2009-cu il dövlət büdcəsinin
icrası yüksək qiymətləndirildi
Mayın 25-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Deputatlar gündəliyin müzakirəsinə keçməzdən əvvəl bir sıra məsələlərə dair fikirlərini bildirdilər. İlk söz alan deputat Gülhüseyn Əhmədov bəzi şəxslərin Aran rayonlarında baş verən təbii fəlakətdən siyasi dividend qazanmağa cəhd göstərmələrinin təəssüf hissi doğurduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan hökumət komissiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində əzmlə fəaliyyət göstərir. Amma bütün bu işlərin mahiyyətini dərk etməyən bəzi qüvvələr mətbuat vasitəsilə vətəndaşları təlaş içərisində saxlamağa cəhd göstərir. Onsuz da təbii fəlakətin baş verdiyi ərazilərdə vəziyyət mürəkkəbdir. Bundan istifadə edərək ajiotaj yaratmaq və siyasi xal qazanmağa cəhd göstərmək heç bir normaya sığmır.
YAP sədrinin müavini - icra katibi, deputat Əli Əhmədov bir neçə gün bundan əvvəl separatçı Dağlıq Qarabağ rejiminin keçirdiyi "parlament seçkisi" ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, qondarma respublikanın tanınmasına cəhd göstərmək məqsədilə keçirilən bu "seçki" əslində bir daha separatçı rejimin iflasına gətirib çıxardı. Çünki dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri bu "seçki"nin heç bir hüquqi əsasının olmadığını növbəti dəfə bəyan etdilər. Bu "seçki" ermənilərin qondarma rejiminin əleyhinə çevrilməklə həm də bir daha onun dünyada tanınmadığını təsdiq etdi. Bu, təqdirəlayiq bir haldır. Amma Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməməsi bu cür qondarma seçkilərin keçirilməsinə imkanlar yaradır. Ona görə Azərbaycan ictimaiyyəti münaqişənin həlli istiqamətində səylərini daha da artırmalıdır. Azərbaycan parlamenti, deputatlarımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar beynəlxalq hüququn müəyyənləşdirdiyi normaların beynəlxalq qurumlar tərəfindən yerinə yetirilməsi üçün səylərini artırmalıdırlar.
Deputat Rüstəm Xəlilov bildirdi ki, hazırda Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin və digər aidiyyəti dövlət qurumlarının qüvvələri sel və daşqınların yaratdığı təbii fəlakətin nəticələrinin aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı intensiv fəaliyyət göstərirlər. Dövlət qurumlarının operativ və səmərəli fəaliyyətinin nəticəsidir ki, insan tələfatı baş verməyib. Buna baxmayaraq, görülən işlərə siyasi don geyindirmək istəyənlər də tapılır. Bəziləri xalqın əziyyət çəkməsindən siyasi qazanc götürməyə, yanlış ictimai rəy yaratmağa cəhd göstərsələr də, buna nail ola bilmirlər. Çünki vətəndaşlar hər şeyi yaxşı başa düşürlər.
Bu məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Kür və Araz çaylarında suyun səviyyəsi normadan xeyli artıb. Suyun bu cür artımını əvvəlcədən proqnozlaşdırmaq olmaz. Azərbaycan dövləti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlindən gələni edir, səmərəli qabaqlayıcı tədbirlər görülür. Vaxtında bu cür tədbirlər görülməsəydi, bəlkə də çoxsaylı insan tələfatı olardı. Hazırda Kür çayında suyun səviyyəsinin azaldılmasının yolları araşdırılır. Milli Məclisin Sədri müxalifətçi deputatlara dövlətin gördüyü işlərə qara yaxmaqdansa faydalı məsləhətlərlə çıxış etməyi tövsiyə etdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, dünyanın bütün ölkələrində məişət zorakılığı problemi mövcuddur. Məişət zorakılığı gizli törədildiyinə görə bəzən onun günahkarları məsuliyyətə cəlb olunmur. Azərbaycanda ənənəvi olaraq ailə münasibətləri xüsusilə qiymətləndirilir. Ölkəmizdə nikah və ailə dövlətin nəzarətindədir. Müzakirəyə çıxardığımız qanun layihəsi məhz məişət zorakılığının aradan qaldırılmasına yönəlib. Bu qanunun qəbul olunmasında məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən etmək və tənzimləməkdir. Rəbiyyət Aslanova qanun layihəsi ilə bağlı maddələr üzrə ətraflı məlumat verdi.
Müzakirələr zamanı deputat Jalə Əliyeva qanun layihəsinin mükəmməl hazırlandığını, bütün müddəaların aydın olduğunu bildirdi. Onun sözlərinə görə, məişət zorakılığının kökünü ailədə axtarmaq lazımdır. Əlbəttə, ətraf təsirlər də istisna deyil. Belə bir qanunun qəbulu məişət zorakılığının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Deputat Rafael Cəbrayılovun sözlərinə görə, məişət zorakılığı insan hüquqlarının pozulmasının spesifik formasıdır. Əgər zorakılıq varsa, dövlət buna qarşı özünün hüquqi iradəsini ortaya qoymalıdır. Bunun qanun formasında olması çox vacibdir. Müzakirə etdiyimiz bu layihənin ən mühüm cəhətlərindən biri məişət zorakılığının məhz insan hüquqlarının pozulması kimi nəzərə alınmasıdır. Bu qanun layihəsinin qəbulu ölkəmizdə qanunçuluğun daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Deputat Gülər Əhmədovanın bildirdiyinə görə, zorakılıq qurbanlarının deyil, zorakılığı törədənlərin reabilitasyia mərkəzlərinə göndərilməsi məqsədəuyğun olardı. Çünki zorakılıq qurbanlarının reabilitasiya mərkəzlərinə göndərilməsi ilə onların hüquqları ikinci dəfə pozulur. Deputat qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bu məsələyə baxılmasını təklif etdi.
"Bu qanun layihəsi həyatın reallıqlarından yaranıb" deyən deputat Elmira Axundovanın qənaətincə, məişət zorakılığı yalnız qadınların hüquqlarının pozulması kimi başa düşülməməlidir. Düzdür, məişət zorakılığından ən çox əziyyət çəkən qadınlardır. Amma zorakılığa məruz qalanlar arasında uşaqlar və qocalar da var. Elmira Axundova məişət zorakılığının qarşısının alınmasında mətbuatın maarifləndirici rolunu nəzərə alaraq, layihəyə media ilə bağlı müddəanın salınmasını təklif etdi.
Deputat Siyavuş Novruzovun sözlərinə görə, layihənin ümumi fəlsəfəsində ağırlıq daha çox qadınların üzərinə düşür. Amma kişilər də məişət zorakılığının qurbanı olur. Ona görə layihənin mahiyyətində bu, öz yerini tapmalıdır. Siyavuş Novruzov onu da qeyd etdi ki, bəzən Avropa Şurasının və ATƏT-in üzvü olan dövlətlərin parlamentlərində məişət zorakılığına yol açan qanunlar qəbul olunur. Parlament geyimlə bağlı qanun qəbul edə bilməz.
Deputat Zahid Oruc qanun layihəsi ilə bağlı bir sıra prinsipial məqamlara münasibət bildirdi. Onun fikrincə, qadınların cəmiyyətdə mövqeyinin təmin edilməsi kişilərin mövqeyinin zəiflədilməsi hesabına olmamalıdır.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bu qanun layihəsinin qəbulundan sonra cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınmasına diqqətin artacağını dedi. Valeh Ələsgərov layihənin bir neçə müddəasına texniki düzəlişlərin edilməsi ilə bağlı təkliflərini diqqətə çatdırdı.
Müzakirələrdə son olaraq çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Birləşmiş Millətlər Təşkilatının məişət zorakılığı ilə bağlı 2009-cu ilin hesabatından bəzi rəqəmləri diqqətə çatdırdı. Məlum oldu ki, hər yüz min nəfər qadına görə Finlandiyada 43, Almaniyada 37, Misirdə 35, Rusiyada 21, İtaliyada 18 qadın məişət zorakılığına məruz qalır. Azərbaycanda isə bu rəqəm 13,3 nəfərdir. Ziyafət Əsgərovun sözlərinə görə, mötəbər qurum olan BMT-nin hesabatında yer alan bu fakt göstərir ki, Azərbaycanda məişət zorakılığı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir.
Qanun layihəsi birinci
oxunuşda təsdiq edildi.
* * *
Qısa fasilədən sonra
"Azərbaycan Respublikasının 2009-cu il dövlət
büdcəsinin icrası haqqında" qanun layihəsi
müzakirəyə çıxarıldı. Layihə barədə
məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin
sədri Ziyad Səmədzadə bildirdi ki, ötən ilin
dövlət büdcəsinin icrası haqqında qanun layihəsi
və həmin il üçün dövlət büdcəsinin
icrasına dair hesabat "Büdcə sistemi haqqında"
qanuna müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən
parlamentə təqdim olunub: "Mühüm faktdır ki,
ölkədə dövlət büdcəsinin icrasının
müzakirəsi cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında
vacib hadisə kimi qiymətləndirilir. Son illər ölkəmizin
dinamik inkişafını təmin edən amillərdən
biri maliyyə imkanlarının genişlənməsi və
onlardan səmərəli istifadə edilməsi, dövlət
büdcəsinin respublikanın sosial-iqtisadi tərəqqisində
rolunun artmasıdır. Prezident İlham Əliyevin
çıxışlarında 2009-cu il üçün ölkənin
makroiqtisadi vəziyyəti barədə əsaslı məlumatlar
öz əksini tapmış, iqtisadi inkişafın prioritet
istiqamətləri, onların reallaşmasında dövlət
büdcəsinin rolu haqqında ümumiləşdirici, strateji
əhəmiyyət kəsb edən fikirlər söylənilmişdir".
Ziyad Səmədzadə onu
da bildirdi ki, 2009-cu ildə Azərbaycan qlobal maliyyə
böhranının təsirlərinə ən az məruz
qalan ölkə kimi də nüfuz qazanıb: "Bunu 2009-cu
ilin makroiqtisadi göstəriciləri, dövlət büdcəsinin
parametrləri bir daha təsdiq edir". İqtisadi siyasət
komitəsinin sədri daha sonra qeyd etdi ki, qanun layihəsi
professional şəkildə hazırlanıb, şəffaflıq
amilinə xüsusi diqqət yetirilib: "Qlobal maliyyə
böhranının iqtisadiyyata təsirinin azaldılması
üçün lazımi tədbirlər
görülüb". Qeyri-neft sektorunun inkişafının
da qənaətbəxş olduğunu bildirən Ziyad Səmədzadə
ötən il ərzində inflyasiyanın əhalinin pul gəlirlərinin
artım tempindən bir neçə dəfə
aşağı olduğunu da diqqətə
çatdırdı. Onun sözlərinə görə,
dünyanın əksər ölkələrində, o cümlədən
inkişaf etmiş dövlətlərdə ötən il
iqtisadi geriləmə yaşandığı halda Azərbaycanda
ümumi daxili məhsul 9,3 faiz həcmində artıb. Aqrar
sektorun, bütövlükdə kənd təsərrüfatının
inkişafı istiqamətində zəruri tədbirlər
görüldüyünü qeyd edən Ziyad Səmədzadə
sahibkarlığın inkişafı üçün güzəştli
şərtlərlə kredit verilişinin bu prosesdə vacib
rol oynadığını da vurğuladı. Onun sözlərinə
görə, ötən il Prezident İlham Əliyevin
müvafiq sərəncamına əsasən əhalinin 2009-cu
il oktyabrın 1-nə olan müddət ərzində
yaranmış 327 milyon manatlıq təbii qaz borcunun dövlət
büdcəsi hesabına silinməsi aztəminatlı təbəqənin
sosial müdafiəsinin güclənməsində mühüm
rol oynayıb.
Bundan sonra Azərbaycan
Respublikasının maliyyə naziri Samir Şərifov 2009-cu
ilin dövlət büdcəsinin icrası ilə bağlı
deputatlara ətraflı məlumat verdi.
Onun sözlərinə
görə, Azərbaycan üçün ötən il
Prezident İlham Əliyevin rəhbərliyi altında bazar
iqtisadiyyatına keçid prosesinin başa çatması və
sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması ilə səciyyəvi olub: "2009-cu
il Azərbaycan iqtisadiyyatı, onun idarə edilməsi,
makroiqtisadi, büdcə fiskal siyasətinin həyata
keçirilməsi üçün dinamik xarakter
daşıyıb".
Nazir onu da bildirdi ki, həyata
keçirilən qətiyyətli və çevik iqtisadi siyasət
nəticəsində qlobal maliyyə böhranının mənfi
fəsadları ölkəmiz tərəfindən uğurla dəf
edilib: "Hökumət qlobal böhranın gözlənilən
fəsadlarını əvvəlcədən nəzərə
alaraq aztəminatlı ailələrin sosial müdafiəsinə
və istehsalın sabit saxlanmasına yönələn zəruri
qısamüddətli və böhranın gələcək təsirlərinin
qarşısını almağa xidmət edən ortamüddətli
tədbirlər həyata keçirməyə başlayıb.
Görülən zəruri tədbirlər nəticəsində
Azərbaycan iqtisadiyyatı öz
dayanıqlığını nümayiş etdirib, qeyri-neft
sektorunda iqtisadi artıma nail olunub".
Maliyyə naziri daha sonra
bildirdi ki, 2009-cu ilin dövlət büdcəsinin xərcləri
12 milyard 355 milyon manat proqnoza qarşı 10 milyard 503,8 milyon
manat və ya 85 faiz icra edilib. ÜDM-də dövlət
büdcəsi xərclərinin xüsusi çəkisi 30,4
faiz təşkil etməklə 2008-ci illə müqayisədə
3,6 faiz artıb. Onun sözlərinə görə, 2009-cu ildə
dövlət büdcəsi xərclərinin 5 milyard 812,3 milyon
manatı və ya 55,3 faizi cari xərclərə yönəldilib
ki, bu da 2008-ci illə müqayisədə 323,6 milyon manat
çoxdur. 2009-cu ildə dövlət büdcəsi xərclərinin
34,1 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə
yönəldilib. Bu isə 2008-ci il üzrə müvafiq
göstəricidən 6,6 faiz çoxdur. Bütövlükdə
2009-cu il dövlət büdcəsi xərclərindən 3
milyard 584,2 milyon manat sosial təyinatlı xərclərin
maliyyələşdirilməsinə yönəldilib ki, bu da
2008-ci illə müqayisədə 626,2 milyon manat artım deməkdir.
2009-cu ilin dövlət büdcəsində cəmi 177,9 milyon
manat kəsir olub. Samir Şərifovun sözlərinə
görə, ötən ilin nəticələri Azərbaycan
iqtisadiyyatının yüksək dayanıqlı xarakter
daşıdığını göstərib.
Hesablama Palatasının sədri
Heydər Əsədov rəhbərlik etdiyi qurumun 2009-cu ilin
dövlət büdcəsinin icrasını müsbət qiymətləndirdiyini
bildirdi. Onun sözlərinə görə, dünyanın bir
sıra ölkələrində xarici borcun həcmi ümumi
daxili məhsula bərabərdir: "Azərbaycanda isə
ötən il xarici borcun həcmi ÜDM-in cəmi 7 faizinə
bərabər olub və bu, yaxşı göstəricidir".
Hesablama Palatasının sədri onu da qeyd etdi ki,
dünyanın bəzi ölkələri qlobal böhran nəticəsində
bir neçə dəfə büdcə dəyişikliyinə
getmək məcburiyyətində qalsa da, Azərbaycanda belə
hal baş verməyib və büdcə yalnız bir dəfə
təsdiq olunub. Bununla da Hesablama Palatasının sədri
büdcənin icrasının müvəffəqiyyətli
olduğunu bildirdi.
2009-cu il dövlət
büdcəsinin icrası haqqında müzakirələr
zamanı çıxış edən Milli Məclisin
deputatı Vahid Əhmədov ötən il ərzində bu
sahədə görülən işləri müsbət qiymətləndirdi:
"Nəticələr göstərir ki, Maliyyə Nazirliyi, Mərkəzi
Bank və digər müvafiq strukturlar yaxşı fəaliyyət
göstərib". Deputat Əli Məsimli isə ötən
il qlobal maliyyə böhranının zirvə nöqtəsinə
çatdığını xatırladaraq Azərbaycanın
bundan etibarlı müdafiə olunduğunu, yalnız neftin
dünya bazarlarında ucuzlaşması səbəbindən
böhranın bu sahədə təsirlərini hiss etdiyini
bildirdi. Deputat Mirkazım Kazımov ötən il qlobal maliyyə
böhranı şəraitinin mövcudluğuna rəğmən
Azərbaycanda əhalinin pul gəlirlərinin
artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini
bildirdi. Deputat Nazim Məmmədov da ötən il
üçün büdcənin icrasını müsbət
qiymətləndirərək sosial məsələlərin həllində
hər hansı problemin yaşanmadığını qeyd etdi.
O, ölkənin maliyyə imkanlarının geniş
olduğunu bildirərək sovet dövründən banklarda
qalmış əhalinin əmanətlərinin indeksləşdirilərək
bu ildən etibarən tədricən geri
qaytarılmasını təklif etdi. Deputat Elton Məmmədov
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi
inkişaf siyasətindən bəhs edərək bunun bariz
nümunəsi kimi ötən il ÜDM-in yüksək
artım səviyyəsini göstərdi. Daha sonra qanun layihəsi
səsə qoyularaq qəbul edildi və bununla Milli Məclis dünənki
işini yekunlaşdırdı.
Azərbaycan.- 2010.- 26 may.- S.
3.