Fərid Əliyev beynəlxalq müsabiqədə növbəti uğurunu qazanmışdır

 

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının qəhrəmanı Əsgər bəy rolunun ifaçısı Fərid Əliyev mayın 18-də Yekaterinburqa SSRİ xalq artisti V.A.Kuroçkina adına gənc opera müzikl artistlərinin III Beynəlxalq müsabiqəsində iştirak etmişdir.

Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. Bu müddət həm rus, həm Azərbaycan bölmələrində səhnələşdirilən "Şən dul qadın" (F.Leqar), "Maritsa" (İ.Kalman), "Silva" (İ.Kalman), "Çılğın Qaskoniyalı" (Q.Qarayev), "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov), "Volqalı canan" (R.Mustafayev, C.Məmmədov), "Aldın payını, çağır dayını" (V.Adıgözəlov, Anar), "O olmasın, bu olsun", "Arşın mal alan" (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edərək yaddaqalan obrazlar yaratmışdır.

Yekaterinburqda keçirilən mötəbər yarışmada Fərid Əliyevin birinci mükafata layiq görülməsi təkcə gənc aktyorun deyil, eləcə Azərbaycan mədəniyyətinin uğuru kimi dəyərləndirilməlidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  16.