Görkəmli iqtisadçı
alim
İqtisadiyyat bütün dövlətlərin inskişafının əsasıdır. Təsadüfi deyil ki, məhz qüdrətli iqtisadi potensiala malik dövlətlər dünyada nüfuz sahibi hesab edilirlər. Bu gün Azərbaycan da qarşıya qüdrətli dövlət qurmaq məqsədini qoymuş və sürətli iqtisadi inkişaf xəttini seçmişdir. Hazırda bu yönümdə ardıcıl uğurlar, önəmli nəticələr əldə edilir. Ölkəmizin bütün bölgələrindəki inkişaf, sənayenin müxtəlif sahələrinə geniş sərmayə yatırımı və respublikanın beynəlxalq nüfuzunun yüksəlməsi bu kursun düzgünlüyünü bir daha təsdiqləyir.
Ümumiyyətlə, hər bir tərəqqinin, iqtisadi inkişafın kökündə hərtərəfli elmi-texniki potensialın, bunun üçün isə etibarlı ictimai-siyasi sabitliyin dayandığı şəksizdir. Azərbaycan Respublikasının müasir iqtisadi inkişafının təməli ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin böyük təşkilatçılıq və idarəçilik bacarığı sayəsində Azərbaycan nəinki sənayesinin qüdrətinə, aqrar-sənaye sektorunun inkişafına, həm də elmi-texniki tərəqqisinə görə Sovetlər İttifaqının öndəgedən respublikalarından oldu.
Bu mənada, Azərbaycanda iqtisadiyyat elminin tərəqqisi, o cümlədən kənd təsərrüfatının inkişafının elmi əsaslarının yaradılması istiqamətində araşdırmaların aparılması böyük əhəmiyyət kəsb edirdi. Həmin illərdə Azərbaycanın iqtisadi yüksəlişinə, iqtisadiyyat elminin yaradılmasına və inkişafına öz dəyərli töhfələrini vermiş akademik Əhməd Mahmudovun çox böyük rolu olmuşdur.
Əhməd Mahmudov 1923-cü il may ayının 25-də Azərbaycanın tanınmış alimlərinin və mütəfəkkirlərinin yurdunda, ölkəmizin qədim və gözəl guşələrindən olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdi. Hələ məktəb illərində o özünü məqsədyönlü və bacarıqlı, təmkinli, tərbiyəli, savad almağa və öyrənməyə həvəsli bir yeniyetmə kimi göstərərək, müəllimlərinin hörmətini qazanmışdı. Rəngarəng Naxçıvan təbiətinin qoynunda boya-başa çatan, uşaqlıqdan doğma yurdunun zənginliyi ilə fəxr edən Əhməd Mahmudov, sonradan bütün həyatını torpağa, onun məhsuldarlığının yüksəldilməsi naminə elmi axtarışlara həsr etdi. Təbiətşünaslıq onun ən çox xoşladığı fənlərdən idi. O, həyatda qarşısına qoyduğu məqsədi çox yaxşı bilirdi. Buna görə orta məktəbi bitirən kimi Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil oldu.
1942-ci ildə hərbi xidmətə çağırıldı və cəbhəyə göndərildi. Faşizmə qarşı qanlı döyüşlərdə rəşadətlə vuruşdu. Göstərdiyi şücaətə və nümunəvi xidmətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbəyə görə" medalı ilə təltif olundu. Qəhrəmanlığına və igidliyinə görə dəfələrlə mükafatlandırıldı.
1945-ci ildə müharibədən qayıtdıqdan sonra Əhməd Mahmudov Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisadiyyat Universitetinə) qəbul oldu və 1950-ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirdi. Elə həmin il Azərbaycan Elmlər Akademiyasının Iqtisadiyyat bölməsinin aspirantı oldu və seçilən gənclər sırasında SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda təhsilini davam etdirmək üçün Moskvaya göndərildi.
Moskvada aspirantlıq illəri onun üçün böyük elmə yol açdı. Burada da öz zəhmətsevərliyi, elmin dərinliklərinə yiyələnmək istəyi və coşqusu Əhməd Mahmudova müəllimlərinin hörmətini qazandırdı. Təsadüfi deyil ki, 1955-ci ildə o, namizədlik dissertasiyasını müdafiə etmişdi. Qeyd olunmalıdır ki, SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı alimləri tərəfindən yüksək qiymətləndirilən namizədlik işini Əhməd Mahmudov öz doğma torpağına - Şərur rayonunun nümunəsində Azərbaycanın müharibədən sonrakı illərdə kənd təsərrüfatının inkişafı məsələlərinə həsr etmişdi.
Həmin illərdə Azərbaycan kəndləri aqrar təsərrüfatın inkişafının sürətləndirilməsinə, bu sahədə elmi-texniki tədqiqatların aparılmasına xüsusi ehtiyac duyurdu. 1956-cı ildə iqtisad elmləri namizədi Əhməd Mahmudov Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin baş elmi işçisi kimi fəaliyyətə başladı. O, 1956-1958-ci illərdə pedaqoji fəaliyyətlə də məşğul oldu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda siyasi iqtisad fənnini tədris etdi.
1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Iqtisadiyyat bölməsinin bazasında İqtisadiyyat İnstitutu yaradıldı. Bu, artıq respublikada iqtisadiyyat elminin təşkilinin, eləcə də iqtisadiyyat sahəsi üzrə elmi işçilərin hazırlanması məsələlərinin daha da yüksək mərhələyə daxil olduğunu göstərirdi. Əhməd Mahmudovun yeni institutun yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Elmlər Akademiyasının rəhbərliyi gənc, enerjili alimin zəkasını, elmini və insani keyfiyyətlərini diqqətdən kənarda qoymadı və o, institutun direktor müavini vəzifəsinə təyin olundu.
Həmin vaxtdan etibarən Əhməd Mahmudovun həyatı bilavasitə Elmlər Akademiyasının İqtisad İnstitutu ilə bağlandı. O, altı il bu vəzifədə çalışdıqdan sonra 1964-cü ildə institutun direktoru təyin olundu və ömrünün sonunadək, düz 25 il həmin elmi müəssisənin rəhbəri işlədi. Bu illərdə həm də Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında iqtisadi problemlər üzrə Respublika Elmi Şurasının sədri olan Əhməd Mahmudov Azərbaycanda elmi işçilərin hazırlanması işinə misilsiz xidmətlər göstərdi. O, elmin çox fədakar və bacarıqlı təşkilatçısı idi. Onun rəhbərliyi ilə bu elm ocağında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə 300 namizədlik və doktorluq dissertasiyası müdafiə edildi. Əhməd Mahmudov 1976-cı ildən 1988-ci ilədək İqtisadiyyat İnstitutunda iqtisad elmləri namizədi və doktoru alimlik dərəcələrinin verilməsi üzrə iki ixtisaslaşdırılmış Şuranın sədri oldu. Respublikanın bir sıra tanınmış iqtisadçıları, alimləri, millət vəkilləri, hazırda mühüm vəzifələrdə çalışan dövlət qulluqçuları indiyədək Əhməd Mahmudovu özlərinin müəllimi, elmdə rəhbəri, ağsaqqalı sayırlar. Əhməd müəllimin Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illər Azərbaycanda iqtisadiyyat elminin inkişaf dövrü olmuşdu, - deyə həmkarları və tələbələri xatırlayır.
Əhməd Mahmudovun Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağı nəinki respublikada, eləcə də keçmiş sovetlər məkanında böyük nüfuzu olan aparıcı elmi-tədqiqat mərkəzinə çevrildi. Alimin elmlə təşkilatçılıq işini bacarıqla əlaqələndirməsi sayəsində bu institutun apardığı tədqiqatlarda respublikada elm və istehsalatın əməli şəkildə, real iqtisadiyyatla bağlılığı daha geniş vüsət aldı, elmi nəticələrin tətbiqi əhəmiyyətli dərəcədə yüksəldi.
Xüsusən 70-ci illərdə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində baş verən yüksəliş dövründə kənd təsərrüfatı ilə bağlı elmi axtarışlar da inkişafla yanaşı addımlamalı, daha yeni və müasir elmi-praktik tədqiqat nəticələrini ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi, respublikanın ictimai-siyasi və iqtisadi həyatında köklü dəyişikliklər aparıldığı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının yenidən qurulması üçün ciddi start verildiyi həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu xalq təsərrüfatının dinamik inkişaf etməsi istiqamətində qarşısına qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəlirdi. İnstitutun tövsiyələri respublikanın müvafiq dövlət qurumları tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə qərarların qəbul edilməsində mühüm rol oynayırdı. Bununla əlaqədar, Əhməd Mahmudovun rəhbərliyi ilə respublikanın regionlarında mütəmadi olaraq elmi-praktik konfransların, seminarların keçirilməsini və ekspedisiyaların təşkilini xüsusi qeyd etmək lazımdır. Əslində, bu cür tədbirlər respublikada aqrar siyasətin həyata keçirilməsinin praktik monitorinqi rolunu oynayırdı. Həmin konfrans, seminar və digər tədbirlərin nəticələri isə sonradan kənd təsərrüfatının daha intensiv inkişaf etdirilməsi üzrə müxtəlif proqramların əsasını qoymuşdu.
Respublikada iqtisadiyyat elminin təşkil olunmasında yorulmaz fəaliyyəti, rəhbərlik etdiyi institutun elmi nəticələrinin tətbiqi ilə yanaşı, Əhməd Mahmudov fərdi elmi araşdırmalarına da bir an belə fasilə vermirdi. Namizədlik işinə həsr etdiyi kənd təsərrüfatının intensivləşdirilməsi məsələləri onun sonrakı elmi əsərlərində özünün hərtərəfli inkişafını tapmışdı. Əhməd Mahmudovun "Azərbaycan SSR-də əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri (pambıqçılıq təsərrüfatlarının nümunəsində)" mövzusunda 1967-ci ildə müdafiə etdiyi doktorluq işi SSRİ-nin iqtisadiyyat və aqrar sahə üzrə tanınmış alimləri arasında böyük rezonans doğurdu. Qeyd etmək lazımdır ki, aqrar sektorun intensivləşdirilməsi məsələləri o vaxtlar Sovet İttifaqının iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edirdi. Çünki geniş əraziyə və zəngin təbii ehtiyatlara malik bir ölkədə uzun müddət ekstensiv inkişaf prioritet hesab olunurdu. Təkcə xam torpaqların mənimsənilməsi və nəticədə daha çox ərazilərin əkinçilik üçün istifadə olunması hesabına deyil, kənd təsərrüfatının intensivləşdirilməsi, ilk baxışdan yararsız görünən torpaqlardan istifadənin mümkünlüyü məsələsinin ortaya qoyulması və yeni texnologiyaların tətbiqi ilə əmək məhsuldarlığının artırılması bu sahədə yenilik və tam fərqli yanaşma idi. Məlumdur ki, 60-cı illərin sonunda Sovet İttifaqı kənd təsərrüfatının sürətli inkişafı üzrə Qərb dövlətlərindən ciddi şəkildə geri qalmağa başlamışdı. Bu geriliyi aradan qaldırmaq və sürətli inkişafa nail olmaq üçün aqrar sektorda istehsalın intensiv vasitələrini tətbiq etmək lazım idi. Elə bu məqsədlə aqrar-sənaye kompleksləri yaradıldı. Akademik Əhməd Mahmudovun elmə gətirdiyi yenilik tam yerinə düşürdü. Sözsüz ki, Azərbaycanda da aidiyyəti iqtisadi məsələlərin həll olunması və aqrar-sənaye kompleksinin elmi əsaslarının yaradılması problemlərinin ağırlığı İqtisadiyyat İnstitutunun və şəxsən direktor Əhməd Mahmudovun fəaliyyətinin effektliyi ilə bağlı idi. O, qısa müddət ərzində rəhbərlik etdiyi institutda bu məsələlərin hərtərəfli həll olunması üçün güclü elmi potensial yaratmağa nail oldu.
Akademik Əhməd Mahmudov iqtisadiyyat sahəsində geniş diapazona malik bir alim idi. O, kənd təsərrüfatının intensivləşdirilməsi problemləri, eyni torpaq sahəsinə əlavə vəsait qoyuluşu və əmək sərfi nəticəsində ikinci diferensial rentanın yaranması sahəsində geniş tədqiqat işləri aparan ilk görkəmli alimlərdən hesab olunur. Yaradıcı bir alim kimi Əhməd müəllimin üstünlüyü onda idi ki, o, bir tərəfdən iqtisadi nəzəriyyəni, digər tərəfdən isə konkret iqtisadiyyatı, xalq təsərrüfatı qarşısında duran müasir sosial-iqtisadi problemləri dərindən bilirdi. Bu iki cəhətin üzvi surətdə əlaqələndirilməsi onun elmi tədqiqatlarının əhəmiyyətini daha da artırır və inkişafın müasir tələbləri səviyyəsinə yüksəldirdi.
Bu gün Əhməd Mahmudovun Azərbaycanda aqrar iqtisad elminin banilərindən biri olduğu danılmazdır. Akademik Əhməd Mahmudov indi də öz aktuallığını itirməyən 200-dən artıq elmi əsərin müəllifidir. Onun monoqrafiyaları, tədris və metodik vəsaitləri, ali məktəblər üçün Azərbaycan dilində hazırladığı dərsliklər elmin bu mühüm sahəsinin inkişafında əvəzsiz rol oynamışdır. İqtisadiyyat Institutunun direktoru olmaqla yanaşı, Əhməd Mahmudov uzun müddət bu elm mərkəzinin "İstehsalın səmərəliləşdirilməsi və əmək məhsuldarlığının artırılması" şöbəsinə də rəhbərlik etmişdir. O, həm də uğurla həyata keçirilmiş çoxlu yeni ideyaların və araşdırmaların müəllifidir. Azərbaycanda aqrar iqtisadiyyatın inkişafında da əmək məhsuldarlığının yüksəldilməsi tədqiqatlarında onun böyük xidmətləri vardır. Aqrar istehsalın intensivləşdirilməsinin elmi-praktik əsaslarının işlənib hazırlanması bu gün üçün də çox aktualdır və fermer təsərrüfatlarının yeni iqtisadi şəraitdə inkişafında mühüm rol oynayır.
Əhməd Mahmudovun çoxşaxəli elmi yaradıcılığı və yorulmaz təşkilatçılığı ona nəinki respublikada, eləcə də ovaxtkı mərkəzin elmi dairələrində, Moskvada da böyük hörmət və rəğbət qazandırmışdı. 1972-ci ildə Əhməd Mahmudov "İqtisadiyyat" ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının Zaqafqaziya şöbəsinin kənd təsərrüfatı istehsalının iqtisadiyyatı və təşkili bölməsinin üzvü seçilmişdir. 1976-cı ildə SSRİ Nazirlər Sovetinin elm və texnika üzrə Dövlət Komitəsi yanında "Zaqafqaziya su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi" Şurasının üzvü, həmçinin SSRİ Elmlər Akademiyasının və Dövlət elm və texnika Komitəsinin ölkənin elmi-texniki tərəqqisinin kompleks proqramının hazırlanması üzrə komissiyalarının üzvü idi. 1981-ci ildə iqtisadiyyat sahəsində tədqiqatlarına və "Müasir mərhələdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı" kitabının hazırlanmasına görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) Baş Komitəsinin gümüş medalına layiq görülmüşdür.
1983-cü ildə Əhməd Mahmudov "İqtisadiyyat" ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və SSRİ-nin aqrar-sənaye kompleksinin iqtisadiyyat, sosial və hüquq məsələləri üzrə Elmi Şurasının Azərbaycan filialının sədri seçilmişdir. 1981-1985-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında planlaşdırma və iqtisadi həvəsləndirmənin yeni metodlarının tətbiqi məsələləri üzrə idarələrarası komissiyanın üzvü, Azərbaycan EA-nın tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsinin akademik-katibinin müavini olmuşdur. O, ictimai-elmi fəaliyyətinə görə ümumittifaq və respublika "Elm" cəmiyyətlərinin çoxlu sayda döş nişanları, diplomları, "Fədakar əməyə görə", "Əmək veteranı" medalları, "Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi şərəfinə" 2-ci dərəcəli Vətən müharibəsi ordeni və yubiley medalları ilə təltif olunmuşdur. Elmi və ictimai fəaliyyətində göstərdiyi böyük xidmətlərə görə Əhməd Mahmudov 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Şərəf Nişanı" ordeninə layiq görülmüşdür.
Əhməd Mahmudov 1989-cu ildə dünyasını dəyişdi. O, həyatdan vaxtsız ayrıldı. Əhməd Mahmudovun simasında Azərbaycan elmi prinsipial, obyektiv və eyni zamanda, xeyirxah, insansevər və səmimi alimini itirdi.
Görkəmli alim Əhməd Mahmudov daim Azərbaycanın gələcəyini düşünən əsl ziyalı, əsl vətəndaş və əsl vətənpərvər bir şəxsiyyət idi. O, məhz belə şəxsiyyət kimi, həm də Qarabağ müharibəsinin ilk günlərindən ürəkağrısı ilə erməni məkrinə, onların mənfur qəsbkarlıq siyasətinə müxtəlif səviyyələrdə öz etirazını və nifrətini bildirən, xalqına, torpağına dərindən bağlı bir azərbaycanlı kimi yaddaşlarda əbədi qalacaq.
Əhməd Mahmudov iqtisadçı alimlərin, azərbaycanlı mütəxəssislərin yetişməsində müstəsna rol oynayıb. Onun son dərəcə sadə, humanist təbiətli bir alim kimi gənc iqtisadçılara münasibəti əsl ata qayğısında və diqqətində əksini tapırdı. Əhməd müəllimlə birgə işləyənlər indiyədək onu hörmət və ehtiramla xatırlayırlar. Yadımızdadır, bəzən iqtisadiyyat məsələlərinin elmi müzakirələri zamanı yaranan gərginliyi Əhməd müəllim çox müdrikliklə dərhal aradan qaldırır, insanlar arasında səmimiyyətin qorunmasını təmin edirdi.
Akademik Əhməd Mahmudov özündən sonra zəngin elmi-yaradıcılıq irsini miras qoydu. Vətənini hədsiz dərəcədə sevən bu böyük alim Azərbaycan iqtisadiyyat elmində mühüm ənənələrin əsasını yaratdı. O, elmə tətbiqi mümkün olmayan ideyalarla deyil, yaradıcı şəkildə yanaşırdı. Əhməd Mahmudov nəzəri məsələlərdən asılı olmayaraq, elmi tədqiqatların sosialyönümlü olmasının, insana xidmət etməsinin ən mübariz tərəfdarı idi. Bununla yanaşı, o, gənc iqtisadçı alimlərdən tələb edirdi ki, onların araşdırmalarında, əsərlərində, elmi axtarışları zamanı yeniliklərlə bərabər, həm də xalqımızın iqtisadi məsələlərdə ənənələri, onun özünəməxsusluğu, milli bağlılığı əksini tapsın, bu elmi nəticələrin məhz azərbaycanlının qələmindən çıxdığı hiss olunsun.
Alimin elmi axtarışları və gəldiyi nəticələr həmişə aktualdır, tədqiqatçılar və istehsalçılar üçün gərəklidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezident İlham Əliyevin nitqindəki "kənd təsərrüfatının intensiv şəkildə inkişaf etməsinin, bütün torpaqların münbit vəziyyətə gətirilməsinin vacibliyi və bu işlərin ərzaq təhlükəsizliyi məsələsində mühüm faktor olması" kimi fikirlər və tövsiyələr həmin aktuallığın indi də gündəmdə olmasını göstərir. Dövlət başçısının tövsiyələri bizim üçün, bütün iqtisadçılarımız üçün proqram xarakteri daşıyır, səylərimizi gücləndirməyə və səfərbər etməyə çağırır.
Müstəqil Azərbaycanda həmin məsələlər bu gün də əhəmiyyət kəsb edir, böyük alimin uzaqgörənliyi xüsusi ehtiramla xatırlanır. "İnsan öz şəxsi və milli ləyaqətini hiss etdikdə və qoruduqda, həyatda inamla addımlayır", - Əhməd Mahmudov bu sözləri tez-tez deyərdi. Əhməd Mahmudov, həyatda daim bu prinsipə riayət edən bir alim, bir vətəndaş kimi özündən sonra da bizlərə bu prinsipə sadiq olmağın parlaq nümunəsini əmanət qoydu.
Asəf Nadirov,
Akademik
Azərbaycan.- 2010.- 25 may.- S.
12.