanın dövlət
başçıları da iştirak etdilər. Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin BTC-nin Azərbaycan hissəsinin
istifadəyə verilməsi və kəmərə ilk neftin
axıdılmasına həsr olunmuş tədbirdə dediyi
sözlər hamının fikrini ifadə edirdi: "Xatırlamaq
istəyirəm ki, bu layihənin müvəffəqiyyəti
çox böyük, dahi bir şəxsiyyətin nailiyyətidir
və o, bizim qəlblərimizdə həmişə
yaşayacaqdır. Onun haqqında bizim xatirələrimiz zəngindir
və həmişə onu yada salacağıq. Bu dahi şəxsiyyət
unudulmaz Heydər Əliyevdir. Mən onun işini bütün
bu illər ərzində müşahidə etmişəm. Biz
çox yaxşı bilirik ki, o, nə kimi səylər, cəhd
göstərmişdir ki, bu boru kəməri layihəsi həyata
keçirilsin".
Xatırladaq ki, BTC-nin səhmdarları
bp (Böyük Britaniya), ARDNŞ (Azərbaycan), "Şevron"
(ABŞ), "Statoyl" (Norveç), TRAO (Türkiyə),
"Eni" (İtaliya), "Total" (Fransa),
"İtoçu" (Yaponiya), "İnpeks" (Yaponiya),
"KonokoFilips" (ABŞ), "Ness" (ABŞ) şirkətləridir.
Layihəyə bp əməliyyatçılıq edir. Kəmərin
tikintisinin baş podratçısı Yunanıstanın
CCİC şirkəti idi.
BTC-nin inşası başa
çatandan sonra onun araya-ərsəyə gəlməsində
iştirak edənlərin hamısı belə qərara gəldi
ki, kəmər ulu öndər Heydər Əliyevin
adını daşısın. Türkiyə dövlətinin
və xalqının istəyi ilə Aralıq dənizinin
sahilindəki Ceyhan terminalına da Heydər Əliyevin adı
verildi. Bu etimadı doğruldan BTC fasiləsiz və təhlükəsiz
işləyir. O, üç ölkənin ərazisində
1768 kilometr məsafə qət edərək Azərbaycan
neftini Səngəçaldan Ceyhana çatdırır.
Layihələşdirilərkən
ötürmə qabiliyyəti gündə 1 milyon barel olan boru
xəttinin gücü sonradan 20 faiz də artırılıb.
İndi BTC hər gün 1,2 milyon barel neft daşımaq
qabiliyyətinə malikdir. Doğrudur, kəmər hələlik
gündə bu qədər neft daşımır. Lakin
yaxın gələcəkdə hasilat artdıqca boru xəttinə
həmin həcmdə neft vurmaq mümkün olacaq.
Bu ilin birinci rübündə
BTC ilə təqribən 8,8 milyon ton, yaxud 65,7 milyon barel neft
ixrac edilib. Hazırda kəmərlə "Azəri-Çıraq-Günəşli"
nefti ilə yanaşı "Şahdəniz"
yatağından çıxarılan kondensat da
daşınır. BTC-nin həmçinin Qazaxıstanın
"Tengiz" yatağının neft həcmlərini
daşımaq haqqında sazişləri var.
Beş il əvvəl, BTC-yə
ilk neftin axıdıldığı gün Azərbaycan
Prezidenti İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan
Azərbaycan xalqına, bizim qonşu, dost ölkələrimizə
çox böyük səmərə, fayda gətirəcəkdir.
Bu kəmər, əlbəttə ki, ilk növbədə bizim
iqtisadi problemlərimizin həlli üçün bizə
kömək edəcəkdir. Sosial problemlərin həlli də
öz əksini tapmalıdır".
BTC həqiqətən də təkcə Azərbaycana deyil, bütün regiona mənfəət gətirməkdədir. Bu layihədən əldə olunan vəsait ölkəmizdə ən təxirəsalınmaz problemlərin həllinə yönəldilib. BTC-nin gəlirləri ilə qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası üçün vəsait də bu layihənin gəlirlərindən ayrılıb. O, həmçinin tranzit ölkələr üçün sanballı gəlir imkanı yaradır.
İndi ekoloji problemlərin həllinin bütün dünya üçün önəm daşıdığı bir zamanda BTC və ətraf mühit məsələsindən yan keçmək olmaz. Məlumdur ki, müasir dövrdə karbohidrogenlərin nəqli üçün ən etibarlı vasitə boru kəməridir. Xüsusilə borular torpaq altında basdırılanda. BTC məhz belə kəmərdir. O, bütün marşrutu boyu torpağa basdırılıb. Yerin üstündə isə yalnız nasos stansiyaları və təzyiqazaltma, ölçü-nəzarət məntəqələri fəaliyyət göstərir. Vaxtilə, tikinti zamanı ətraf mühitə dəyən ziyan da indi aradan qaldırılıb. Torpağa öz əvvəlki görkəmi qaytarılıb. Hazırda boruların üstündəki torpaqlarda əkin-biçin aparılır, bağ-bağat salınır. BTC-nin işə düşməsi ilə Bosfor boğazındakı çoxsaylı tankerlərin sayı azalıb və buradakı nəqliyyat sıxlığı aradan qalxıb.
Bütün bunlarla yanaşı, kəmərin keçdiyi ərazilərdə onun səhmdarlarının həyata keçirdiyi sosial proqramlar da davam edir. BTC-nin sosial sərmayəsi ilə kəmərboyu yaşayış məntəqələrində təhsil və səhiyyə müəssisələri təmir edilir, yollar və su xətləri çəkilir, yeni infrastruktur yaradılır.
BTC-yə ilk neftin vurulduğu gündən keçən beş il göstərir ki, bu layihə ona bəslənən böyük ümidlərin hamısını doğruldur.
Flora SADIQLI
Azərbaycan.- 2010.- 25 may.- S. 10.