Dövlət idarəçiliyinə dair ilk dərslik

 

Cəmiyyətin fəaliyyətinin tənzimlənməsində idarəetmə prinsiplərinin aparıcı amil olması dünya elmi ictimaiyyətinə çoxdan məlum olsa da, onun inkişafı və təkmilləşməsində dövlət idarəçiliyinin rolu hələ kifayət qədər tədqiq olunmamışdır. Ümumi strategiyanın və lokal taktikanın zaman, məkan və şəraitə görə dəyişməsi baxımından və bu sahədə subyektiv reallığın həlledici əhəmiyyətə malik olduğundan, yanaşmalarda müvafiq fərqlərin mövcudluğu təbii qəbul edilir. Ona görə də bu sahədə illərin sınağından çıxmış və elmi təsdiqini tapmış nəzəri prinsiplərin sistem halına salınması və onlardan təlim proseslərində istifadə edilməsi tədqiqatçıların və pedaqoji elitanın əsas vəzifələrindən biridir.

Vaxtilə ölkəmizdə cəmiyyətin əsasən sovet idarəçiliyi sisteminin prinsipləri ilə "yükləndiyini" nəzərə alsaq, məsələnin bu gün nə qədər aktual olduğu bir daha aydın olar. Eyni zamanda ona da diqqət yetirsək ki, hazırkı gənc nəsil əsasən bazar münasibətləri və xüsusi mülkiyyətə istinad edən dünya ölkələrinin formalaşdırdığı idarəçilik nəzəriyyəsinə söykənən elmi-nəzəri və təcrübi prinsiplərin öyrənilməsi və mənimsənilməsinə meyillidir, onda bu iki zümrənin nəinki baxışlarında, həm də real hərəkətlərində müəyyən uyğunsuzluq və anlaşılmazlıqların mövcudluğunun uzun müddət davam etməsinin qaçılmaz olacağı qənaətinə gəlmək də günümüzün reallığı kimi qəbul edilməlidir.

Bütün bunları nəzərə alsaq, Azərbaycanda dövlət idarəçilik üsul və metodlarını ehtiva edən elmi nəşrə ehtiyac duyulurdu. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun rəhbərliyi ilə akademiyanın təcrübəli müəllimlərindən ibarət yaradıcı kollektivi bu missiyanı üzərlərinə götürdü və onlar tərəfindən xeyli müddətdən bəri hazırlanıb başa çatdırılan "Dövlət İdarəçilik nəzəriyyəsi" dərsliyi çapdan çıxmışdır.

Kitabda idarəetmənin ərazi və sahə xüsusiyyətlərindən tutmuş onun inzibati-demokratik və analitik-praqmatik metodlarının, sosial-iqtisadi, milli-psixoloji və siyasi-ideoloji mahiyyətinə qədər bütün əsas məsələləri məntiqi ardıcıllıqla şərh edilmiş və konkret faktlarla təsdiqlənmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq qərarı ilə təsdiq olunan və "Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr edilən 550 səhifəlik dərslik ön söz, üç bölmə, iyirmi iki fəsildən ibarətdir.

"Dövlət idarəçiliyinin elmi-nəzəri və metodoloji əsasları" adlanan birinci bölməyə doqquz fəsil daxildir. Birinci fəsil "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" adlanır. Burada Azərbaycanın dövlət idarəçilik tarixindən, Heydər Əliyevin dövlətçilik konsepsiyasının elmi əsaslarından və dövlətçilik irsindən, onun davam etdirilməsi dialektikasından bəhs olunur, onların qarşılıqlı əlaqəsi şərh edilir.

Dövlət idarəçilik nəzəriyyəsinin predmeti və vəzifələri, dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsasları və dövlət idarəçilik nəzəriyyəsinin metodu məsələlərinə həsr edilmiş mövzular "Dövlət idarəçilik nəzəriyyəsinin predmeti, metodu və vəzifələri" adı altında ikinci fəsildə verilmişdir.

"Dövlət idarəçiliyi və cəmiyyətin idarə olunmasında onun rolu" başlıqlı üçüncü fəsil idarəetmənin mahiyyətinə və cəmiyyətin idarə olunmasına qoyulan tələblərə, dövlət idarəçiliyinin xüsusiyyətlərinə və dövlət idarəçiliyinin məqsədlərinə aid olan xarakterik xüsusiyyətləri, onların nəzəri-metodoloji prinsiplərini əhatə edir.

"Dövlət və onun funksiyaları" adlanan dördüncü fəsildə dövlətin mənşəyi, mahiyyəti və əsas əlamətləri, dövlətin tipləri və siyasi rejimlər, dövlətin ictimai funksiyaları haqqında nəzəri məsələlər müvafiq pedaqoji ardıcıllıqla araşdırılır, onların dəyişmə texnologiyasına aydınlıq gətirilir. Sonrakı fəsildə dövlət idarəetmə sistemi və prosesinə aid mövzular öz əksini tapır. Burada dövlət idarəetmə sisteminin növləri və xüsusiyyətləri açıqlanır, dövlət quruculuğuna dövlət idarəetmə sisteminin formalaşması prosesi kimi baxılır, dövlətin fəaliyyət mexanizminin idarəetmənin başlıca xüsusiyyətlərindən asılılığı və onların arasındakı əlaqələr aydınlaşdırılır.

Dövlət idarəetmə prosesində dövlətlə cəmiyyətin qarşılıqlı əlaqələrindən bəhs edən altıncı fəsildə dövlət idarəetməsinin sosial mexanizmləri, dövlət idarəçiliyində maraqların gözlənilməsinin prinsipləri, dövlət idarəetməsinin obyektləri, onların təsir imkanları, dövlət idarəçiliyinin resursları və ictimaiyyətlə əlaqələr kompleks şəkildə şərh edilərək müvafiq nəticələr çıxarılır.

Dövlət siyasəti və dövlət strategiyasına, dövlət siyasətinin hazırlanması mərhələləri və xüsusiyyətlərinə, onların reallaşdırılma mexanizmlərinə aid mövzular "Dövlət siyasəti" adlanan yeddinci fəsildə toplanmışdır.

Dövlət idarəçiliyində idarəetmə qərarlarının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan müəlliflər dərslikdə, habelə idarəetmə qərarlarının qəbulu və icrası məsələlərini əhatə edən dövlət qərarları anlayışına, dövlət idarəçiliyində qərarların qəbulunun əsas prinsiplərinə, siyasi qərarların öncüllüyünə və qərar qəbulunun mərhələlərinə də aydınlıq gətirmişlər. "Dövlət hakimiyyəti və dövlət idarəçiliyi" adlanan fəsildə dövlət hakimiyyəti anlayışı açıqlanır, dövlət hakimiyyəti və dövlət idarəçiliyi arasındakı qarşılıqlı əlaqə öyrənilir və Azərbaycan Respublikasının dövlət hakimiyyəti sisteminin vəhdəti izah edilir.

"Dövlət idarəetməsinin təşkili və təminatı" adlanan ikinci bölmə X-XVII fəsilləri əhatə edir. Dövlət idarəçiliyinin təşkilati-funksional strukturundan bəhs edən onuncu fəsildə dövlət idarəetməsinin prinsipləri, funksiyalar sistemi, funksional və təşkilati strukturu, həmçinin dövlət idarəetmə orqanlarının təşkili xüsusiyyətləri geniş şərh edilir. Sonrakı fəsildə dövlət idarəçiliyinin təmin olunmasında hüquqi tənzimlənmənin aidiyyəti məsələləri öyrənilir.

"Dövlət idarəetməsinin informasiya təminatı" adlanan fəsildə isə dövlət idarəetməsinin informasiya təminatının mahiyyəti və məzmunu, dövlət idarəetmə qərarlarının qəbulu üçün informasiyaya qoyulan tələblər, dövlət idarəçiliyində informasiya təminatının təşkili xüsusiyyətləri və yeni informasiya texnologiyaları şərh edilir və onların tətbiqi prinsipləri açıqlanır.

Dərslikdə regional idarəetmənin mahiyyəti, məqsədləri və üsulları, mərkəzi və yerli idarəetmə orqanları, regional idarəetmənin prinsipləri və təşkilinin hüquqi əsasları, həmçinin Azərbaycanda regionların inkişafının dövlət idarəetməsinin vəziyyəti araşdırılır.

On dördüncü və on beşinci fəsillər dövlət qulluğu və dövlətin kadr siyasətinə həsr edilib. Burada dövlət qulluğunun mahiyyəti açıqlanır, peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması prosesi aydınlaşdırılır, Azərbaycanda mövcud dövlət qulluğu institutunun yaranması və inkişafı, onun hüquqi əsasları və təsnifatı ilə bağlı məsələlər izah edilir. Dövlətin kadr siyasəti konsepsiyası, kadr siyasətinin prinsipləri və həyata keçirilmə mexanizmi açıqlanır, məmur kadrların hazırlanması və ixtisasının artırılması, onların fəaliyyətlərinin qiymətləndirilməsi və attestasiyası prosedurları izah edilir və kadr siyasətinin mənəvi əsasları, dövlət qulluqçularına ictimai tələblərin mahiyyəti barədə yetərincə məlumat verilir.

Müasir mərhələdə ictimai fəaliyyət sahələrinin idarə olunmasında dövlət idarəçiliyinin qarşısında duran məsələlərin rəngarəngliyindən bu məsələlərdə dövlətin fəaliyyətindəki qanunauyğunluqları ümumiləşdirmək, onları təlim-tədris və praktiki proseslərin ayrılmaz hissəsinə çevirmək əsas pedaqoji məsələlərdən biri olduğundan on altıncı fəsil "İctimai fəaliyyət sahələrinin dövlət idarəetməsi" adlandırılmışdır.

On yeddinci fəsil dövlət idarəetməsinin əsas iqtisadi funksiyalarına, onun sahələrarası xüsusiyyətlərinə və istiqamətlərinə, dövlət əmlakının və mülkiyyət münasibətlərinin, xarici iqtisadi fəaliyyətin idarə edilməsi və dövlət tənzimlənməsi məsələlərinə həsr edilmişdir. Kitabda iqtisadi inkişafın aparıcı rolundan, mülkiyyətin müxtəlif növlərinin inkişaf xüsusiyyətlərindən, özəlləşdirmə və səhmləşmə məsələlərindən, iqtisadi və sahələrarası idarəetmə məsələlərinə kompleks yanaşma prinsiplərindən və bu istiqamətdə mövcud dövlət tənzimlənməsindən danışılır.

Dərsliyin son, üçüncü bölməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuşdur. 18-ci fəsilə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və idarəetmə orqanları sisteminə aid mövzular daxil edilmişdir. Burada Azərbaycan Respublikasında dövlət orqanlarının təşkili prinsipləri, dövlət idarəetmə sistemində Azərbaycan Respublikası Prezidentinin konstitusion statusu, Milli Məclis və dövlət idarəetmə sistemində onun rolu, Azərbaycan Respublikasının məhkəmə sistemi və onun idarəetmə vəzifələri, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sistemi əlaqəli şəkildə şərh edilərək təqdim olunur.

Kitabda yerli özünüidarəetmənin mahiyyəti və prinsipləri, dövlətin və cəmiyyətin idarə olunmasında yerli özünüidarəetmənin yeri və rolu, strukturu, səlahiyyətləri və digər məsələlər geniş şəkildə şərh edilir.

20-ci fəsil "Dövlət idarəçiliyində islahatlar" adlanır və dövlət idarəçiliyində islahatların səbəbləri, məqsəd və vəzifələri, inkişaf etmiş ölkələrdə dövlət idarəçilik islahatlarının əsas istiqamətləri, Azərbaycan Respublikasında dövlət idarəçilik islahatlarının başlıca vəzifələri və istiqamətləri ilə əlaqədar mövzuları əhatə edir.

Sonuncu fəsillər "Dövlət menecmenti" və "Dövlət idarəçiliyinin səmərəliliyi" adlanır. Əslində, bu fəsillə bir növ idarəetmənin özünə də yekun vurulur.

Qeyd edilənlərə həm öyrədici, həm də öyrənən prizmasından baxdıqda asanlıqla görmək olur ki, istənilən oxucunu kitabda idarəçilik məsələlərinə kompleks yanaşma və peşəkar münasibət müşayiət edir.

Dövlət idarəçiliyinin özünün dövlət anlayışının mahiyyətindən bilavasitə asılı olduğunu nəzərə alan müəlliflər dövləti bütün hakimiyyətin mərkəzləşdiyi subyekt kimi deyil, idarəetmə prosesinin iştirakçısı, tərəflərdən biri kimi göstərərək onu idarəetmənin əsas amili qismində təlqin edirlər. Dövlət cəmiyyətin inkişafında icraçı deyil, bu inkişafa müvafıq şərait yaratmağa məsul subyekt rolunda çıxış edir ki, digər idarəçilik və inkişaf parametrləri bilavasitə bundan asılı olurlar. Bu baxımdan dövlətdə hakimiyyətin bölünməsi, qanunverici, icra və məhkəmə hakimiyyətinin fəaliyyətindəki ümumi prinsiplər və fərqli cəhətlərin sərf-nəzər edilməsi, onlara sistemli və kompleks yanaşma ilə bərabər, həm də məntiqi yanaşmaqla real vəziyyətin daha dəqiq aşkarlanması müvafıq mövzularda verilən nəzəri bilginin dərindən və asanlıqla mənimsənilməsinə yardımçı olur.

Göstərilən məsələlərin həyata keçirilməsində və onların səmərəliliyinin yüksəldilməsində dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının xüsusi mövzu kimi təqdim edilməsi də müəlliflərin qarşıya qoyduqları məqsədə nail olmalarına kömək göstərib. Inzibatçılığın, bürokratik davranışın analitik və demokratik münasibətlər əsasında yaradıcı ünsiyyətə çevrilməsində dövlət qulluqçusunun müvafıq hazırlıq və peşəkarlıq səviyyəsinə çatdırılmasının və malik olmasının xüsusi önəm daşıdığı həlledici şərt olduğu bu məsələlərə aid mözularda əhatəli şərh edilmiş və əsaslandırılmışdır. Kitabda dövlət qulluğuna qəbulun xüsusi sisteminin yaradıldığı, onların təsnifləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi, bu məqsədlərə nail olmaq üçün xüsusi komissiyanın və ali təhsil müəssisəsinin (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının) yaradıldığının müsbət tərəfləri araşdırılır və onların fəaliyyətinin dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar üçün gərəkli vasitə olduğu əsaslandırılır.

Dövlət qulluğunun müvafiq xidmət növünün istehsalı və reallaşmasına səbəb olacaq əmək fəaliyyətinin bir forması kimi özünəməxsus təşkili, pedaqogikası və psixologiyası olduğunun aşkarlanması dərsliyin eyni zamanda praktiki əhəmiyyət kəsb etməsinə də dəlalət edir.

Dərslikdə dövlət idarəçiliyində hüquq, onun cəmiyyət üzvləri arasında münasibətlərin tənzimləmə vasitəsi olması, mənəviyyatla hüququn qarşılıqlı əlaqəsi, hüquqi nəzarət, etik nəzarət və ictimai nəzarətin idarəçilikdə, xüsusilə dövlət idarəçiliyində istifadə olunması və əhəmiyyəti barədə uğurlu mövzular da yer alıb ki, bu da onun eyni zamanda lazım olduqda bir dərs vəsaiti kimi də istifadə edilə bilməsini asanlaşdırır.

Belə bir dərsliyin hazırlanması ilk təcrubə olduğundan bəzi çatışmayan cəhətlər də mövcuddur. Fikrimizcə, mündəricat kitabın əvvəlində verilsəydi, ondan istifadəni daha münasib edər, hər hansı mövzunun tapılmasını asanlaşdırardı. Digər tərəfdən dərsliyin hazırlanmasında istifadə edilən ədəbiyyat siyahısının verilməməsi istifadəçinin axtarış imkanlarını məhdudlaşdırır və bu istəyin reallaşdırılmasını çətinləşdirir. Dərsliyin ayrı-ayrı fəsilləri müxtəlif müəlliflər tərəfindən yazıldığından kitabda üslub müxtəlifliyi də hiss olunur. Lakin deyilənlər onun elmi-pedaqoji dəyərinə və əhəmiyyətinə elə də ciddi xələl gətirmir. Dövlət idarəçiliyinin Azərbaycan təcrübəsinin və onun nəzəri-elmi əsaslarının öyrənilməsi üçün bu kitab mötəbər mənbə kimi çox qiymətli bir vasitədir.

Dərsliyin baş redaktoru əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun yazdığı ön sözdə deyildiyi kimi, "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi konsepsiyası cənab Prezident İlham Əliyev tərəfindən bu gün böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir".

Fikrimizcə, bu kitab nəinki tələbələrə və elmi işçilərə faydalı olacaq, eyni zamanda, hazırda dövlət idarəçiliyində çalışan kadrlar üçün də gərəkli istinad yeri, təkmilləşmə, müasirləşmə mənbəyi ola bilər. Bu isə ölkənin idarə olunmasında, ümumiyyətlə, idarəetmədə yekcinsliyin təmin olunması, idarəedənlərlə idarəolunanların eyni "dildə" danışması üçün çox vacib şərtdir.

 

 

Rauf HACIYEV,

Azərbaycan Respublikası Milli

Məclisi Aparatının şöbə müdiri,

3-cü dərəcəli dövlət müşaviri

 

Cahangir QOCAYEV,

Azərbaycan Respublikası Dövlət Şəhərsalma

və Arxitektura Komitəsinin şöbə müdiri, dövlət

qulluğunun müşaviri, Azərbaycan Respublikası

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi

 

Azərbaycan.- 2010.- 25 may.- S.  14.