Şərurun özü də
abadlaşır, kəndləri də
Yüz min nəfərdən artıq əhalinin yaşadığı Şərurda rayonun 65 kəndi var. Əhalinin təxminən 85 faizi kəndlərdə yaşayır. İri kəndlərdən biri Yengicədir. Dörd mindən artıq əhalisi olan bu kənd rayon mərkəzindən 2 km aralıda yerləşir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında mühüm mərkəzlərdən biri kimi tanınıb. Şərurda ilk maarif ocağı da 1882-ci ildə burada açılıb. Həmin məktəbin açılmasının təşəbbüskarı və təşkilatçısı dövrünün böyük maarifçi ziyalılarından olan Mirzə Ələkbər Süleymanov olub. Qori Müəllimlər Seminariyasını bitirən bu şəxs həmin il kənddə 11 uşağı təhsilə cəlb edib. İki il sonra isə məktəb üçün ikisinifli bina inşa edilib. Tədqiqatçıların fikrincə, bu, Naxçıvan qəzasında tikilən ilk məktəb binası idi. Ondan üç il sonra böyük yazıçı və demokrat Cəlil Məmmədquluzadənin ilk əmək fəaliyyətinə başladığı Baş Noraşen kənd məktəbi yaradılıb. O, 50 nəfərlik ikisinifli zemstvo məktəbi olmuşdur. Mirzə Cəlil burada işləyərkən ilk qələm təcrübəsi olan "Çay dəstgahı" alleqorik dramını tamamlamışdır. Hər iki məktəb bölgə əhalisinin maariflənməsində, savadlanmasında önəmli rol oynamaqla yanaşı, ədəbi-pedaqoji fikrin qabaqcıl mərkəzlərindən birinə çevrilmişdir.
Sovet dövründə də Yengicə kənd orta məktəbi öz uğurları ilə tanınıb. Məzunları sırasında onlarca dövlət, elm və mədəniyyət xadimləri, tanınmış hüquqşünaslar və həkimlər, sənət adamları var idi. 1941-1945-ci illər müharibəsi dövründə Mozdokdan Berlinədək şərəfli döyüş yolu keçən, göstərdiyi şücaətlərə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilən Asiya Hüseynova da bu məktəbin yetirməsi olub.
Həmin illərdə kənddəki Jdanov adına kolxoz rayonun qabaqçıl təsərrüfatlarından biri idi. Əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşan bu təsərrüfat neçə dəfə respublika yarışında qalib gəlib. Təsərrüfatın sıravi üzvü Tamam Əliyeva isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində kənddə fəaliyyət göstərən un dəyirmanı da rayon əhalisinə xidmət edib. Burada gün ərzində orta hesabla 18-20 ton taxıl üyüdülürdü.
Ötən əsrin 70-80-ci illərində sakinlərinin üzləşdikləri bir çox sosial-iqtisadi problemlər həllini tapıb. Kənddə ikimərtəbəli orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, məişət evi inşa olunub.
Bu ilin mart ayından Yengicə yenidən böyük inşaat meydançasına çevrilib. Kənddə müasir tipli obyektlərin inşasına başlanıb. "Gəmiqaya" MMC-nin tikdiyi 568 şagird yerlik məktəb əraziyə xüsusi yaraşıq və gözəllik verəcəkdir.
Hazırda üç yüzə yaxın şagirdin təhsil aldığı kənd orta məktəbi bu gün öz ənənələrini yaşadır. Ötən il məktəbi bitirən 30 məzundan 8-i ali təhsil ocağına qəbul olunub. Anita Seyidzadə BDU-nun tarix fakültəsində, Gəray Tağıyev Memarlıq və İnşaat Universitetində, Aygün Qazıyeva, Çinarə Zahirli və Günay Şükürova isə Dövlət Dillər Universitetində oxuyurlar.
Qazanılan uğurlarda pedaqoji kollektivin, müəllimlərin böyük zəhməti var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Təcrübəli müəllimlər Xanım Cəfərova, Afət Seyidova, Ədalət Tağıyev, Laləzar Zeynalova, Səriyyə İbrahimova təlim prosesində mütərəqqi üsullardan istifadəyə həmişə önəm verirlər.
Ötən əsrin 70-80-ci illərində də məktəb rayonun qabaqcıl təhsil ocaqlarından olub. Maarif əlaçısı Kamil Qafarov, əməkdar müəllim Firuzə Ələkbərova, Nadir Hacıyev, İsa Hüseynov muxtar respublikada ən yaxşı pedaqoq kimi tanınırlar. Onların iş təcrübələri muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən öyrənilir və məktəblər arasında yayılır.
Bu təhsil ocağı indi Kamil Qafarovun adını daşıyır. Məktəbin qarşısında təcrübəli pedaqoqun tuncdan büstü ucaldılıb.
Yeni təhsil ocağının inşasına 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Ötən iki ay ərzində obyektdə dəmir-beton konstruksiya işləri sona çatdırılıb. Birinci mərtəbədə hörgü işlərinə başlanılıb. Tikintidə yerli materiallardan geniş istifadə olunur.
Təzə binada müəllim və şagirdlərin ixtiyarına geniş və yaraşıqlı sinif otaqları, əyani vəsait və digər avadanlıqlarla zəngin fənn kabinetləri və laboratoriyalar, elektron lövhə, internetə qoşulan informatika mərkəzi, zəngin kitabxana, müasir idman zalı veriləcək. Ən başlıcası isə yeni məktəbin tikintisində kəndin gələcək perspektivləri nəzərə alınmışdır. Bu hesabla yaxın 20-25 il ərzində burada əlavə sinif otaqlarına, yeni tədris korpusuna ehtiyac duyulmayacaq.
Yengicədə inşa olunan obyektlərdən biri də "Kənd mərkəzi"dir. Bir vaxtlar kolxoz idarə heyətinin inzibati binasının yerləşdiyi ərazidə tikilən mərkəz kəndin görkəminə yeni çalarlar gətirəcək. İkimərtəbəli binanın birinci qatında poct bölməsi, elektron ATS, baytar məntəqəsi, kənd kitabxanası olacaqdır. İkinci mərtəbə yerli icra nümayəndəliyi ilə bələdiyyənin ixtiyarına veriləcəkdir. YAP-ın ərazi ilk təşkilatına da iş otağı ayrılıb. Binada 70 yerlik iclas zalı da olacaqdır.
"Artay" şirkətinin inşa etdiyi bu obyektdə artıq hörgü işləri başa çatdırılıb, qapı və pəncərələr salınıb, çardaq vurulub. Hazırda istilik sistemi quraşdırılır, elektrik xətti çəkilir.
"Artay" şirkəti kənddə ikimərtəbəli həkim ambulatoriyası da inşa edir. Uzun illərdir ki, 10 nəfərə yaxın tibb işçisinin çalışdığı səhiyyə ocağı qeyri-münasib binada yerləşir. Odur ki, kənd sakinləri daha çox rayon mərkəzi xəstəxanasının xidmətindən istifadə etməli olurlar. Yeni müəssisə istifadəyə veriləndən sonra əhaliyə ilkin tibbi xidmət də burada göstəriləcək. Müəssisə müasir cihazlarla təmin olunacaq. İki çarpayılıq palata isə stasionar xəstələrin ixtiyarına veriləcək.
Ticarət mərkəzində gündəlik təsərrüfat malları, ərzaq, sənaye və heyvandarlıq məhsulları satılacaq. Obyektin bir hissəsində isə məişət xidməti sahələri fəaliyyət göstərəcək.
Kompleks tədbirlər sayəsində kənd qəbiristanlığının ərazisi səliqəyə salınıb. Kənddə elektrik dirəkləri təzələnib, yeni məhəllələrə xətlər çəkilib. Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri isə hamının ürəyincə olub. Yolun eni 6 metrdən 10 metrə çatdırılıb. Şəxsi evlərə, fərdi təsərrüfatlara dəyən maddi ziyanlar ödənilib. Bir ailə yeni mənzillə təmin olunub, 3 təsərrüfat üçün yardımçı binalar tikilib. Yol boyunca hasarlar çəkilib, bardurlar düzülüb. Piyadaların rahat hərəkəti üçün dekorativ daşlarla bəzədilən səkilər salınıb, yol kənarlarında müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllaşdırma tədbirləri həyata keçirilib. Rayon kommunal müəssisələri kombinatının inşaatçıları bu işləri yenə də yüksək keyfiyyətlə davam etdirirlər. Yaxın günlərdə rayon yol istismar idarəsinin kollektivi də onlara qoşulacaq.
Ümumiyyətlə, son illər Şərur rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq tədbirləri sayəsində yeniləşən yaraşıqlı kəndlər çoxdur. Aralıq, Tumaslı, Qarxun, Aşağı Daşarx, Aşağı Yaycı kəndlərini buna misal göstərmək olar. Aralıq kəndində məktəb, xəstəxana, mədəniyyət evi, məscid, uşaq musiqi məktəbi, kənd mərkəzi, iri ticarət obyekti ilə yanaşı, xeyir-şər məclislərinin keçirilməsi üçün müasir tipli obyekt də tikilib, lazımi mebel və məişət avadanlıqları ilə təmin edilib. Kəndarası arxların çaylaq daşları ilə hörülməsi, qəbiristanlıqda abadlıq və yaşıllaşdırma tədbirlərinin aparılması hamı tərəfindən rəğbətlə qarşılanıb.
Yengicə kəndində həyata keçirilən quruculuq işləri ona yeni görkəm gətirəcək. Rayon icra hakimiyyətində bildirirlər ki, cari ildə rayonun Maxta, Zeyvə, Yuxarı Daşarx kəndlərində də abadlıq işləri aparılacaq. Həmin kəndlərdə sosial-iqtisadi problemlərin həllinə kompleks şəkildə yanaşılır, eyni vaxtda bir neçə obyekt inşa olunur.
Kəndlərlə yanaşı, rayon mərkəzində görülən işlər də çoxalıb. Şərurda ötən ay 200 yerlik müasir tipli uşaq bağçası istifadəyə verilib. Burada balacaların təlim-tərbiyəsi ilə 50 nəfər məşğul olur. "Naxçıvan Aqrolizinq" ASC-nin Şərur bazası üçün inşa olunan obyektlər də quruculuq tədbirləri sırasındadır. Üç bölmədən ibarət Şərur ticarət mərkəzində 220 yerlik açıq və örtülü bazarlar, 48 mağaza, məişət xidməti sahələri, iaşə obyektləri fəaliyyət göstərəcək. Uşaq musiqi və incəsənət məktəbinin, mədəniyyət sarayının tikintisi də artıq gündəmdədir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2010.- 25 may.- S.
12.