Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunmuşdur

 

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyindən bildirmişlər ki, 2009-cu ildə olduğu kimi, bu il də mayın 17-26-da YUNESKO-da Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın mənəvi və maddi dəstəyi ilə təşkil edilmiş Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü münasibətilə üçüncü ənənəvi Müxtəliflik Festivalı keçirilmişdir. Bu festival Latın Amerikasından tutmuş Yaxın Şərq və Cənub-Şərqi Asiyaya qədər mədəni müxtəlifliyi əks etdirən rəngarəng tədbirlərlə yadda qalacaqdır.

Təşkilatçılar festivalın nəfis şəkildə rəsmi kataloqunu və proqramını nəşr etdirmişlər. Kataloqun "Müxtəlifliyin dostları" bölməsinin ilk səhifəsində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fotoşəkli və ölkəmizdə qeyri-maddi mədəni irsin təbliği və təşviqi sahəsindəki genişmiqyaslı fəaliyyəti barədə məlumat təqdim olunmuşdur. Məlumatda deyilir ki, Azərbaycanın birinci xanımı və onun prezidenti olduğu Heydər Əliyev Fondu qeyri-maddi mədəni irsin təşviqi, özünüifadə müxtəlifliyinin qorunması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun bu sahədə devizi belədir: Mədəni müxtəliflik bizi ayıran və fərqləndirən məsələ deyil, faktiki surətdə bütün bəşəriyyət üçün vahid gələcəyi hazırlayan, davamlılığı və yeniləşməni ifadə edən insani vəzifədir.

Fərəhləndirici haldır ki, Azərbaycan da bu ümumbəşəri bayramda fəal iştirak etmişdir. Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə mayın 19-da və 21-də festival çərçivəsində təşkil olunan iki böyük konsertdə istedadlı skripkaçı, 12 yaşlı həmyerlimiz Elvin Hoca Qəniyev fəxri qonaq qismində çıxış etmişdir. Mayın 19-da keçirilmiş "Sülh səsləri - birlik müxtəliflikdədir" adlı konsert proqramı isə həmyerlimiz, gənc skripkaçı Kamran Məmmədzadənin də daxil olduğu, o cümlədən 31 ölkəni təmsil edən 100-dən çox musiqiçidən ibarət olan Qətərin simfonik orkestri tərəfindən təqdim edilmişdir.

Mayın 21-də keçirilmiş konsert Latın Amerikası və Karib ritmlərinin müxtəlifliyinə həsr olunmuşdur. Konsertlərdə iştirak edən bir çox tanınmış sənət ustaları Elvinin çıxışını bəyəndiklərini söyləmiş və onun parlaq gələcəyinə əmin olduqlarını bildirmişlər. Həmçinin konsertdən sonra YUNESKO-nun yüksək səviyyəli rəsmiləri və bu qurumda akkreditə olan daimi nümayəndəliklərin səfirləri Azərbaycan musiqiçisinin ifasından heyrətləndiklərini bildirmişlər.

Qeyd edək ki, YUNESKO 2001-ci ildə Mədəni müxtəliflik üzrə Universal Bəyannaməni və 2005-ci ildə Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanı qəbul etdikdən sonra mayın 21-i Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü elan edilmişdir. 2008-ci ildən etibarən hər il bu tarixdə ənənəvi olaraq YUNESKO-da və dünyanın bir çox bölgələrində müxtəlif qitə və regionların mədəniyyətlərini əks etdirən konsert, sərgi və digər mədəniyyət tədbirlərindən ibarət olan Müxtəliflik Festivalı keçirilir.

 

 

Azərbaycan.- 2010.- 26 may.- S.  3.