Fərqlər və oxşarlıqlar

 

ABŞ və Azərbaycan fərqli və müqayisəolunmaz ölkələrdir. Məntiqlə düşünsək, iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu, inkişaf yolları tamamilə fərqli mərhələlərdən keçən, dünyanın ayrı-ayrı qitələrində yerləşən və başqa-başqa dillərdə danışan bu iki xalqı, iki dövləti müqayisə etmək çətindir.

Həqiqətən də, nəhəng super dövlətlə, müstəqilliyini yeni elan edən, azadlığın çətin və mürəkkəb yollarında ərazi bütövlüyünü bərpa etməyə çalışan, saysız-hesabsız beynəlxalq təpkilərə baxmayaraq, iqtisadiyyatını uğurla quran, regionda nüfuz sahibinə çevrilən yeni ölkəni müqayisə etməyin mənası varmı? İstənilən təhlil dəqiq rəqəmlərə söykənməli, inkaredilməz faktlarda təsdiqini tapmalıdır. Axı illik büdcəsi 10 milyardı təzə adlayan, 9 milyonluq əhalisi olan Azərbaycanı xərcləri trilyonları aşan ABŞ-la necə və hansı müstəvidə tutuşdurmaq olar?

Lakin bu müqayisə bir neçə istiqamətdə mümkündür. Daha doğrusu, ölkəmizin beynəlxalq nüfuzunun yeni dünya düzənində daha da möhkəmlənməsi üçün zəruridir. Sıravi Amerika vətəndaşı necə ABŞ ilə qürrələnirsə, biz də eləcə öz Vətənimizlə, bayrağımızla öyünürük. Vətən sevgisi əvəzi ödənilməyən sevgidir. Valideyn və övlad, ər-arvad münasibətlərində tərəflərin qarşılıqlı məsuliyyəti olur: sevirsən, əvəzində sədaqət və məhəbbət adlı mükafat gözləyirsən. Vətən sevgisinin əvəzini kimsə gözləyə bilməz, çünki Vətən özü milyonlarla vətəndaşın təmənnasız sevgilərindən zərrə-zərrə toplanaraq böyüyür, ucalır, Vətən olur.

Bu baxımdan ölkəmizin tarixində dünyanın ən güclü dövlətləri ilə müqayisə ediləsi qürur doğuran faktların olduğunu görmək çətin deyil. Tarixi sənədlərin səthi təhlili belə hər iki dünya müharibəsini Avropa və Amerika kapitalının savaşı kimi də nəzərdən keçirməyə imkan verir. Bu müharibələrin hər ikisində Avropa çökür, dağılır, Amerika isə varlanaraq super gücə çevrilir.

Azərbaycan ABŞ-dan fərqli olaraq müharibələrdən varlanmadı. Ona görə ki, o, varlı bir neft səltənəti, yağlı tikə kimi İkinci Dünya müharibəsinə qoşulan əksər dövlətlərin hədəfində idi. Bakını Hitler ələ keçirmək, ya da yerlə-yeksan etmək, Stalin isə əlində saxlamaq, ya da məhv etmək üçün son nöqtəsinədək dəqiqliklə işlənmiş planlara malik idi. SSRİ-nin Qərbdəki ən yaxın müttəfiqləri də sovet qoşunlarını bütünlükdə Qafqazdan çıxararaq, Bakı neftinə nəzarəti ələ keçirməyə cəhd edirdilər. Uzaq Yaponiya da Bakiya girməyin yollarını arayırdı. Bu nəhəng, misilsiz dərəcədə böyük və azğın müharibədə piranya balığı boyda xırda və çəlimsiz görünən yırtıcı Ermənistan isə hamıdan fərqli olaraq Azərbaycan xalqını bütünlükdə respublikadan çıxarmaq və Bakı neftinin yeganə varisinə çevrilmək üçün Stalinin personal rəqqası Mikoyanın "siyasi tərəkəməsi"ndən faydalanmağa çalışırdı.

Bütün dünya alman faşizmi üzərində qələbənin 65 illiyini qeyd edir. Planetin aparıcı kütləvi informasiya vasitələri təmsil etdikləri dövlətlərin qəddar və amansız savaşlarda əlahiddə xidmətlərini qabartmağa çalışırlar. Bununla yanaşı, qaliblərin arasında birincilik uğrunda müəyyən gərginliklər yaşanılır, qarşılıqlı ittihamlar irəli sürülür.

Yaddan çıxan, unudulan isə Azərbaycandır. Ona görə də İkinci Dünya müharibəsinə ölkəmizin maraqları prizmasından baxış həddən ziyadə vacibdir.

ABŞ-la Azərbaycanın əsas fərqlərindən biri odur ki, Birləşmiş Ştatlar bir qayda olaraq bütün müharibələrdə varlanırdısa, bizim ölkəmiz, əksinə, talanıb. Avropa bankirləri, əsasən Rotşildlər hələ Birinci Dünya müharibəsində özlərindən daha böyük sürətlə və qat-qat çox varlanan amerikalı Morqan tərəfindən sıxışdırıldı. Əvvəllər Morqana qəyyumluq edən Rotşildlər cəmi 10 il ərzində ondan asılı vəziyyətə düşdülər. Bu müharibənin əvvəlində Amerika Avropaya 6 milyard dollar borclu idisə, 1919-cu ilə vəziyyət dəyişdi və Avropa Amerikaya 10 milyard dollar borclu qaldı. Borcun böyüklüyünü təsəvvür etmək üçün bircə onu qeyd edək ki, ötən əsrin əvvəlində 1 dolların dəyəri əsrin sonundakı 100 dollara bərabər idi. 1924-1929-cu illərdə "Daues planına" əsasən Almaniya ABŞ-dan 2,5 milyard dollar (ötən əsrin sonunda dolların kursuna görə 400 milyard dollar), İngiltərədən isə 1,5 milyard dollar kredit alaraq bütün istehsalat avadanlıqlarını tam yeniləşdirib hərbi sənayeni bərpa etmək şansını qazandı. Alman sənaye konsernlərinə tam nəzarəti ələ keçirən Amerika və İngiltərə bankları iki əsas məqsədlərinə: Şərqi Avropanı fransız təsirindən qurtarmağa və SSRİ-də sənayeləşdirmənin qarşısını almağa nail olurlar. Alman bankiri Şaxt 1929-cu ildə alman sənayesinə verdiyi yekun qiymətində məmnunluqla qeyd edirdi ki, "Almaniyanın 5 ildə aldığı xarici istiqrazlar I dünya müharibəsindən əvvəlki 40 ildə ABŞ-ın aldıqları borclara bərabərdir".

Azərbaycanla faşist Almaniyasının əməkdaşlığı belə müqayisəolunmaz tarixi faktlarla zəngin deyildir. Amerikalı tədqiqatçı Ralf Epperson "Daues planını" belə qiymətləndirir: "Uoll-Stritin Almaniyaya ötürdüyü kapitalsız nə Hitler olardı, nə də ki, İkinci Dünya müharibəsi baş verərdi". Çünki 1929-cu ildə bütün alman sənayesi faktiki olaraq Amerikanın müxtəlif maliyyə-sənaye qruplarına məxsus idi. Hitler hakimiyyətə gələndə Almaniyada sənayenin ən vacıb sahələri neft emalından tutmuş aviasiyayadək (278 nəhəng firma və konsern) Amerika maliyyə kapitalının nəzarəti altında idi.

Bir çox internet resurslarında göstərilir ki, İkinci Dünya müharibəsi illərində SSRİ-yə ABŞ və İngiltərənin birlikdə göstərdikləri hərbi-iqtisadi yardım bütünlükdə sovet xalqlarının cəbhəyə verdiklərinin cəmi 4 faizini təşkil edirdi.

İkinci Dünya müharibəsində ABŞ tərəfindən Lend-liz sistemi ilə Sovet İttifaqına göndərilən hərbi və digər sursatların dəyəri 10,9 milyard dollar təşkil edirdi. Bu sistemlə göndərilən sursatlar əvəzsiz mərhəmət aksiyasının təzahürü deyildi. Lend-lizin tələbi belə idi ki, verilən texnika və materiallardan müharibə vaxtı məhv edilən, sıradan çıxarılanların dəyəri ödənilmirdi. Müharibədən sonra sıradan çıxmayan və mülki həyat üçün yararlı sayılan texnikanın tam dəyəri ABŞ tərəfindən təqdim edilən kreditlər (əsasən faizsiz istiqrazlar) əsasında tam dəyərində ödənilməli və ya təmir edilərək geri qaytarılmalı idi. Amerika, həqiqətən də, müharibədən sonra bu texnikanı geriyə tələb etdi. Lakin amerikalıların təmir etdirib geriyə daşıdıqları texnikanı gəmiyə böyük preslərin altında sıxıb tullantı metal kimi yüklədiklərindən qeyzlənən Stalin bu prosesə son qoydu. Lend-liz mərhəmət aksiyası deyildi. Artıq müharibənin sonuna SSRİ ABŞ-a 1 mln. 70 min ton neft məhsulları qaytarmış, alınmış materialların əsas dəyərini ödəmişdi və əvəzində müttəfiqlərin donanmasına dəniz limanlarında xidmətlər göstərirdi. Təbii ki, qaytarılan neft məhsullarının böyük bir hissəsi Azərbaycan nefti idi. Beləliklə, İkinci Dünya müharibəsindən sonra ABŞ yenə varlanır, biz isə əvvəlki qaydada sərvətlərimizi itirməkdə davam edirdik.

Müqayisə üçün onu da qeyd edək ki, əgər ABŞ sovet qoşunlarının yanacağa olan tələbatının 8 faizini ödəyirdisə, Azərbaycan kimi kiçik bir respublika min kilometrlərlə uzanan cəbhədə sayı milyonu keçən döyüş texnikasının və bütün nəqliyyat vasitələrinin, bir sözlə, nəhəng Sovet dövlətinin yanacağa olan tələbatının 70 faizini ödəyirdi. Bugünkü bazar qiyməti ilə bu 40 milyard dollara yaxınlaşan ciddi məbləğdir. Müharıbə illərində 75 milyon ton nert, ümumittifaq benzinin 80 faizi, liqroinin 90 faizi, maşın yağlarının 96 faizi Bakıda istehsal olunmuşdu. Əgər bu rəqəmləri neftdən hasil olan neft məhsullarının qiyməti ilə hesablasaq, daha yüksək rəqəm alarıq. Bakı neftçiləri müharibənin birinci ilində 752 quyunu istismara buraxmaq üçün 930 min metr dərinliyində quyu qazmışdılar. Sovet ordusu müharibənin birinci ilində onun üçün zəruri olan 23 milyon 541 min ton neft aldı.

Məgər dünyaya Böyük Qələbənin hansı dövlətin sərvətləri hesabına başa gəldiyini etiraf etmək çətindirmi? Belə bir xalqın ən müqəddəs torpaqları 20 ilə yaxın işğal altında qala bilərmi? Görəsən, bizə demokratiyadan dərs verən super dövlətlər Qafqazda erməni faşistlərini əzizləyib oxşadıqca, bütün dünyada faşizmin yenidən çiçəklənməsinə necə rəvac verdiklərinin fərqinə varırlarmı?

Müharibə başlayanda 3,4 milyon əhalisi olan Azərbaycanın hər beş nəfərindən biri cəbhəyə yola düşmüşdü (681 min insan). 400 min azərbaycanlı müharibədə həlak olmuşdu. Faktiki olaraq, ABŞ-ın İkinci Dünya müharibəsindəki itkiləri 400 min əsgərə bərabərdir. Azərbaycanın ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstələri yaradılmışdı. Müharibə illərində Bakıda 130 növdən artıq silah və sursat istehsal edilirdi. Leninqrad, Stalinqrad şəhərlərinə Stavropol vilayətinə və başqa şəhərlərə ərzaq, tibbi ləvazimatlar göndərilib.

Əlbəttə, bu yazının yazılmasında əsas məqsəd ABŞ-ın İkinci Dünya müharibəsində rolunu və Böyük Qələbənin qazanılmasındakı missiyasını kiçiltmək deyil. Sivil qaydalar haqların tapdanmamağını tələb edir. Amma heç bir dövlət yer üzündə faşist ideologiyasına rəvac verməsin və Qalibləri məğlubiyyətə sürükləməyə cəhd etməsin. Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki qəhrəmanlığına, bəşəri demokratik prinsiplərə sədaqətinə hörmətlə yanaşsınlar. Bizim Qələbəyə verdiyimiz töhfəyə təzim etsinlər.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2010.- 25 may.- S.  15.