Dünya Ətraf Mühit
Gününün Avropada qeyd edilməsi üçün
seçilmiş üç şəhərdən biri də
Bakı olmuşdur
Hər il BMT-in Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün qitə ölkələrindən baş şəhərlər seçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı da mərkəz şəhər seçilmişdir.
Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda ölkəmizə böyük əhəmiyyət verməsindən irəli gəlir.
5 iyun - Dünya Ətraf Mühit Gününün qeyd olunması 1972-ci il dekabrın 16-da BMT-in Baş Məclisinin 27-ci sessiyasında elan edilmişdir. Dünya Ətraf Mühit Gününü keçirən UNEP təşkilatı da həmin sessiyada yaradılmışdır. Belə bir günün keçirilməsinə 1971-ci il mayın 11-də dünyanın 23 ölkəsinin 2 min elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" müraciəti ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq etmişlər.
Baş Məclis qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırmışdır.
Dünya Ətraf Mühit Günü müxtəlif formalarda - küçə mitinqləri, velosipedçilərin yürüşləri, "yaşıl" konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və s. tədbirlərlə qeyd olunur.
"Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında həyata keçiriləcək builki tədbir ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı, bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.
Azərbaycan.- 2010.- 25 may.- S.
11.