"Aida" operasının tamaşasında
üç dövlətin
- Azərbaycan, Ukrayna və Gürcüstanın
opera ulduzları iştirak etmişlər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Ukrayna və Gürcüstanın opera ulduzlarının iştirakı ilə Cüzeppe Verdinin "Aida" operasının tamaşası olmuşdur. Tamaşada Aida partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların Ondina Otta (Sloveniya) adına Beynəlxalq müsabiqəsinin qızıl medalı və Qran-pri mükafatının sahibi Viktoriya Çenskaya ifa etmişdir.
Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Gürcüstanın xalq artistləri - Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili Radames, Eldar Qsadze isə Amonasro partiyalarını ifa etmişlər. Amneris obrazını isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva yaratmışdır.
Vokalçıların parlaq və ilhamlı ifaları, gözəl səhnə kostyumları, zəngin və monumental dekorasiyalar tamaşanın daha maraqlı və baxımlı olmasında böyük rol oynamışdır. Anşlaqla keçən tamaşada xarici diplomatik korpusun nümayəndələri, ziyalılar, jurnalistlər, televiziya kanallarının çəkiliş qrupları iştirak etmişlər.
Tamaşanın uğurla keçməsində Azərbaycanın
xalq artisti, professor Cavanşir Cəfərovun idarə etdiyi simfonik okestrin və əməkdar incəsənət
xadimi Sevil Hacıyevanın rəhbərliyi
altında xor kollektivinin də böyük əməyi olmuşdur.
Azərbaycan.- 2010.- 25
may.- S. 16.