Əsrarəngiz Krit adası Azərbaycan turistlərinin yolunu gözləyir

 

Mayın 24-də "Hyatt Regensy" otelində keçirilən mətbuat konfransında Bakıdan Kaniya şəhərinə yeni aviareysin açılışı ilə bağlı pilot layihənin təqdimatı olub

 

Yunanıstanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri cənab İoannis Metaksas media nümayəndələrini salamlamış, Yunanıstandakı hazırkı vəziyyət barədə, habelə yay mövsümü ərzində azərbaycanlı turistlərin qədim Ellada yurduna səfəri ilə bağlı pilot layihə barədə məlumat vermişdir: "Hər şeydən əvvəl onu deyim ki, bu layihə Yunanıstan hökuməti Bakıdakı səfirliyimiz tərəfindən tamamilə dəstəklənir.

2009-cu ilin oktyabr ayından Yunanıstan barədə beynəlxalq mediada neqativ açıqlamalar yer alır. Bu isə reallığı əks etdirmir. Bilirsiniz ki, 2007-ci ildən başlayan iqtisadi böhran 2008-ci ildə pik həddinə çatdı. Bu maliyyə böhranı üçün məsuliyyət daşımayan Yunanıstan bununla belə həm o zaman, həm indi açıq iqtisadiyyata malik olmaqla yanaşı, dövrümüzün tələbinə uyğun tamamilə inteqrasiya olunmuş bir sistemə malikdir. Bu gün Yunanıstanda ümumi vəziyyət sabitdir. Xalqın böyük hissəsi iqtisadiyyatın dirçəldilməsi üçün əminliklə çalışmaqda qərarlıdır".

Ölkənin turizm sahəsində gördüyü işlərə gəlincə, cənab İoannis Metaksas bildirdi ki, Yunanıstan özünün mülayim iqlimi, gözəl Aralıq dənizi sahili əraziləri, klassik arxeoloji tarixi yerləri ilə bütün dünyada məşhurdur. Gözəl sakit adalar, əsl yunan qonaqpərvərliyi ölkəyə turist axınını artıran amillərdəndir.

Bu gün Yunanıstan turistlərin dünyada ən çox ziyarət etdiyi ölkələrdən biridir. Dünyanın nüfuzlu turizm dərgilərindən olan "Lonely Planet" Yunanıstanı 2010-cu ilin ən çox tələb olunan turizm məntəqəsi siyahısına daxil edib. Son onillikdə bu ölkəyə gələn ziyarətçilərin sayı müntəzəm olaraq artmaqdadır. 2004-cü ildə Olimpiya oyunlarının keçirildiyi dövrdə qədim Elladaya 14 milyon 200 min turist gəlmişdi. Məftunedici gözəlliyi, zəngin tarixi ilə tanınan Krit adası dünyanın ən çox ziyarət olunan turizm məntəqələrindəndir.

Azərbaycanlı turistlərin yay mövsümü ərzində Kritə nəzərdə tutulan səfəri ilə bağlı təfərrüatı açıqlayan Yunanıstan rəsmisi bildirdi ki, bu layihə həm Yunanıstan hökumətinin, həm bu ölkənin Bakıdakı səfirliyinin böyük dəstəyi ilə həyata keçiriləcək. "Bir onu deyə bilərəm ki, bu layihə çərçivəsində ilk dəfə olaraq səfirliyimizə gəlmədən viza almaq, həftədə bir dəfə təyyarə ilə Krit adasına səfər etmək mümkün olacaq. Bu, tərəflərimiz arasında qarşılıqlı inam hörmətin təzahürüdür. Əgər builki pilot layihəmiz uğurlu olarsa, gələn il bu layihəyə daha sərfəli şərtlərlə davam etdiriləcək. Onu da bildirim ki, Yunanıstan öz təkrarsız gözəlliyini təqdim etməklə həm etibarlı təhlükəsizliyə təminat verir. Turizm, eyni zamanda biznes sahəsində bir çox imkanları üzə çıxarır".

Mətbuat konfransında çıxış edən Azərbaycanın Yunanıstanın turizm şirkətlərinin nümayəndələri iyulun əvvəllərində reallaşacaq pilot layihə ilə bağlı bir çox sualları ətraflı cavablandırmışlar. Yunanıstanın "Kalamaki" turizm şirkətinin təmsilçisi azərbaycanlı turistləri Krit adasında səmimiyyətlə qarşılamaq arzusunu ifadə etmiş, bu əsrarəngiz diyarın turizm imkanları barədə konkret faktları açıqlamışdır.

Xatırladaq ki, Bakıdan Kaniyaya ilk təyyarə reysi iyulun 3-də baş tutacaq.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.- 25 may.- S.  13.