İnqilab dəllalları - Parvus və Lenin

 

Avstriyada bir tarixçi qadın var, adı Elizabet Xereşdir. Vyana şəhərində yaşayan bu xanımı tarixçilər yaxşı tanıyırlar. Almaniyanın Leninə milyonlarla marka xərc çəkməsini sübuta yetirən nadir sənədi xanım Xereş aşkara çıxarmışdır. Almaniya Xarici İşlər Nazirliyinin arxivində 20 mindən artıq məxfi sənəd saxlanılır. Həmin sənədlərin arasında Almaniya Xarici İşlər Nazirliyinin diplomatları ilə neytral ölkələrin - İsveçrənin, Danimarkanın, İsveçin səfirləri arasında məxfi teleqramlar da var. Həmin sənədlər Rusiyada inqilab hərəkatının kənardan hazırlanmasını sübuta yetirən məxəzlərdir. Xanım Xereşin həmin sənədlər arasında tapdığı bir sənəd Rusiyada inqilab hazırlanması barədə memorandumdur.

 

9 mart 1915-ci il tarixli həmin memorandumun müəllifi Parvus (latınca balaca deməkdir) soyadlı bir yəhudidir. Əsl soyadı İzrail Lazareviç Gelfanddır.1867-ci ildə Minsk yaxınlığında yəhudi ailəsində doğulub, Odessada boya-başa çatmışdı. Təhsil almaq üçün Odessadan İsveçrəyə getmişdi. Parvus hələ gənc yaşlarından qarşısına belə bir məqsəd qoymuşdu: Rusiyada çar hakimiyyətini devirmək və zəngin adam olmaq.

O, ilk milyonlarını Türkiyədə qazanmışdı. Türkiyəyə getməyinin səbəbi isə "Gənc türklərin inqilabi hökumətinə dəstək vermək" idi. Trotski "Kiyevskaya mısl" qəzetinin rəhbərləri ilə razılıq əldə etdikdən sonra Parvusa Türkiyə və balkanlar haqqında bir sıra məqalələr yazmağı da sifariş vermişdi. Parvus İstanbulda yaşadığı ilk vaxtlarda özünü ağıllı, lakin kasıb jurnalist kimi qələmə verirdi. Parvus sonralar yazmışdı: "Mən özümü son dərəcə ehtiyatla aparırdım ki, ayaqqabımın dəlmə-deşiklərini heç kim görməsin". Sonralar, yəni 1912-ci ildə kasıb jurnalist hiyləgərlik yolu ilə zəngin adama çevrilmiş, geniş əhatəli taxıl taciri olmuşdu. Türkiyə paytaxtına taxıl göndərilməsi işləri Parvusun əlində cəmlənmşdi. O həm də dəmir yollarının modernləşdirilməsi ilə məşğul olmağa başlamışdı. Bir sıra bankların və maliyyə şirkətlərinin şərikinə çevrilmişdi. O, Türkiyənin rəsmi dairələrinin nümayəndələri ilə sıx əlaqə yarada bilmişdi, Türkiyədə milli hərəkatı və gənc türklərin qəzetini maliyyələşdirirdi. Birinci Dünya müharibəsi başlananda Parvus bütün diqqətini ərzaq və silah satışına, dövlət sifarişlərinin reallaşdırılmasına yönəltmişdi. O, strateji planda Almaniyanın və onun müttəfiqlərinin xeyrinə və Rusiya mütləqiyyətinin ziyanına birmənalı seçim etmişdi. Ona görə ki, Rusiya mütləqiyyətini Avropa sosializmi üçün başlıca təhlükə hesab edirdi. Rusiyada inqilaba hazırlıq və onun maliyyə təminatı proqramını da İstanbulda işləyib hazırlamışdı. Tarixçi alimlərin yazdıqlarına görə, əgər Parvus və alman pulları olmasaydı, Rusiyada Oktyabr inqilabı (Oktyabr çevrilişi) baş tutmazdı.

Parvusun Rusiyada inqilab barədə planı 20 səhifəlik mətndən ibarət idi. O, proqramında Rusiyanı Almaniya ilə müharibədən necə kənarlaşdırmaq yollarını müfəssəl göstərmişdi. Parvus başa düşürdü ki, istənilən nəticəni almaq üçün separatçıların və inqilab təbliğatçılarının birgə səyi gərəkdir. Məqsədini həyata keçirmək üçün Almaniyanın hökumət dairələrinə yol axtarırdı. Nəhayət, istəyinə çatdı. Maks Tsimmer adlı birisi ilə tanış olandan sonra ondan Almaniyanın Türkiyədəki səfiri fon Vangenxaym ilə görüşməsinə imkan yaratmasını xahiş etdi. Görüş 1915-ci il yanvar ayının 7-də baş tutmuşdu. Parvus görüş zamanı Almaniya səfirinə demişdi: "Almaniya hökumətinin maraqları rus inqilabçılarının maraqları ilə üst-üstə düşür. Almanlar Rusiyanın müharibədən kənarlaşdırılması məqsədilə çar mütləqiyyətinin tam devrilməsi və Rusiyanın ayrı-ayrı dövlətlərə parçalanması şəraitinə çata bilərlər. Əgər Rusiyada inqilab baş verməsə, Almaniya tam uğur qazana bilməz. Almaniya qələbə çalacağı təqdirdə əgər Rusiya imperiyası ayrı-ayrı müstəqil dövlətlərə parçalanmasa, yenə də Almaniya üçün təhlükə mənbəyi olaraq qalacaqdır". Rus sosial-demokratlarının inqilabın çox tutarlı qüvvəsinə çevrilə bilməsindən ötrü onların birləşməsi vacib şərtdir. Rus sosial-demokratlarının birləşdirici qurultayını keçirmək üçün külli miqdarda maliyyə vəsaiti lazımdır.

Bir gündən sonra, yanvarın 8-də fon Vangenxaym Almaniya Xarici İşlər Nazirliyinə şifr-teleqram göndərmişdi. Teleqramda Parvus ilə söhbət barədə müfəssəl məlumat verilmiş, səfir Parvusun ideyalarını, yəni Rusiyanın müharibədən inqilab yolu ilə kənarlaşdırılması ideyasını dəstəklədiyini bildirmişdi. Yanvarın 10-da Xarici İşlər Nazirliyinin dövlət katibi Qotlib fon Yaqov Baş qərargaha göndərdiyi teleqramda yazmışdı: "Doktor Parvusu Berlində qəbul edin". Parvusun doktor elmi adı yox idi. O, soyadının təmtəraqlı görünməsi xatirinə özünü doktor Parvus adlandırmışdı. Parvusun geniş proqramının bəzi məqamları ilə tanış olmağına dəyər:

- Rusiyanın silah zavodlarında, dəmir yollarında "Azadlıq və sülh" şüarı ilə Peterburqdan idarə olunan kütləvi ümumrusiya tətilinin təşkil edilməsi;

- böyük mərkəzlərin təchizatının iflic vəziyyətinə salınması, cəbhə xəttinə qoşun, silah-sursat daşınmasını əngəlləmək üçün dəmir yolu körpülərinin partladılması və bununla da ölkə daxilində kütləvi iğtişaşlara rəvac verilməsi;

- İsveçrədəki aparıcı rus sosal-demokratların konqresinin hazırlanması. Bu konqresdə çarizmə qarşı mübarizənin vahid iş proqramının hazırlanması;

- liman şəhərlərdə (Odessada, Sevastopolda) gəmiqayırma tərsanələrində, neft emalı və neftçıxarma müəssisələrində (Bakıdan Rostova qədər) Rumıniyadan və Bolqarıstandan gətirilmiş təbliğat çap materiallarını yaymaqla fəhlələr arasında təbliğat aparılması;

- regionlarda siyasi şüarlarla üsyanlar təşkil edilməsi, neft depolarının yandırılması;

- xaricdəki rus nəşrlərinin və yerli partiya qəzetlərinin dəstəklənməsi, mətbu vasitələrilə hər yerdə çarizmə qarşı ovqat yaradılması.

- RSDP-nin hökumətin devrilməsi və tez bir zamanda sülh müqaviləsi bağlanması şüarının dəstəklənməsi.

Fevral ayının sonunda Parvusu Almaniya Xarici İşlər Nazirliyində dövlət katibi Yaqovun qəbulunda Müdafiə Nazirliyinin nümayəndəsi - reyxkansler tərəfindən vəkil edilmiş Rizler soyadlı birisi də iştirak etmişdi. Söhbət protokollaşdırılmamışdı. Lakin bundan sonra Parvus mart ayında özünün 20 səhifəlik memorandumunu - Rusiyada mütləqiyyətin yıxılması və ölkənin bir neçə dövlətə parçalanması barədə müfəssəl planını Almaniya Xarici İşlər Nazirliyinə vermişdi. Parvus memorandumun aşağıdakı maddələrin - 1. Çarizmə qarşı bütün vasitələrlə mübarizə aparan çoxluğun sosial-demokrat fraksiyasını dəstəkləmək, onun liderlərini İsveçrədə axtarıb tapmaq...E5. Rus sosial demokratiyasının nümayəndələrini Stokholmda axtarmaq və onların səylərini dəyərləndirmək məsələlərinə xüsusi diqqət yetirilməsinə təkid edirdi. Çünki onlar çarizmə qarşı ciddi və birbaşa mübarizə aparmaqdan çəkinmirlər.

Gelfand 1915-ci il mart ayının ortalarında Almaniya hökumətinin Rusiyada inqilabi hərəkat məsələləri üzrə məsləhətçisi təyin edilmişdi. Onun vəzifəsi Avropa sosialist ölkələrinin çarizm rejiminə qarşı birləşmiş cəbhəsini təşkil etməkdən və Rusiyada ölkənin iflasını sürətləndirməkdən ötrü məğlubiyyətçilik görüşlərini genişləndirmək, tətillər və sabotajlar təşkil etmək məqsdilə sosialist təşkilatlarına maddi yardım göstərmək idi. Parvusa martın sonunda Rusiyada inqilabi təbliğatı dəstəkləmək üçün avans olaraq ilk bir milyon marka (indiki qiymətlə 10 milyon marka) vəsait verilmişdi. Həmin pullar Parvusun xahişi ilə Buxarestin, Sürixin, Kopenhagenin bank hesablarına köçürülmüşdü. Parvusun Kopenhagendə açdığı kommersiya imperiyası ticarət əməliyyatları, o cümlədən Almaniyaya, Rusiyaya, Danimarkaya və digər ölkələrə kömür, metal, silah satışı üzrə qeyri-qanuni sövdələr həyata keçirirdi. Parvus əldə etdiyi böyük gəlirləri Rusiyada yatırdır, ya da başqa ölkələrə köçürürdü. Həmin gəlirlərin böyük hissəsini bütün dünya üzrə kütləvi informasiya vasitələri yaradılmasına sərf edirdi. Parvusun fikrincə, kütləvi informasiya vasitələri bütün dünya, o cümlədən Rusiya əhalisini çar hökumətinə qarşı mənfi əhval-ruhiyyəyə kökləməli idi.

Parvus alman xəzinəsindən iki milyon marka avans aldıqdan sonra ilk təşəbbüsü Bernə gedib Leninlə görüşmək olmuşdu. Məqsədi Lenini öz planlarının icrasına qoşmaq idi. Lakin Lenin bir hüquqşünas kimi ehtiyatlı davranmaq istəmişdi. O, səbatsız Parvusla özünün həmkarları vasitəsilə əlaqə saxlamağa üstünlük vermişdi. Parvusun ipinin üstünə odun yığmağın mənasız iş olduğunu, hər şeyi pula satmağa hazır olduğunu bilirdi.

Lenin Rusiyada hakimiyyəti inqilab yolu ilə ələ keçirmək perspektivinə inanmadığı üçün inqilab etmək niyyətindən daşınmaq fikrinə düşmüşdü. O, bu barədə dostlarına və arvadına da yazmışdı. Hətta yaşamaq üçün Amerikaya köçmək istəyində olduğunu da bildirmişdi. Tale elə həmin dövrdə Parvusu onun şirnikləndirici təklifləri ilə Leninin yanına göndərmişdi. Bununla da Leninin daxilində növbəti dəfə böyük ümid qığılcımı parlamışdı. Lenin Parvusa rəsmi olaraq "Mən sizinlə işləyəcəyəm" deməsə də, gizli razılaşmaya əsasən və vasitəçilərdən istifadə yolu ilə fəaliyyət göstərmək barədə razılıq əldə edilmişdi. Memorandum Almaniyanın hakim dairələri tərəfindən bəyənildikdən sonra, Xarici İşlər Nazirliyi Parvusun Prussiyada araçıların köməyi ilə fəaliyyət göstərməsinə qadağa qoyan 1893-cü il tarixli sərəncamı da ləğv etmişdi. Beləliklə də o, Prussiya vətəndaşlığını almışdı. Onun "Görəsən, vətəni harada daha ucuz qiymətə almaq olar?" məşhur sualına da cavab tapılmışdı. Varlı, lakin vətənsiz Parvus hansısa bir ölkənin vətəndaşı olmaq arzusu ilə yaşayırdı. Nəhayət ki, Parvusa, yəni Gelfanda Almaniya pasportu verilmiş və onun fəaliyyətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılmışdı. Parvus inqilab sifarişçilərini inandırmağa çalışırdı ki, Rusiyada inqilabla əlaqədar hadisələr 1916-cı ilin baharında baş verəcəkdir. Onun fikrincə, həmin vaxta qədər Rusiya daxildən və xaricdən təşkil olunmuş dağıdıcı hadisələr nəticəsində o qədər zəifləyəcək ki, özü sülh bağlanmasını istəyəcək. Amma Parvus bir sıra vacib halların mövcudluğunu nəzərə almamışdı. İmperator II Nikolay ölkədə yaranmış situasiyanı nəzarətdə saxlamaq iqtidarında idi. Bundan savayı, hərbi əməliyyatların neqativ tərəfləri ilə bərabər, pozitiv tərəflərinin mövcudluğunu - xalq arasında vətənpərvərlik ovqatının gücləndiyini də nəzərə almağı unutmuşdu. Parvus bir məqamda da səhvə yol vermişdi. O düşünürdü ki, çarizmlə mübarizəni gücləndirmək üçün bütün sol partiyaların birləşməsi gərəkdir. Lenin isə bolşeviklərdən savayı heç bir digər inqilabi qüvvəni saya almırdı. O, düz fikirləşirdi. Ona görə ki, bir çox sol təmayüllü partiyalar nəticədə patriotik mövqedə dayanmışdılar və əsgərləri müharibəni qalibiyyətlə başa çatdırmağa çağırırdılar. Almanların pulu ilə ram edilmiş bolşeviklər məğlubiyyətçilik mövqeyində idilər. Leninin imperialist müharibəsini vətəndaş müharibəinə çevirmək şüarı Parvusun proqramından irəli gələn şüar idi. Ancaq bolşeviklər 1918-ci ildə separat sülh şərtlərini irəli sürə bilərdilər. Separat sülh şərtlərinə əsasən, Almaniyaya Rusiyanın geniş ərazisi təslim edilməli idi. Parvus uzun müddət Rusiyada olmadığına görə inqilabçıların kütlələri ayağa qaldırmağa qadir olduğunu qədərindən artıq dəyərləndirmişdii. Parvusun yanılmaları onun Rusiyanın dağıdılması biznes-planını xeyli bahalaşdıra bilərdi. O, 5-10 milyondan danışdığı halda son nəticədə məbləğ 10 milyon marka (indiki pulla milyard alman markası) təşkil etdi. Parvus ancaq alman pullarına nəzarət edə bilirdi. O, həmçinin Amerikdan da böyük dəstək alırdı. Lenin Rusiyaya onun süqutu üçün lazım idi. Digər partiyalar heç vaxt təslimçilik sülh şərtlərini imzalaya bilməzdi. Lenin həmin sülhü "Biabırçı sülh" adlandırmışdı. 1917-ci ilin aprelində Parvus alman diplomatı Brokdorf kurt Rizlerdən öyrəndi ki, rus sosialistlərinin iki qrupu Parvusun iştirakı olmadan İsveçrədən Almaniya vasitəsilə Rusiyaya getmək niyyətindədir. O, dərhal Almaniya Xarici İşlər Nazirliyinə xəbər verdi ki, rus emiqrantlarını İsveçdə qarşılamağa hazırlaşır. Parvusun həmin görüş zamanı Almaniya sosial-demokratlar partiyasının rəhbərlərindən heç olmasa birini - ya Eberti, ya Şeydemanı, yaxud da Bayyeri tovlayıb görüşə çağırmaq cəhdi baş tutmadı. Lakin Parvus həyatında ilk dəfə olaraq onlardan mandat ala bildi. Həmin mandat Parvusun ASDP-nin icraiyyə komitəsi adından danışıqlar aparmaq hüququnu təsdiq edən sənəd idi. Parvusun əsas məqsədi Leninlə görüşmək istəyini reallaşdırmaq idi. Parvus Leninlə ilk dəfə 1896-cı ildə görüşmüşdü. 1889-cu ildə Parvus gizlin Rusiyaya gedib rus sosialistləri ilə xaricdə qəzet nəşri planını müzakirə etmişdi. Bundan sonra Parvus Münhenə köçmüşdü. 1900-cü ildə Bavariya paytaxtına əvvəlcə Lenin və Potresov, sonra isə Martov da gəlmişdi. Görüş zamanı Parvus rus inqilabçılarını inandırmışdı ki, qəzetin nəşrinə məhz Münhendə başlamaq lazımdır. Noyabr ayında "İskra"nın papiros kağızında birinci nömrəsi Münhendə buraxılmışdı. Parvus yaşadığı Şvabinq rayonundakı mənzilində gizli mətbəə düzəltmiş və oraya həmin dövr üçün müasir sayılan avadanlıq da qoymuşdu. Mətbəədəki çap dəzgahının naboru dərhal dağıda bilən qurğusu da var idi. Bu, polisin mətbəəyə basqın edə biləcəyi təqdirdə kara gələ bilərdi. Həmin dəzgahda "İskra"nın papiros kağızında səkkiz nömrəsi buraxılmışdı. "İskra"nın redaksiya heyəti 1902-ci ilin əvvəlinə kimi Münhendə qalmışdı. O vaxtlar Parvusla Lenin arasında fikir ayrılığı yox idi. Parvus qəzetlər üçün alman sosialist hərəkatı haqqında məqalələr yazmağa razılıq vermişdi və rus sosialistlərinin gənc nəslini alman inqilabçıları ilə tanış edirdi.

Bir sıra görkəmli rus inqilabçıları üçün Parvus Avropa sosializmi məsələləri üzrə bir növ rəhbər şəxsiyyətə çevrilmişdi. Parvus Lenin və Krupskayanın müntəzəm görüşdükləri yeganə alman sosialisti idi. Lenin və Krupskaya Parvusla müntəzəm görüşmək xatirinə Münhenin Parvus yaşayan Şvabinq rayonuna köçmüşdü. Parvus ilə 1904-cü ildə tanış olan Lev Trotski ilə onun arasında sıx dostluq əlaqələri yaranmışdı. Trotski arvadı Natalya Sedova ilə hətta Parvusun Şvabinq rayonundakı mənzilində yaşamışdılar. Parvusun ideyaları daha gənc və siyasi baxımdan təcrübəsiz Trotskinin fikirlərinə müəyyən müddət hakim kəsilmişdi. Parvusun kapitalizmin universal sistemə çevrilməsi, milli dövlətlərin əhəmiyyətinn kiçildilməsi haqqında, burjuaziyanın və proletariatın maraqlarının həmin dövlətlərin maraqları çərçivəsindən eyni bir vaxtda kənara çıxması haqqında fikirlərini Trotski qeyd-şərtsiz qəbul edirdi.

Parvus Almaniyada yaşayarkən çox böyük sürətlə partiya jurnalisti və alman sosial demokratiyasının tanınmış nəzəriyyəçisi kimi ad çıxarmışdı. XIX əsrin 90-cı illərinin sonunda ASDP-nın bütün siyasi diskussiyalarının fəal iştirakçısı kimi tanınırdı. O, Drezdendə nəşr olunan "Saksoniya" fəhlə qəzetinin baş redaktoru təyin ediləndən sonra fəaliyyət imkanlarını daha da genişləndirmişdi. Həmin qəzetdə Eduard Bernşteynin opportunizminə qarşı məşhur məqalələrinin dərc edilməsi Parvusa Avropa şöhrəti qazandırmışdı.

Parvusun fikirlərini xüsusilə Avropa sosialistlərinin gənc nəslinin nümayəndələri yüksək qiymətləndirmişdi. Karl Radek 1924-cü ildə Parvusun jurnalistikasını belə dəyərləndirmişdi: "Onun redaktorluğu ilə dərc olunan bu qəzet ("Saksoniya fəhlə qəzeti") gündəlik inqilabi marksist qəzetində Marks və Engelsdən sonra ilk dəfə olaraq dünya hadisələrinə, həqiqətən də, marksist izah verilmiş qəzet idi.

Parvus gününü başqalarının hesabına eyş-işrətdə keçirməyi xoşlayan adam idi. Buna görə də həmişə pula ehtiyac içində yaşayan Parvus 1902-ci ilin yayında "Slavyan və şimal ədəbiyyatı nəşriyyatı"nı təsis etmişdi. Parvusun işbazlıq ideyası onun zəngin adama çevrilməsinə səbəb olmalı idi. Həmin ideya Rusiyanın 1896-cı il Bern konvensiyasını imzalamamasına əsaslanırdı. Rus müəllifləri bu konvensiyanın müdafiəsindən kənarda qaldığına görə öz əsərlərini sərbəst olaraq xaricdə çap etdirə və heç bir məbləğ ödəməyə bilirdilər. Parvus rus müəlliflərinin əsərlərini kiçik tirajla nəşr etməyi məsləhət görürdü ki, onların müəlliflik hüquqlarının Qərbi Avropada müdafiəsi mümkün olsun. Parvusun öz xeyrini güdən nəşriyyatçılıq tədbiri Maksim Qorki ilə "Həyatın dibində" pyesinin tamaşaya qoyulmasına razılığ barədə müqavilə bağlaması oldu. Parvus 1902-ci ildə Qorki ilə görüşmək üçün Rusiyaya getmiş və Sevastopolun dəmir yolu stansiyasında yazıçı özünün Qərbi Avropada hüquqlarını qorumaq səlahiyyətini Parvusa həvalə etmişdi. Parvus pyesin tamaşasından gələn gəlirlərin 20 faizini almaq hüququ RSDP-yə qazanmışdı. Qorkiyə pul qalığının dörddə biri, yerdə qalan hissəsi çatmalı idi. Lakin nə Qorki, nə də RSDP acgöz Parvusdan 1 qəpik də olsun ala bilməmişdilər. Onlar 1905-ci ildə Parvusdan hesab tələb etdikdə qalmaqal baş vermişdi. Yazılanlara görə, pulları Avropa kurortlarında Klara Setkin ilə kefə xərcləmişdi. Sonralar Parvus Qorkiyə olan borcunu hissə-hissə qaytarmışdı.

Almaniyanın Maliyyə Nazirliyi xarici işlər nazirinin istəyi ilə Parvusa Rusiyada siyasi məqsədlərlə xərclənməsi üçün 5 milyon marka ayırmışdı. Berlindən yenidən Stokholma gedən Parvus Mərkəzi Komitənin xarici ölkələr üzrə bürosunun üzvləri Radek, Vorovski və Fürstenberq-Qanetski ilə daimi əlaqə yarada bilmişdi. Almaniya pulları onların vasitəsilə Rusiyanın bolşevik kassasına axıdılırdı. Lenin Petroqraddan Fürstenberq-Qanetskiyə göndərdiyi məktublarında elə hey yazırdı: "Biz hələ ki, sizdən pul ala bilməmişik". Əslində isə Leninin 50 milyon qızıl alman markası alması barədə məlumat var idi. Lenin çirkli pullara, quldurluq, banklara silahlı basqın yolu ilə əldə edilən pullara həqarətlə baxmırdı. Yeri gəlmişkən, Lenin Rusiyanın bəzi liberal ovqatlı zəngin S.T.Morozov və N.P.Şmidt kimi burjuyların pul yardımından da məmnuniyyətlə istifadə edirdi. Hətta dövlətli qadınlarla pul xatirinə izdivaca girən bolşevik məşuqlar da var idi. Toxuculuq maqnatının sahibi Savva Timofeyeviç Morozov bolşevik partiyasının xəzinəsinə sevgilisi - aktrisa Mariya Fyodorovna Yurkovskaya-Andreyevanın təkidi ilə maliyyə yardımı göstərirdi. Mariya Timofeyevna eyni zamanda Leninlə sıx əlaqədə olan proletar yazıçısı A.M.Peşkovun - Qorkinin məşuqəsi idi. Lenin bu aktrisanı nəvazişlə "Yoldaş fenomen" - deyə çağırırdı. Onun RSDP-yə qəbuluna yardım göstərmişdi. Morozov qohumları tərəfindən iş qabiliyyətini itirmiş şəxs elan olunandan sonra məşhur terrorist Leonid Borisoviç Krasin Morozovun guya ki, özünü öldürdüyünə adamları inandırandan sonra aktrisa Andreyevanın köməyi ilə Lenin partiyasının büdcəsini Morozovun sığorta polisi hesabına 60 min manat artırmışdı. Morozovun çox zəngin qohumu fabrikant Nikolay Pavloviç Şmitdin varidatına sahib çıxmaq üçün bolşeviklər onu türmədə ikən qətlə yetirmişdilər. Sonralar Leninin doktrinasını yerinə yetirən bolşevik Mərkəzinin üzvü Viktor Taratuta (Vasili Fyodoroviç Lozinski) Şmitdin həddi-buluğa çatmamış bacısı Yelizavetanın varislik payına sahib çıxmaq üçün onun məşuqu olmuşdu. Sosial-demokrat Leninlə söhbəti zamanı Taratutanı islaholunmaz yaramaz adlandırmışdı. Bu fikir ilə razılaşmayan Lenin demişdi: "Taratuta yaxşı adamdır. Ona görə ki, heç bir şeydən çəkinmir. O, əvəzolunmaz adamdır. Bizim üçün yeri gələndə yaramaz adam da faydalı ola bilir". İfrat amorallıq İliçin özünə də xas idi. O deyirdi: "Biz əbədi əxlaqa inanmırıq. Kommunist mənəviyyatının özülündə kommunizmin möhkəmlənməsi və başa çatdırılması uğrunda mübarizə durur". Digər bir bolşevik qəhrəman məşuq Nikolay Adamoviç Andrikanis Lenindən Şmitdin digər bacısı Yekaterinanı da yoldan çıxarmaq kimi bolşevik tapşırığı almışdı. Andrikanis doğrudan da qıza vurulmuş və evlənmişdi. Çoxlu pul onu şirnikləndirdikdən sonra Andrikanis dərhal burjuaya çevrilərək dünənki həmfikirləri ilə zəngin varidatını bölüşdürmək istəməmişdi. Qəzəblənmiş bolşeviklər onu və qohumlarını özlərinə məxsus üsulla - ölümlə hədələmişdilər. Nəticədə Andrikanis arvadının varidatının bir hissəsini "xalqın xoşbəxtliyi uğrunda mübarizlər"lə bölüşməyə məcbur olmuşdu.

Tayı-bərabəri olmayan yaramaz Taratuta Şmitdin 15 yaşlı qardaşına təzyiqlər hesabına onun qanuni vərəsəliyindən imtna etməsinə nail ola bilmişdi. Taratuta Leninin yanında uşağın vəkillərinə qeyzlə demişdi: "Pulun verilməsini ləngidənləri aradan götürəcəyik". Beləliklə də bolşeviklər S.T.Morozovun və N.P.Şmitdin varidatının böyük bir hissəsini ələ keçirmişdilər.

Bolşeviklərin inqilabi fəaliyyətini rus dövlətinin tam məhvini istəyən Amerika sionistləri, əsasən də güclü mason Yakov Şiff də maliyyələşdirmişdilər. Almanların və digər dövlətlərin varlı nümayəndələrinin maliyyə vəsaiti hesabına mümkün olmuş Oktyabr inqilabı xalqlara söz azadlığı, firavan həyat, insan xoşbəxtliyi əvəzinə terror, məhrumiyyətlər, aclıq gətirdi. Millətlərin saf düşüncəli övladları Sibir çöllərində məhv edildi. "Bir adamın ölümü faciədir, milyonların ölümü isə statistikadır" sözlərini də Lenin demişdir. Tarix ədəbiyyatında xarici müəlliflər Lenini kütləvi qırğınlar manyakı, repressiv sovet diktaturasının yaradıcısı Vladimir Ulyanov Riçard Paypsın "Naməlum Lenin" kitabında bütün qəddarlığı ilə təqdim olunmuşdur. Lenin Stalinin amansız bank soyğunçusu, cinayətkar aləmdə ad çıxarmış şəxs olduğunu bilə-bilə partiyanın baş maliyyəçisi olmasına göz yummuşdu. Bolşeviklərin lideri Lenin Stalin haqqında belə fikir söyləmişdi: "Məhz o mənə lazım olan adamdır". Həm Leninə, həm də Stalinə fanatizm və qəddarlıq xas cəhətlər idi. Leninin 11 avqust 1918-ci il tarixli sərəncamında tükürpədici göstərişləri vardı: "Xalqın öz gözləri ilə görməsi üçün heç olmazsa azı 100 qolçomağı, varlını, qaniçəni asmaq, adlarını da açıqlamaq, onların bütün taxıl ehtiyatlarını zəbt etmək, dünən göndərdiyim teleqrama uyğun olaraq aralarından girov götürmək. Elə etmək lazımdır ki, xalq bütün bunları yüz verstlərlə uzaqlarda da görsün və bilsin ki, qaniçənləri necə boğurlar, hərə öz payını götürsün".

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.-  25 may.- S.  15.